Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı və Pirallahı rayonlarının bəzi ərazilərində su problemi hələ də davam edir.
Ötən gündən etibarən su təminatında yaranan fasilə ilə bağlı “İri Şəhərlərin Su Təchizatı” QSC tərəfindən suyun oktyabrın 7-də səhər saatlarında bərpa ediləcəyi bildirilsə də, artıq gecə saat 23:00-dır və bir sıra ərazilərdə sakinlər hələ də susuzdur.
Üstəlik, problem artıq yalnız evlərdə deyil, marketlərdə də özünü göstərir. Sakinlərin sözlərinə görə, insanlar məcbur qalaraq içməli su almaq üçün marketlərə üz tuturlar. Lakin suya tələbatın kəskin artması səbəbindən bəzi marketlərdə də satılan su qalmayıb.
Məsələ ilə bağlı qurumun mövqeyi isə sakinlərin yaşadığı vəziyyətlə ziddiyyət təşkil edir. Qurumdan suyun verildiyi, əksər ərazilərə çatdığı və hazırda xətlərin dolmasının gözlənildiyi bildirilir.
Lakin sakinlər bildirirlər ki, saatlarla kranlardan su gəlmir. Bu isə xüsusilə çoxmənzilli binalarda yaşayan ailələr üçün ciddi narahatlıq yaradıb.
loading...