Fransada genişlənən tələbə etirazları ölkənin daha böyük problemini – sürətlə ağırlaşan dövlət maliyyəsi və borc böhranı təhlükəsini üzə çıxarıb. CNN xəbərdarlıq edir ki, Avropanın ikinci ən böyük iqtisadiyyatında yaranan problem Fransanın sərhədlərindən kənara çıxaraq bütün Avrozonaya təsir göstərə bilər.
Musavat.com xəbər verir ki, CNN-in iqtisadiyyat üzrə müxbiri Hanna Ziadi Fransadakı vəziyyətə həsr etdiyi təhlilində ölkənin dövlət borcunun iyun ayında 4 trilyon dolları keçdiyini və artıq iqtisadiyyatın həcmindən böyük olduğunu yazır.
Bununla yanaşı, borca xidmət xərcləri də sürətlə artır. Dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi Fransanın yeni borc cəlb etməsini getdikcə bahalaşdırır.
Problem ondadır ki, Parisin xərcləri azaltmaq imkanları da məhduddur. Əhalinin yaşlanması pensiya xərclərini artırır, hökumət müdafiəyə daha çox vəsait ayırmaq istəyir, eyni zamanda məktəblərdə müəllim çatışmazlığı, siniflərin həddindən artıq dolması və köhnəlmiş infrastrukturla bağlı narazılıq böyüyür.
Fransa hökuməti ötən həftə büdcə kəsirini azaltmaq üçün böyük xərc ixtisarları və vergi artımları təklif edib. Lakin investorlar gələn il keçiriləcək prezident seçkiləri ərəfəsində parlamentin bu tədbirləri yumşalda biləcəyindən ehtiyatlanırlar.
Maliyyə bazarlarında narahatlıq artıq özünü göstərməyə başlayıb. Fransa və Almaniya dövlət istiqrazlarının gəlirliliyi arasındakı fərq 2012-ci ildən bəri ən yüksək həddə çatıb. Bu, investorların Fransa borcunu Almaniya borcu ilə müqayisədə daha riskli hesab edərək daha yüksək gəlir tələb etdiklərini göstərir.
Məhz bu vəziyyət Avropada 2010-cu illərin əvvəllərində yaşanan borc böhranının təkrarlanması ilə bağlı müqayisələrə səbəb olub.
“Oxford Economics”in Avropa üzrə baş iqtisadçısı Anxel Talavera CNN-ə bildirib ki, Fransanın iqtisadi ölçüsü və sistem üçün əhəmiyyəti nəzərə alınarsa, böhranın digər ölkələrə yayılması ehtimalının təsiri son dərəcə böyük ola bilər.
“Bu, potensial olaraq bütün region üçün ciddi böhrana səbəb ola bilər”, – iqtisadçı xəbərdarlıq edib.
Fransa ilə bağlı narahatlıqlar avroya da təsir göstərib. CNN-in məlumatına görə, vahid Avropa valyutası dollar qarşısında 2025-ci ilin mayından bəri ən zəif səviyyəsinə enib və təxminən 1,12 dollar ətrafında ticarət olunub.
Problem yalnız Fransa ilə də məhdudlaşmır. Son həftələr Fransa, Almaniya və Böyük Britaniya dövlət istiqrazlarının gəlirliliyi çoxillik rekordları yeniləyib.
CNN-in danışdığı iqtisadçılar xəbərdarlıq edirlər ki, yüksək istiqraz gəlirliliyi kreditlərin bahalaşmasına, mənzil və avtomobil alışının çətinləşməsinə, investisiyaların azalmasına və hökumətlərin borclanma xərclərinin yüksəlməsinə gətirib çıxara bilər.
“Capital Economics”in Avrozona üzrə baş iqtisadçı müavini Cek Allen-Reynolds vəziyyəti ümumiləşdirərək bildirib ki, Avropa ölkələrinin dövlət maliyyəsindəki problemlər artıq “Avrozona maliyyə bazarları və iqtisadiyyatı üçün ciddi risklər” yaradır.
loading...