Ankara Qara dənizdə Ukraynanın Türkiyə gəmisinə hücumu ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət edib.
Bu barədə məlumatı türk tərəfini təmsil edən vəkilə istinadən "HaberDenizde" portalı yayıb.
"Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Ukrayna dronunun Türkiyəyə məxsus "Reyhan Sarı" yük gəmisinə zərbə endirməsi işi üzrə rəsmi şəkildə icraata başlayıb", - deyə materialda bildirilir.
Vəkil Nuri Koray Kurun bildirib ki, araşdırma gəminin daxildə partlamazdan əvvəl xarici korpusu deşən kasetli bombalarla vurulduğunu göstərib. Onun sözlərinə görə, bu, zərbənin heyətin məhv edilməsinə yönəldiyini sübut edir.
O əlavə edib ki, gəmi sahibindən başqa, hücum zamanı gəmidə olan 12 dənizçi və hücum nəticəsində həlak olan Savaş Çakırın ailəsi də şikayət ərizəsi verib. Kurun gəmilərə hücumlarla bağlı heç bir presedent qərarın olmadığını vurğulayaraq, bu müraciətin gələcəkdə bənzər hücumların qarşısının alınmasında effektiv ola biləcəyini qeyd edib.
Kurun Ukrayna hakimiyyətinin regionda ticarət gəmilərinə qarşı yönəlmiş əməlləri haqqında rəsmi kanallar vasitəsilə məlumat mübadiləsi apardığını vurğulayıb.
BCM-ə müraciət üçün əsaslara toxunan Kurun bildirib ki, bu akt yalnız müharibə cinayəti kimi deyil, həm də bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilməlidir. Kurun deyib ki, bu, müraciətlərinin də əsasını təşkil edən Roma Statutunun 7 və 8-ci maddələri ilə tənzimlənir.
Kurun son üç ildə Qara dənizdə gəmilərə 250-dən çox hücumun həyata keçirildiyini, nəticədə onlarca dənizçinin həlak olduğunu və ya yaralandığını bəyan edib. O, mülki ticarət gəmilərinə olunmuş bu hücumların təchizat zəncirini pozduğunu, qlobal ərzaq böhranına gətirib çıxardığını və bəşəriyyətə qarşı cinayət təşkil etdiyini vurğulayıb.
Kurun mülki və tərəfsiz gəmilərin hərbi əməliyyatların hədəfi ola bilməyəcəyini bildirib və qeyd edib ki, kommersiya gəmiləri münaqişənin tərəfi deyil, buna görə də bu əməl Roma Statutunun 8-ci maddəsində yer alan müharibə cinayətləri tərifinə də uyğun gəlir.
Ukraynanın Roma Statutuna qoşularkən müharibə cinayətləri ilə bağlı müddəalara dair etdiyi qeyd-şərtə toxunan Kurun deyib:
"Biz müharibə aparan tərəflərdən biri deyilik. İddia edirik ki, məhkəmə bizim nöqteyi-nəzərimizdən mülki gəmilərin və dənizçilərin atəşə tutulmasını qanuni hesab etməməlidir".
Vəkil bildirib ki, BCM Prokurorluğu Ukrayna və Türkiyə hakimiyyət orqanlarından məlumat və rəylər sorğulayaraq, toplanmış sübutlar əsasında təhqiqatın başlanması haqqında qərar qəbul etməklə müraciətin ilkin baxışını keçirəcək. Kurun əlavə edib ki, prokurorluğun qiymətləndirməsi zamanı məhkəmənin yurisdiksiyası və sübutların məqbulluğu meyarları da nəzərə alınacaq və təhqiqat yalnız bu mərhələlər uğurla başa çatdıqdan sonra başlanacaq, daha sonrakı mərhələlərdə isə konkret şəxslərin cinayət məsuliyyəti müəyyən ediləcək.
Kurun birinci mərhələnin 6 ay çəkə biləcəyini bildirərək, bütün prosesin iki il çəkə biləcəyini əlavə edib.
loading...