Türkiyə tarixində FETÖ ilə bitən mərhələ - TƏHLİL

17-07-2021, 19:15 39 dəfə baxılıb

Türkiyə Cumhuriyyəti üçün hərbi çevrilişlər heç də gözlənilməz və qeyri-adi hadisə hesab olunmur. Müasir Türkiyənin tarixində dəfələrlə hərbi çevrilişlər baş verib, lakin sonradan yenidən demokratik seçkilər keçirilərək, dövlət institutlarının fəaliyyəti bərpa olunub.
1960 və 1980-ci illərdə baş vermiş hərbi çevrilişlərdə Silahlı Qüvvələrin rəhbərliyi ölkədə tam idarəetməni ələ alıb, referendum təşkil edərək, konstitusiyanı dəyişdirib, bir ilə yaxın hakimiyyətdə qaldıqdan sonra yeni konstitusiyaya əsasən keçirilən seçkilərlə hökumət yenidən formalaşandan sonra hakimiyyəti təhvil veriblər. Bundan əlavə, müxtəlif vaxtlarda Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyinin tələbilə hökumət istefaya göndərilib və növbədənkənar seçkilər təyin olunub.

Ancaq Türkiyədə baş verən hərbi çevrilişlər başqa ölkələrdəki ənənəvi hərbi çevrilişlərdən məqsədlərinə görə fərqlənib. Türkiyənin Hərbi Qüvvələri hakimiyyəti zorla mənimsəsə də, uzunmüddətli diktatura qurmayıb, ölkə daxilində siyasi sabitliyi təmin etdikdən sonra yenidən demokratik təsisatların fəaliyyətini bərpa edib. Türkiyənin Hərbi rəhbərliyi bu addımları atarkən Silahlı Qüvvələr haqqında Qanunda ordunun Türkiyə Cumhuriyyətinin əsaslarını qorumaq vəzifəsinin olduğuna istinad ediblər. Türkiyə cəmiyyətində də Ordu hər zaman demokratiyanın keşikçisi kimi qəbul olunub. Bu, Ordu rəhbərliyinin siyasi rəhbərliyə itaət etməməsi, müstəqil qərar verməsinə şərait yaratmışdı. Türkiyədə Ordu daha çox siyasi hakimiyyətin öz vəzifələrini nə dərəcədə düzgün yerinə yetirdiyinə nəzarət edən orqan funksiyalarını da daşıyırdı.

Ordunun hökumətə nəzarət etmə ənənəsinin aradan qaldırılması prosesinə təkpartiyalı hökumət formalaşdırmağa nail olmuş Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyip Ərdoğanın 2003-cü ildə baş nazir seçilməsindən sonra start verildi. Ordunun siyasi hakimiyyətə tabe olmasını təmin etmək istiqamətində uzun illər ərzində köklü islahatlar aparıldı, hökumət bir çox hallarda ciddi etirazlarlarla qarşılaşsa da, bu proseslər dayandırılmadı.

2016-ci ilin 15 iyul tarixində baş vermiş hərbi çevrilişə cəhdi əminliklə Türkiyə tarixində hərbçilərin sonuncu üsyanı kimi qəbul etmək olar. Bu hadisəni əvvəllər baş vermiş analoji hallardan fərqləndirən əsas cəhət çevrilişin əslində hərbçilər deyil, hərbi sistemə 40 ilə yaxın müddətdə sızdırılış və burada oturuşaraq, müəyyən mövqeyə sahib olmuş radikal dini qruplaşmanın üzvləri tərəfindən törədilməsi idi.

FETO qruplaşması kifayət qədər uğurlu hesab olunacaq qiyam formulu hazırlamışdı. Çevriliş cəmiyyətdə hər zaman nüfuz sahibi olan hərbçilər tərəfindən həyata keçirilsə də, məqsəd dini xuntanın hakimiyyət qurması idi. Lakin FETO-nun belə mürəkkəb formul seçməsi sonradan Ərdoğanın xeyrinə işləyəcəkdi. Çünki çevriliş cəhdinin baş tutmaması Ərdoğanın sonrakı mərhələdə bürokratik aparatda oturuşmuş "feto”çuları təmizləməsinə və eyni zamanda hərbi çevrilişlər ənənəsini əbədi olaraq tarixə gömməsinə şərait yaratdı.

Bununla belə, Fətullahçı Terror Təşkilatının (FETO) orduda qulluq edən üzvlərinin prezident Ərdoğanın qətli, parlamentin dağıdılması və dini diktatura yaradılmasına hədəflənən çevriliş cəhdi Türkiyə tarixinin ən qanlı səhifəsi kimi yadda qalacaq. Çevrilişə cəhd göstərən fetoçular Prezident Sarayını "F-16” qırıcısından 3 dəfə bombalamış və nəticədə, sarayın qarşısında toplanmış vətəndaşlardan 29 nəfər öldürülmüşdü. Üç "F-16” qırıcısı isə Parlament binasına 11 bomba atmışdı. Çevrilişdə iştirak edən 136 əsgər tərəfindən Boğaziçi körpüsü tanklar vasitəsilə hər iki tərəfdən bağlanmış, vətəndaşlarla baş vermiş qarşıdurmalarda otuz insan öldürülmüşdü. Türkiyə Silahlı Qüvvələrinin baş qərargahı bombardman edildikdən sonra bura hücum təşkil edilmiş və baş qərargah rəisi, hazırkı müdafiə naziri Hulusi Akar əsir götürülmüşdü. Eyni zamanda, "TRT”, "TRT World” ve "CNN Türk” kimi media quruluşlarının binalarına hücumlar təşkil edilmişdi.

Prezident Ərdoğanın qətlə yetirilməsi məqsədilə onun Marmarisdə qaldığı otelə 30-ə yaxın üsyançı tərəfindən hücum təşkil olunmuş və otel helikopterlər vasitəsilə bombalanmışdı. Toqquşmada 2 nəfər polis işçisi terrorçular tərəfindən qətlə yetirilmişdi. Bundan əlavə, prezidentin İstanbuldakı evinə də hücum təşkil olunmuşdu.

Ölkənin demək olar, bütün aeroportları üsyançılar tərəfindən nəzarətə götürülmüş, Atatürk hava limanına hücum zamanı 6 vətəndaş həlak olmuşdu.

Ümumilikdə çevriliş cəhdinə FETO tərəfindən 10 mindən artıq hərbiçi, 35 qırıcı, 74 tank, 246 zirehli maşın, 3 hərbi gəmi cəlb edilmiş, baş vermiş hadisələr nəticəsində 251 nəfər qətlə yeririlmiş, 2740 nəfər yaranmışdı.

Belə genişmiqyaslı çevriliş planının həyata keçirilməsinə baxmayaraq, Fətullah Gülən Ərdoğana qalib gələ bilmədi. Bunun yeganə səbəbi milyonlarla türk vətəndaşının Ərdoğanın simasında dövləti və dövlətçiliyi dəstəkləməsi oldu. Bu, türk xalqının öz dövlətlərinin idarəetmə açarlarını yalnız seçki qutusundan çıxacaq şəxsə etibar etmələrinin bütün dünyaya nümayişi idi. Türkiyə tarixində ilk dəfə olaraq demokratiyanı ordu deyil, məhz xalq qorudu.

Tofiq Vahid
Azvision.az


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR