Azərbaycan – Qırğızıstan əməkdaşlıq əlaqələri geniş və əhatəli perspektivlərə malikdir

14-10-2022, 16:31 90 dəfə baxılıb

Azərbaycan – Qırğızıstan əməkdaşlıq əlaqələri geniş və əhatəli perspektivlərə malikdir


Bu gün Azərbaycan özünün xarici əlaqələrini sürətlə və məqsədyönlü şəkildə genişləndirməkdə davam edir. Əlbəttə ki, Türkdilli dövlətlərlə dostluq münasibətlərinin dərinləşdirilməsi və möhkəmləndirilməsi ölkəmizin xarici siyasətində prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabr ayının 11-də Qırğızıstana etdiyi rəsmi dövlət səfəri xüsusi əhəmiyyət kəsb edir. Həmin gün Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə keçirilmiş iclasında da qeyd olundu ki, dövlət başçımızın dost ölkəyə bu səfəri Qırğızıstanla Azərbaycan arasında strateji tərəfdaşlığın məntiqi davamıdır.
Ölkə Prezidentlərinin görüşü zamanı ticarət və investisiya əməkdaşlığı baxımından Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun mühüm rolu müzakirə olunub. Qeyd edilib ki, bu Fond Azərbaycan investisiyalarının Qırğızıstana cəlb edilməsində, qarşılıqlı faydalı biznes layihələrinin icrasında sürət katalizatoruna və fəaliyyət mexanizminə çevrilməlidir. Şurada çıxış edən cənab Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığa dair Bəyannamə altı ay bundan öncə, Qırğızıstan Prezidentinin Bakıya səfəri zamanı imzalanıb. Azərbaycanın artıq uzun illərdir ki, dost ölkələr üçün investor olduğunu qeyd edən dövlət başçımız bu investisiyaların vəsait qoyulan ölkələrlə əməkdaşlığın möhkəmləndirilməsi işinə həmişə xidmət etdiyini bildirib.
Ölkəmizin bir çox sahələrdə, o cümlədən beynəlxalq nəqliyyat sektorunda geniş imkanları diqqətə çatdırılaraq qeyd olunub ki, bu gün açıq dənizlərə çıxışı olmayan Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsi yaradıb. İndiki mərhələdə nəqliyyat-tranzit sahəsində əməkdaşlığın vacibliyi xüsusilə vurğulanmalıdır. Artıq fəaliyyət göstərən, eləcə də planlaşdırılan yeni nəqliyyat yolları kommunikasiyalarımızı daha sıx birləşdirməyə imkan verəcək. Xəzərin Azərbaycan tərəfində tam olaraq Avropa istehlakçılarına qədər - həm dəmir yolu, həm avtomobil yolu, həm hava yolu və ölkəmizin yük hava nəqliyyatının potensialı nəzərə alınmaqla artıq geniş nəqliyyat infrastrukturu var. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olacaq. Ələt ticarət limanının potensialı 15 milyon tondan 25 milyon tona qədər artacaqdır.
Şuranın iclası bitdikdən sonra ölkələrimiz arasında imzalanmış mühüm sənədlər əlbəttə ki, Azərbaycan-Qırğızıstan əməkdaşlıq əlaqələrinin inkişafına güclü təkan verəcək. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Birinci Dövlətlərarası Şuranın iclasının Qərar”ı digər sənədlərin imzalanması üçün əsas hüquqi bazanı təmin edir. Daha sonra hər iki ölkənin müvafiq dövlət qurum rəhbərləri tərəfindən imzalanmış “Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandum”, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Sosial Fond arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qırğız Respublikasının Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi arasında qarşılıqlı anlaşma və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Memorandum” və digər sənədlər iki ölkə arasında əlaqələrin bütün istiqamətlərdə inkişaf etdiriləcəyini deməyə əsas verir.
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra hər iki ölkənin dövlət başçılarının mətbuata bəyanatla etdikləri çıxışlarında qəbul edilmiş qərarlar və əldə olunmuş razılaşmalar barədə önəmli açıqlamalar yer almışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışında qeyd etmişdir ki, ölkələrimiz arasındakı əməkdaşlıq nəzərdə tutulandan daha tez həyata keçir. Dövlətimizin başçısı gələcək əməkdaşlığın başlıca istiqamətlərindən birinin konkret nəticələrə hədəflənmə olduğunu xüsusi vurğulamaqla, bu əməkdaşlığın geniş və əhatəli perspektivlərə malik olduğunu diqqətə çatdırıb.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR