“O, hakimiyyətə gəlsə, Putinin atasına rəhmət oxuyarıq”

12-08-2020, 16:18 386 dəfə baxılıb

“O, hakimiyyətə gəlsə, Putinin atasına rəhmət oxuyarıq”


Son zamanlar MDB məkanında, Baktikyanı dövlətlərdə müxalifətin dirçəldiyi müşahidə olunmaqdadır. Son olaraq, Belarusda biz bunun şahidi olduq. Avqustun 9-da keçirilən seçkilərdə xanım namizəd Svetlana Tixanovskaya 26 ildir ki, bu ölkəyə rəhbərlik edən Aleksandr Lukaşenkoya çətin anlar yaşatdı, bir növ onun kreslosunu laxlatdı.

MDB ölkələrində daha çox müxalifətin fəallığı son illərdə Rusiyada özünü göstərir. Şimal qonşumuzda blogger Aleksey Navalnı qısa müddətdə prezident Vladimir Putinin başağrısına çevrilə bilib. Heç şübhəsiz ki, Azərbaycana yaxınlığı ilə seçilən bu dövlətlərin hər birində müxalifətin güclənməsi ölkəmizi də yaxından maraqlandırır. Amma ortada bir reallıq var ki, Azərbaycan müxalifətinin bu düşərgələrin heç biri ilə yaxından əlaqəsi yoxdur. İllər öncə Ukrayna, Gürcüstan kimi dövlətlərin müxalifəti ilə demokratik camiənin yaxınlaşması müşahidə olundu. Lakin adlarını çəkdiyimiz ölkələrdə müxalifətlər inqilablar yolu ilə iqtidar başına keçən kimi əlaqələr tamamilə itdi. Son illərdə isə ümumiyyətlə, münasibətlər yoxdur. Eyni fikirləri MDB ölkələri müxalifəti ilə məsafə saxlayan Azərbaycan iqtidarına da şamil etmək olar.

MDB müxalifətinin ölkəmizə hansı münasibətləri bəslədikləri hər zaman müzakirə mövzusudur. Bu istiqamətdə ortada olan əsas suallardan biri də, Dağlıq Qarabağ münaqişəsinin həllində açar rolunu oynayan Rusiyada məsələn, “Navalnı hakimiyyətə gələrsə, milli problemimizi həll edərmi” sualıdır. Eyni zamanda, Azərbaycan iqtidarı təkcə MDB məkanında deyil, digər ölkələrdə də gələcəyin mümkün iqtidarları işləməlidirmi kimi suallar ortada var.

Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadə Navalnı barədə sualımıza belə cavab verdi: “Bu, çətin sualdır. Çünki Navalnının özü demokratik danışır, amma əvvəl özünü millətçi kimi aparırdı. Qara millətləri, qafqazlıları qəbul etmirdi, söyürdü, təhqir edirdi. Onun qəlbində, düşüncəsində nələrin olduğunu bilə bilmərik. Amma hər halda, Putin və onun komandası tamamilə imperialist, ”KQB"yə bağlı bir zümrədir. Onlar getsələr, əlbəttə, Navalnı tək gəlməyəcək, yanında çoxlu sayda ziyalılar, liberallar olacaq. Konkret olaraq, Qarabağ haqqında nələrin olacağını deməyə çətinlik çəkirəm. Ancaq siyasətdə yumşalma gedəcək".

Politoloq MDB ölkələrinin müxalifətinin Azərbaycana olan münasibətindən də danışdı: “Onların hamısı rus işğallarının qurbanlarıdır, rus təcavüzündən, imperializmindən qorxurlar. Bizi də bu konteksdə qəbul edirlər. Necə ki, ABŞ Konqresi bizi Gürcüstan, Ukrayna, Moldova ilə birlikdə bir siyahıya saldı. Bu baxımdan o müxalifətlərin demokratları hakimiyyətə gəlsələr, Azərbaycan üçün çox yaxşı olardı”.

H.Hacızadə Azərbaycan hökumətinin MDB məkanının gələcəkdəki mümkün iqtidarları ilə də əlaqələr qurmasını vacib sayır: “Əlbəttə işləmək çox vacibdir. Ümumiyyətlə, hər kəs hər kəslə işləməlidir. Ünsiyyətcil olmaq, əlaqə qurmaq lazımdır. Burada şəxsi münasibətlər də çox şeyi həll edir. Bunu da etmək mühümdür. Əfsuslar olsun ki, biz bir az utancaq millətik. Münasibət qurmağa çətinlik çəkirik. Kiməsə bir yeşik konyak göndərməklə kifayətlənirik. Amma onların hamısı ilə dostluq, əməkdaşlıq əlaqələri qurmaq lazımdır, hətta şübhəli, riskli adamlarla belə. Belə əlaqələrin hamısı Azərbaycanın xeyrinə işləyəcək. Erməni bununla məşhurdur ki, bütün dünya ilə dostdur. Belə bir misal da var. ”Erməni arvadını alarsan, səni dünya ilə dost edər".

Siyasi şərhçi Əhəd Məmmədli də bu məsələdə ümidli deyil: “Navalnı hakimiyyətə gəlsə, Putinin atasına rəhmət oxuyarıq. Navalnı siyasi fəaliyyətini ”Yabloko"da başlayıb. “Yabloko”dan qafqazlıları təhqir etdiyi üçün xaric edilib. O bir rus şovinistidir. İndi təsəvvür edin, Kremlin sahibinə çevrilsə, bu hansı fəsadlara gətirib çıxara bilər? Navalnı gizli Hitlerdir. Tixanovskaya da Belarusun Timoşenkosudur. İllərdir ki, Timoşenkonu Qərbin adamı kimi tanıdıq, sonra məlum oldu ki, baş nazir olan dövrdə bu xanım əfəndi Rusiya ilə Kremlin xeyrinə qaz sazişi imzalayıb. Tixanovskaya da çox güman ki, rus kəşfiyyat orqanları ilə əlaqədədir. Yəni deməyim odur ki, siyasətçilərin rəsmi təqdimatı heç də həqiqəti əks etdirməyə bilər. Mən Putini, Lukaşenkonu Azərbaycanın dostu saymıram, amma betərin betəri də var. Baxın, həmin betərlər Navalnı və digər psevdodemokratlardır. Və bir də biz bunu birdəfəlik anlayaq ki, Rusiyada iqtidarda kimin olmasından asılı olmayaraq, o şəxs Azərbaycanın dostu olan deyil. Unutmayaq ki, Azərbaycan torpaqlarını demokrat Yeltsinin vaxtında itirdi. O ki qaldı Azərbaycanın MDB məkanının müxalifətləri ilə işləməsinə, burada hakimiyyətlər arasında qeyri-rəsmi anlaşma var. MDB ölkələrinin iqtidarları (Rusiyanı çıxmaq şərti ilə) bir-birlərinin daxili işlərinə qarışmırlar. Yəni Azərbaycan iqtidarı Belarus müxalifəti ilə, Belarus iqtidarı da Azərbaycan müxalifəti ilə heç bir münasibət qurmur. Amma təbii ki, Azərbaycan əgər həqiqətən böyük dövlət olmaq istəyirsə, Gürcüstan və digər yaxın ətrafda olan ölkələrin daxili işlərində faktor olmağı bacarmalıdır".
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR