Azərbaycanın aqrar elminin inkişafında mühüm xidmətləri ilə seçilən, üzümçülük və şərabçılıq sahəsində uzun illər ərzində səmərəli fəaliyyət göstərən tanınmış alimlərdən biri də aqrar elmlər üzrə elmlər doktoru, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimovdur. O, zəngin elmi fəaliyyəti, müasir idarəçilik bacarığı və ölkənin aqrar potensialının inkişafına verdiyi töhfələrlə həm elmi ictimaiyyət, həm də kənd təsərrüfatı sektoru tərəfindən böyük hörmətlə qarşılanan ziyalılardandır.
Vüqar Səlimovun rəhbərliyi ilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu son illərdə mühüm elmi uğurlara imza atıb. Xüsusilə institut alimlərinin dünyanın nüfuzlu elmi nəşrlərindən biri olan Q1 kvartilli “Agriculture & Food Security” jurnalında dərc olunan tədqiqat işi Azərbaycan elminin beynəlxalq səviyyədə tanınması baxımından əlamətdar hadisə hesab olunur. Azərbaycan, Gürcüstan, Fransa, Almaniya, İtaliya və Ermənistan alimlərinin iştirak etdiyi genişmiqyaslı araşdırmada yerli üzüm sortlarının genetik müxtəlifliyi öyrənilmiş və mühüm elmi nəticələr əldə olunmuşdur.
Bu tədqiqatın ən önəmli tərəflərindən biri Azərbaycanın qədim üzüm genofondunun beynəlxalq səviyyədə elmi əsaslarla təsdiqlənməsi və qorunması istiqamətində atılmış mühüm addım olmasıdır. Vüqar Səlimovun rəhbərliyi ilə aparılan araşdırmalar yerli üzüm sortlarının molekulyar-genetik identifikasiyasına, onların pasportlaşdırılmasına və milli genetik irsimizin qorunmasına xidmət edir. Bu fəaliyyət Azərbaycanın üzümçülük tarixinin və milli sərvətlərinin elmi əsaslarla gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Onun rəhbərlik etdiyi institut yalnız fundamental elmi araşdırmalarla deyil, həm də praktiki nəticələri ilə diqqət çəkir. Burada müxtəlif növ şərablar, abqora, üzüm bəhməzi, üzüm toxumu yağı, üzüm yarpağı, mürəbbə və digər məhsullar istehsal olunur. Hər bir məhsul müasir laboratoriyalarda ciddi analizlərdən keçirilir, keyfiyyət göstəriciləri müəyyənləşdirilir və elmi yanaşmalar əsasında istehlakçılara təqdim edilir.
Xüsusilə institut tərəfindən istehsal olunan və dövlət qeydiyyatından keçmiş abqora məhsulu Vüqar Səlimovun rəhbərliyi altında aparılan uğurlu fəaliyyətin nəticələrindən biridir. Təbii və faydalı xüsusiyyətləri ilə seçilən bu məhsulun elmi əsaslarla hazırlanaraq sertifikatlaşdırılması yerli məhsulların bazarda rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verir.
Vüqar Səlimov gənc alimlərin yetişdirilməsinə də xüsusi diqqət göstərən elm təşkilatçılarındandır. Onun rəhbərliyi altında doktorant və dissertantlar üçün geniş elmi imkanlar yaradılır, onların beynəlxalq elmi mühitə inteqrasiyası istiqamətində mühüm işlər görülür. O hesab edir ki, aqrar elmin gələcəyi məhz güclü elmi məktəbin formalaşdırılmasından və yeni nəslin yetişdirilməsindən keçir.
Beynəlxalq əməkdaşlığın genişləndirilməsi də onun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Müxtəlif ölkələrin elmi mərkəzləri və şərabçılıq mütəxəssisləri ilə qurulan əlaqələr Azərbaycanın üzümçülük və şərabçılıq elminin dünya elmi məkanında tanınmasına imkan yaradır. İnstitutun xarici tərəfdaşlarla həyata keçirdiyi layihələr ölkəmizin aqrar elminin nüfuzunu daha da artırır.
Vüqar Səlimovun rəhbərlik üslubunda elmə bağlılıq, tələbkarlıq, peşəkarlıq və innovativ düşüncə xüsusi yer tutur. O, institutun fəaliyyətində müasir texnologiyaların tətbiqinə, laborator bazasının gücləndirilməsinə və beynəlxalq standartların tətbiqinə daim önəm verir. Bunun nəticəsində institut regionun aparıcı elmi mərkəzlərindən birinə çevrilməkdədir.
Dövlətçilik prinsiplərinə sadiq olan Vüqar Səlimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması və elmin gücləndirilməsi istiqamətində həyata keçirdiyi siyasəti yüksək qiymətləndirir. O, rəhbərlik etdiyi kollektivlə birlikdə bu siyasətin həyata keçirilməsinə öz elmi fəaliyyəti ilə töhfə verməyə çalışır.
Bu gün Vüqar Səlimov Azərbaycan üzümçülük və şərabçılıq elminin inkişafına mühüm töhfələr verən, milli genetik sərvətlərimizin qorunması istiqamətində böyük xidmətləri olan və ölkəmizi beynəlxalq elmi mühitdə layiqincə təmsil edən nüfuzlu alimlərdən biri kimi fəaliyyətini uğurla davam etdirir. Onun zəngin elmi fəaliyyəti və uğurlu idarəçiliyi Azərbaycan aqrar elminin inkişaf tarixində xüsusi yer tutur.
loading...