Qarabağ erməniləri separatçı rejimə qarşı üsyana hazırlaşır

5-03-2020, 14:18 230 dəfə baxılıb

Qarabağ erməniləri separatçı rejimə qarşı üsyana hazırlaşır


Ermənistanın işğalçılıq siyasəti və Dağlıq Qarabağda uzun müddətdən bəri mövcud olan separatçı rejim Azərbaycanın zəbt olunmuş ərazilərində yaşayan azsaylı mülki əhalini də boğaza yığıb. Son zamanlar erməni mənbələrinin yaydığı məlumatlar bunu deməyə əsas verir.

Qeyd edək ki, təmas xəttini keçərək Azərbaycan əsgərlərinə könüllü şəkildə əsir düşən ermənilər də ayrı-ayrı vaxtlarda separatçı rejimin özbaşınalıqlarından cana doyduqlarını etiraf ediblər. Həmçinin Ermənistan ordusunun Qarabağ bölgəsindəki hissələrində xidmət keçən əsgərlər arasında intihar hallarının çoxalması vəziyyətin dözülməzliyindən xəbər verir. Təkcə yanvar-fevral ayı ərzində 20-dək erməni hərbçinin ölməsi və ağır xəsarət alması barədə xəbərlər erməni cəmiyyətini də silkələyib, hətta bu məsələ ilə bağlı Ermənistan parlamentində dinləmələr təşkil olunub.

Belə bir durumda Dağlıq Qarabağdakı separatçı rejim “prezident və parlament seçkiləri” keçirməyə hazırlaşır. Separatçılar və işğalçı ölkə “Dağlıq Qarabağ xalqı” kimi təqdim etməyə çalışdıqları əhalinin guya “təhlükəsizliyi”ni düşündüklərini yerli-yersiz bəyan edirlər. Hətta baş nazir Nikol Paşinyan son çıxışlarında iddia etdi ki, danışıqlarda ərazilərin qaytarılması yox, təhlükəsizliyin təmin olunması müzakirə olunur. Ancaq gələn məlumatlar bunu deməyə əsas verir ki, əslində Qarabağdakı mülki ermənilərin təhlükəsizliyinə ən böyük təhdid işğalçı ölkədən, həmçinin bu bölgədəki hərbi-diktaturadan gəlir. Təsəvvür edin, Azərbaycandakı 9 fevral parlament seçkiləri öncəsi MSK-nın müraciətinə müsbət cavab verən və səsvermədə elektron qaydada iştirak edən 60 Qarabağ ermənisinin şəxsiyyətini müəyyənləşdirmək üçün hərbi xunta hərəkətə keçmişdi. Hansı ki, Qarabağda yaşayan ermənilərin bir hissəsi Azərbaycan vətəndaşlarıdır, sadəcə, işğalçı rejim onların səsinin eşidilməsinə imkan vermir. On illərdir ki, buradakı mülki əhali Azərbaycan bayrağı altında normal yaşamaq istəyir, lakin buna nail ola bilmir. Düzdür, belə niyyətlər kütləvi deyil, amma fakt budur ki, reallıq bu meyllərin kütləvliyinə mane olur.

“Qarabağda inqilabdan əvvəlki gərginlik hökm sürür. Burada yaşayan ermənilər mövcud rejimdən narazılıqlarını bildirmək üçün küçələrə çıxmağa hazırlaşır”. Teleqraf.com xəbər verir ki, bu barədə işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gələn erməni jurnalist Vaxram Ağacanyan yazıb. Jurnalist qeyd edir ki, “Qarabağ İnqilab Partiyası” ermənilərə müraciət edərək, Bako Saakyan rejiminə qarşı kütləvi itaətsizliyə çağırır. Ağacanyan Qarabağ savaşında separatçı qüvvələrin komandanlarından biri olan, hazırda Bako Saakyana qarşı sui-qəsddə ittiham olunan general Samvel Babayandan da sitat gətirir: “Artıq susmayacam. Qarabağda yaşayanlar illərdir kredit dəliyindən çıxa bilmir. İrəvan və Saakyan rejimi Qarabağ ermənilərini əsarətdə saxlayır. İnsanlar illərdir banklara olan ən kiçik borclarını belə geri ödəmək gücündə deyillər. İnsanlar ən adi istehak kreditini götürmək üçün az qala özlərini girov qoymaq məcburiyyətində qalırlar”.

AzadlıqRadiosunun İrəvan bürosu da Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki acınacaqlı vəziyyətə diqqət çəkib. Radio Qarabağın cinayətkarların əlində olduğunu, insanların təhdid olduğunu, ölümlə hədələndiyini, vəziyyətin xaosa yaxın olduğunu yazıb. Mənbə eyni zamanda son zamanlar Qarabağ erməniləri arasında onlara yardım əli uzatmayan Ermənistan rəhbərliyinə və onunla əlbir olan Saakyan rejiminə etiraz olaraq Azərbaycanın suverenliyinə qayıtmaq meylinin yaranmasına da diqqət çəkib. Lakin məqalə dərc edildikdən qısa müddət sonra Bako Saakyanın müdaxiləsi ilə silinib.

Ağacanyan isə yazır ki, vəziyyətin xaotik səviyyəyə çatdığını görən Saakyan rejimi Qarabağda kütləvi həbslərə başlayıb. O, həbs edilənlərin əksəriyyətinin taleyinin naməlum olduğunu bildirib: “İnqilab Partiyası və onun tərəfdarları Bako Saakyanın istefasını tələb edir. Etirazçıların sırası günbəgün artır. Görünən budur ki, hansısa sirli əl Qarabağda aranı qarışdırmağa başlayıb. İnsanlar yeni başçı və yeni hakimiyyət istəyirlər”.

Erməni mənbələr Qarabağ ermənlərinin “yeni hakimiyyət” iddiasının Azərbaycanın tərkibinə qayıtmaq meylinə bərabər bir istək olduğunu istisna etmirlər.

Qarabağ ermənisi olan David adlı bloger Ermənistanın keçmiş prezidentləri Serj Sərkisyan və Robert Köçəryanı Qarabağ ermənilərinə xəyanətdə ittiham edib: “İrəvanda Qarabağdan olan Köçəryan və Sərkisyanın məhkəmələri keçirilir. Serj çox güman ki, həbs olunmayacaq, əhəmiyyətsiz bir cəza ilə sərbəst buraxacaqlar. O, azadlığı müqabilində Qarabağa xəyanət etdi. Tarixdə qəhrəman qalmaq əvəzinə, quldur kimi qalacaqlar. Qarabağı mərcə qoyublar, hər an uduza bilərlər”.

O, Qarabağda baş verənləri Ermənistan baş naziri Nikol Paşinyanın adına yazır və qeyd edir ki, Ermənistanın yeni rəhbəri Qarabağ müharibəsinin liderlərini Şuşa həbsxanasında çürütməyə hazırlaşır. Bloger Ermənistanın Qarabağı birdəfəlik itirməyə yaxın olduğunu istisna etmir, bölgədə baş verən son proseslərdən “xəyanət qoxusu” gəldiyini yazır.

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a dedi ki, ermənilərin narahatlığı əsassız deyil: “Bölgədə ətraf toz dumandır, Suriyada müharibə qızışır, Türkiyə hərbi qüdrətini ortaya qoydu. Bu, Rusiya ilə yanaşı Ermənistanı da narahat edir. Üstəgəl, eyni günlərdə Minsk Qrupu həmsədrləri Ankaraya gedib Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdülər. Bütün bunlar İrəvanı narahat edir. Ermənistan hakimiyyəti düşünür ki, Azərbaycan ordusu yaranan imkanlardan istifadə edə bilər. Erməni separatçıları martın 31-də ”prezident seçkilərinə" hazırlaşır. Onların qanunsuz “seçkisini” pozmaq lazımdır".

Rəsmi Bakı və Dağlıq Qarabağın Azərbaycanlı İcması dəfələrlə Qarabağ ermənilərinə xitabən işğalçılara və separatçılara “yox” deyib dinc-yanaşı yaşamaq yolu seçməyə çağırıb və təhlükəsizliyə tam təminat verildiyini bəyan edib. Bəs indiki durumda hansı addımlar atılmalıdır?

E.Şahinoğlu: “Qarabağın erməni əhalisinə daima müraciətlər edilməlidir ki, birgə yaşayışa ehtiyac var, Azərbaycana qovuşmayana qədər onlar heç zaman özlərini təhlükəsiz hiss edə bilməzlər”.

Yeri gəlmişkən, qardaş Türkiyənin Suriya cəbhəsində zəfərləri, bu əməliyyatların PKK və ASALA düşərgələrinə çevrilmiş Qarabağ ərazilərinə də sıçraya biləcəyi ehtimalı xüsusilə Dağlıq Qarabağdakı erməni əhalini qorxudur. Aprel döyüşləri zamanı burada yaşayanların böyük əksəriyyəti İrəvan istiqamətinə yol almışdılar. Budəfəki əməliyyatın isə daha fəlakətli olacağını onlar da yaxşı dərk edirlər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxışı zamanı demişdi: “Azərbaycanın əzəli torpağı Dağlıq Qarabağın və ətrafının Ermənistanın işğalı altında qalması bir milyon qardaş-bacımızı evlərindən, yurdlarından uzaqda qaçqın və köçkün vəziyyətində yaşamağa məcbur edib. BMT Baş Assambleyasındakı nitqimdə də dediyim kimi, bu, qəbuledilməz bir vəziyyətdir. Dağlıq Qarabağ probleminin ən qısa müddətdə sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələn səyləri göstərməyə davam edəcəyik”.

Bu, sıradan xəbərdarlıqlar deyil. Bu gün işğalçı və separatçı rejim Qarabağdakı mülki əhalidən “təcrübə siçanı” kimi istifadə edir, onların adını alver predmetinə çevirib, özlərini səfil günə qoyublar. Azərbaycanın tam ixtiyarı var ki, Qarabağdakı mülki erməniləri - Azərbaycan vətəndaşı olan əhalini xilas üçün antiterror əməliyyatına başlasın...
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR