Hazırda Azərbaycanda 21 bank, 14 elektron pul təşkilatı və 9 ödəniş təşkilatı fəaliyyət göstərir. 2026-ci ildə 2 ödəniş təşkilatı üçün, 2025-ci ildə isə 2 elektron pul təşkilatı üçün lisenziya verilib. 2020-ci illə müqayisədə POS-terminalların sayı 3,2 dəfə artaraq 184,4 minə çatıb. Son 5 ildə isə bu sahədə illik orta artım sürəti 26,3% olub. Ötən 10 il ərzində dövriyyədə olan bank kartlarının sayı hər il orta hesabla 14,8% yaxud ümumilikdə 3,8 dəfə artaraq 2026-cı ilin may ayının sonunda 22,8 milyona çatıb.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadçı deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, bununla belə, elektron əməliyyatlar ilə bağlı bir sıra çağrışlar var: "Ölkə üzrə cəmi POS terminalların 62,1%-i Bakı şəhərinin payına düşür. Hazırda 1 ədəd POS-terminala düşən əhali sayı 60 nəfərdir. Hansı ki, Gürcüstanda hər POS-terminal 29 nəfərə, Türkiyədə isə 47 nəfərə xidmət göstərir. Aktiv vergi ödəyicilərinin əhəmiyyətli hissəsi POS-terminal xidmətlərindən istifadə etmir. Hazırda 883 min aktiv vergi ödəyicisinin olmasına baxmayaraq cəmi 184,4 min POS-terminal istifadə edilir. Azərbaycanda POS-terminalların sayı aktiv vergi ödəyicilərinin sayından təxminən 5 dəfə azdır.
Digər çağrış POS-terminallardan istifadə üzrə tariflərin yüksək olmasıdır. Azərbaycanda debet və prepaid kartlara tətbiq edilən interçeync tarifləri də yüksəkdir. Mastercard Türkiyədə debet və prepaid kartlara tətbiq edilən interçeync tarifləri 0,65%, Qazaxıstanda 0,9-1,3% arasında dəyişdiyi halda müvafiq göstərici Azərbaycanda 1,14-1,73% arasında dəyişir. Azərbaycanda region ölkələrinə nisbətən daha yuxarı interçeync tarifləri tətbiq edilir. Standart müştəri kartı üzrə tətbiq edilənn tariflər Azərbaycanda 1,3-1,8% arasında dəyişdiyi halda Türkiyədə müvafiq göstərici standart olmaqla 1,32% (standart), Gürcüstanda 1-1,75%, Qazaxıstanda isə 0,9-1,1% arasında dəyişir".
Millət vəkilinin sözlərinə görə, POS-terminal xidmətləri üzrə yüksək komissiya haqları ticarət obyektləri üçün izafi xərc yaratmaqla yanaşı, istehlakçı qiymətlərinə də təsir göstərir: "Eyni zamanda, əksər hallarda həmin xərclər iri satış obyektləri tərəfindən mikro və kiçik sahibkarlara təqdim olunan sifarişlərə transfer edilir. Nəticədə, yüksək komissiya haqları mikro və kiçik sahibkarlığın inkişafı baxımdan da arzuolunan deyil. Eyni zamanda, yüksək xərc bəzi xidmət və satış obyektlərində plastik kartlardan istifadəyə marağı azaldır.
POS-terminallardan istifadə ilə bağlı tariflərin azaldılması iqtisadiyyatın ağardılması baxımdan da vacibdir. Hazırda mikrosahibkalar üçün 2 faizlik sadələşdirilmiş dövriyyə üzrə vergi güzəştləri tətbiq olunur. Amma POS-terminalardan istifadə üzrə ümumi tariflər hətta vergi dərəcəsindən də çoxdur. Bu o deməkdir ki, bir sıra hallarda nağdsız ödənişlərə üstünlük verən və şəffaf işləmək istəyən mikrosahibkar vergidən daha çox POS-terminaldan istifadəyə görə banklara haqq ödəməlidir. Bu isə mikro sahibkarların nağdsız hesablaşmalara marağını azaldır. POS-terminal tarifləri iqtisadiyyatın ağardılması üçün maneə olmamalıdır".
"Bu baxımdan Mərkəzi Bank tərəfindən POS-terminal tariflərinə yenidən baxılıb aşağı salınması məqsədəuyğundur. Yüksək tariflər mikro sahibkarların nağdsız hesablaşmalardan daha çox istifadəsinə əngəl olur və vergidən yayıma hallarını artırır. Doğrudur, Mərkəzi Bank tərəfindən bu istiqamətdə addımlar atılır. Amma tariflərin optimallaşdırılması ilə daha sistemli tədbirlərə ehtiyac var. Digər tərəfdən, Mərkəzi Bankın stimullaşdırıcı alətlərdən istifadə etməklə plastik kartlardan istifadə ilə bağlı komissiya haqlarının azaldılmasına nail olması arzuolunandır. Bir sıra inkişaf etməkdə olduğu kimi daxili İnterçeync sisteminin genişləndirilməsi də bankların bu yüksək komissiya haqlarını azaldar. Bu isə nağdsız hesablaşmaları təşviq etməklə yanaşı, qiymətlərin də azalmasına səbəb ola bilər", - deyə V. Bayramov əlavə edib.
loading...