Vedidə kürd qəbirlərini dağıdır, amma Azərbaycanda kürdlərin qeydinə qalır?

12-09-2020, 13:33 274 dəfə baxılıb

Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı vaxtaşırı olaraq etnik qruplar amilindən istifadə etməyə çalışdığı yaxşı məlumdur. Azərbaycanda müxtəlif etnik qrupların hüquqlarının pozulduğu, onların “asimilyasiyaya məruz qaldığı” barədə təbliğat erməni ideoloji xəttinin başlıca isiqamətlərindən biridir.

Bu da təsadüfi seçilməyib, çünki dünya erməniliyi Dağlıq Qarabağdakı erməni separatizminə və daha sonra Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsinə “ermənilərin hüquqlarının pozulması” bəhanəsi ilə haqq qazandırmağa çalışırlar. Hansı ki, ötən əsrin 80-ci illərinin sonlarında Qarabağda erməni separatizmini alovlandıranlardan biri-akademik Aqanbekyanın Fransa qəzetlərindən birində dərc edilmiş məqaləsi də məhz bu tezis üzərində qurulmuşdu.

Əlbətdə, bu məkrli ideologiyanın beynəlxalq ictimai rəyə yeridilməsi üçün Azərbaycanda təkcə etnik ermənilərin “hüquqlarının pozulması” bəs eləmirdi. Bu səbəbdən erməni təbliğatı vaxtaşırı olaraq digər etnik qrupları-talışları, ləzgiləri və digərlərini öz alətinə çevirməyə çalışıb. Ermənistan xüsusi xidmət orqanlarının və elmi dairələrinin Azərbaycanda talış separatizmini alovlandırmaq üçün hansı cəhdlər göstərdiyi yaxşı məlumdur. Erməni xüsusi xidmət orqanlarının bu planlarına alət olan Fəxrəddin Abbaszadənin (hazırda Azərbaycanda həbsdədir), qondarma “talış-muğan respublikasının” rəhbəri olmuş Əlikram Hümbətovun və digərlərinin xaricdən Azərbaycanda talışların hüquqlarının pozulması barədə apardığı qızğın təbliğat da buna misaldır.

Əlikram Hümbətov Yerevan Dövlət Universitetində Azərbaycanda talışların hüquqlarının pozulması haqda çıxış edərkən, 2013-cü il...

Vaxtaşırı olaraq erməni dairələri “ləzgi amilini” də qabartmağa çalışıblar. 90-cı illərin ortalarında “Sadval” separatçı qruplaşmasının Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunduğu, onların sifarişi ilə Bakıda terror aktı törətdiyi yaxın tarixin faktlarından biridir.

Bütün bunlar düşmənin Azərbaycana qarşı etnik diversiya planlarını ortaya qoyur və heç bir şübhə yoxdur ki, belə diversiya cəhdləri indi də davam edir. Məsələn, bu günlərdə Ermənistan KİV-lərindən biri (news.am saytı) “Azərbaycanda kürdlər” mövzusunda qondarma “dqr prezidentinin müşaviri”, özünü “tarix elmləri doktoru” kimi tanıdan Qarabağ ermənisi David Babayanın seriya “elmi məqalələrini” dərc edib. Bu məqalələrdə erməni separatçı ideoloqu Azərbaycanda kürdlərin tarixi barədə uzun-uzadı “araşdırma” aparır. Və indi işğal altında olan Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl rayonlarını “kürd torpaqları” kimi qələmə verir. Azərbaycanda kürdlərin “tarixən sıxışdırıldığını və asimilyasiyaya məruz qaldığını” yazır.

Əlbətdə, bu saqqallı yekəbaşın (sözün hərfi mənasında) Azərbaycanda kürdlərin asimilyasiyaya məruz qaldığı haqda sərsəmləmələrinə məhəl qoymamaq da olardı. Yaxud ola bilsin Babayanın yazdıqlarına azərbaycanlı tarixçi-etnoqraflar daha tutarlı cavab verə bilərdi. Lakin məsələ bundadır ki, Azərbaycana qarşı bu və ya digər etnik qrupu sıxışdırmaq ittihamı ilə ideoloji təbliğat quran Ermənistan indi monoetnik dövlətdir. Kürdlər məsələsinə gəldikdə isə indiki Ermənistanın yerləşdiyi qədim Azərbaycan torpaqlarında həqiqətən kürdlər də yaşayıb. Və Ermənistan bu torpaqlardan azərbaycanlılarla yanaşı kürdləri də qovub çıxarıb və onların məzarlıqlarını dağıdıb, irsini yer üzündən silib.

Ötən il sosial şəbəkələrdə Ermənistanda, Ararat vilayətində- Vedibasarda kürd qəbiristanlığının necə vandalizmə məruz qaldığı barədə erməni insan haqları müdafiəçisi Narine Kirakosyanın çəkdiyi videogörüntülər yayılmışdı. Kirakosyan Mədəni İrsin və Təbiətin Qorunması Fondu adlı təşkilatın bu məzarlığı zəbt edib öz mülkiyyəti elan etməsindən bəhs edirdi. Görüntülərdən bəlli olurdu ki, qəbiristanlıq dağıdılıb, kürd qəbirləri vandalizmə məruz qalıb. Kirakosyan baş verənlərin açıq-aşkar vandalizm olduğunu qeyd edir. Məhz həmin vaxtlarda Ermənistan YUNESKO-da hay-həşir qaldırmağa çalışırdı ki, Naxçıvanda “erməni xaçkarları” dağıdılır, erməni qəbiristanlıqları sökülür....

Doğrudur, Ermənistanda kürdlərin subetnik qruplarından biri-azsaylı yezidi kürdlər yaşamaqdadır. Lakin yezidi kürdlərin sıxışdırılmasına, onların torpaqlarının yerli oliqarxlar tərəfindən əllərindən alınmasına, idarəetmə orqanlarında təmsilçiliyinə imkan verilməməsinə dair elə Ermənistan KİV-lərində çoxsaylı faktlar, şikayətlər tapmaq olar. Və faşizm ideologiyasına əsaslanan, faşist Njdeni milli qəhrəman statusuna qaldırıb ona abidə qoyan dövlətin Azərbaycanda etnik qrupların sıxışdırılması haqda təbliğat aparması tipik erməni riyakarlığıdır, ikiüzlülüyüdür...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR