Ateist,komsomolçu, terrorçu- Salman Raduyevin ağlasılmaz həyatı

3-08-2018, 20:48 829 dəfə baxılıb

Ateist,komsomolçu, terrorçu- Salman Raduyevin ağlasılmaz həyatı
Çeçenistandakı səhra komandirləri arasında ən seçilirdi. Onun həyatı da eyni ilə görünüşü kimi ağlasığmaz və qeyri-adi idi. Söhbət Salman Raduyevdən gedir. Hansı ki , sovet sistemi dağılmasa indi bəlkə də Çeçenistanın Kommunist Partiyasının birinci katibi ola bilərdi.



Peyktv.az “Titanik” ləqəbli Salman Raduyevin həyatı haqda söhbət açacaq.



Komsomoldan dağlara gedən yol



Salman Raduyev 1968-ci ildə Çeçenistanın Xasay-Yurt rayonunun Teypa-Gordali kəndində anadan olub. Sonradan ailəsi ilə Qudermesə köçüb. Burada orta məktəbi fərqlənmə ilə bitirib. İnanmaq olmur ki, məktəbdə Salman ən fəal komsomolçu hesab olunurdu. Hətta ateistlərə başçılıq edirdi. Məktəbi qurtardıqdan sonra tikintidə fəhlə işləyən Raduyev hərbi xidmətə çağırılır. Yaxşı xidmət keçdiyinə görə o, burada Kommunist partiyasının sıralarına daxil olur.

Ordudan tərxis olunandan sonra çeçen-inquş Komsomol komitəsinin katibi seçilir. Qorbaçovun “yenidənqurma”sı olmasa bu xəttlə daha irəli gedəcəyi bəlli idi. Ancaq zəmanə başqa cür gəldi.

SSRİ dağıldı. Cövhər Dudayev hakimiyyətə yiyələndikdən sonra İçkeriyanın müstəqilliyi elan edildi. Salman isə prezidentin əmri ilə Qudermesin prefekti (icra başçısı) təyin olundu.

Az keçmiş o, “prezidentin beretleri” adlanan silahlı qruplaşma yaratdı. Rus qoşunlarının Çeçenistana soxulmasından sonra Raduyev dağlara çəkildi. Vedeno dağlarında Şamil Basayevin dəstəsi ilə birləşən raduyevçi partizanlar əsasən Qudermes rayonu ərazisində diversiyalar törədir, hərbi eşalonları, dəmir yollarını partladır, düşmənin ərzaq ehtiyyatını məhv edirdilər.

Raduyevi məhşurlaşdıran Gizlyar yürüşü oldu. Belə ki, Buyonsvskda ruslara dağ çəkən Şamil Basayevin uğuru Salmana rahatlıq vermirdi. Paxıllığndan alışıb-yanan Raduyev səhra komandiri Hünkarpaşa İsrafilovla Dağıstanın Gizlyar şəhərinə hücum planı hazırlayır. 1996-cı ilin 9 yanvarında 100-dən artıq raduyevçi gecə vaxtı şəhərə daxil olur. Döyüşçülər əvvəlcə vertolyot bazasını ələ keçirmək istəsələr də, buna nail ola bilmirlər. Ancaq bir neçə xidməti maşını və vertolyotu yandırırlar. Daxili qoşunların dislokasiya olunmuş ərazisini ələ keçirmək də uğursuz alınanda onlar xəstəxananı və doğum evini tuturlar.

Yaxınlıqdakı evlərdən dinc əhalini silah gücünə xəstəxanaya yığıb-doldururlar. Xəstəxananın ikinci mərtəbəsini minalayıb girovları orada yerləşdirirlər. Əgər hücum baş verərdisə girovlar terrorçularla birlikdə məhv olmalı idilər.

Əlacsız qalan hökumət şərtlərlə razılaşır. Raduyev girovların bir hissəsini buraxmağa qərar verir. Söz verir ki, Çeçenistanla inzibati sərhəddə qalan əsirləri təhvil verəcək. Lakin sərhəddə yerləşən Pervomaysk kəndinə çatanda əsirləri azad etməkdən imtina edir. Danışıqlar nəticəsiz qalır.

Rus hərbçiləri 15-18 yanvar aralığında dəfələrlə kəndə hücum edirlər. Döyüşçülərin çoxu öldürülsə də, Raduyev qalan qüvvə ilə mühasirəni yarıb aradan çıxır.



Başdanxarab



Salman reydini uğurla tamamlasa da öz istəyinə nail olmadı. Birincisi, öz dəstəsinin çox hissəsini itirdi. Ən əsası isə məşhurluqda Basayevə çata bilmədi. Çünki Budyonovskdan fərqli olaraq Gizlyar müsəlman şəhəri idi və çeçenlər indiyənədək mücahidlərə loyallıq göstərən dağıstanlılarn timsalında qan düşməni qazandılar.

Salman Raduyev özünü həmişə Dudayevin kürəkəni kimi qələmə verirdi. Həqiqətdə isə o, prezidentin uzaq qohumunun qızı ilə evlənmişdi. O, Dudayevin həlak olması ilə qüdrətli hamisini itirdi. Həyatında qara zolaqlar başlayan Raduyevin avtoriteti aşağı düşürdü.

1996-cı ilin mart ayında qəzetlərdə Raduyevin həlak olması haqda məqalələr də dərc olundu. Ancaq Salman ölməmişdi, sadəcə, sui-qəsd nəticəsində başından ağır yaralanmışdı. Xarici ölkələrin birində müalicə olub iyunda yenidən Çeçenistana qayıtdı və Rusiyani yeni terror aktları ilə hədələdi. Halbuki, həmin vaxt İçkeriyanın yeni prezidenti Zəlimxan Yandarbiyev federallarla atəşkəs haqda razılığa gəlmişdi. Lakin Raduyev buna məhəl qoymadı. 1997-ci ildə Pyatiqorskda, Armavirdə, o cümlədən Yahidi Muxtar Vilayətinin Bira qəsəbəsində terror aktlatı törətdi.

Yandarbiyevdən sonra prezident olan Aslan Məshədov Raduyevi dəli, şizofrenik adlandırırdı. Bu sözlərə görə Raduyev prezidenti şəriət məhkəməsinə verdi. Ancaq şəriət məhkəməsi Rusiya ilə sülh danışıqlarını pozduğuna görə Raduyevin özünü suçlu çıxardı.

İçkeriyada Salmanın əleyhdarları artır. Ona qarşı dəfələrlə sui-qəsdlər təşkil olunur. 1997-ci lin oktyabrında isə sui-qəsdlərdən biri nəticəsində o ölümcül yaralanır. Ancaq həkimlər bu dəfə də Salmanın həyatını xilas edirlər. O, cərrahiyyə əməliyyatı olunaraq kəllə sümüyünün çox hissəsini və gözünün birini itirir. Kəllə sümüyü titan lövhə, gözü isə süni gözlə əvəz olunur. Buna görə Salmana “Titanik” ləqəbi verilir.

İmicini dəyişərək səhnəyə qara eynəkdə və ərəb beysbolkasında qayıdan Raduyev yenə başqa səhra komandirlərinin əsəbi ilə oynamağa başlayır. Çoxları “başdan yaralanmış”la ehtiyyatlı davranır.

Çeçenistanın təbliğat naziri Mövladi Uduğov istehza ilə onu siyası yox, tibbi “problem” adlandırırdı. Salmanın siyasi avtoriteti getdikcə heçə enir. Döyüşçülərin çoxu onu tərk edib başqa komandirlərin bayrağı altına keçirlər. “Titanik”in yanında 70-80 nəfər ən yaxın silahdaşı qalır.

Beləcə, 2-ci Çeçen müharibəsi zamanı Raduyev elə də rol oynamır. Baş ağrılarından əziyyət çəkən Salman heç bir əməliyyatda iştirak etmir. Rusiyanın ünvanına ara-sıra hədələri isə federallar ciddiyə almır.

2000-ci ili mart ayında FTX Raduyevi həbs edir. Bəziləri deyir ki, onu elə çeçenlər özləri təhvil vermişdi. İstintaq zamanı Radiyev özünü günahkar hesab etmədiyini və Ali Baş Komandanın - Dudayevin əmrlərini yerinə yetirdiyini deyir.

25 dekabr 2001-ci ildə Raduyev Mahaçkalada keçirilən məhkəmədə ömürlük həbs cəzası alır. Cəzasını Solokamskda çəkən Salman çox yaşamadı. 2002-ci il, 14 dekabrda “Titanik” ləqəbli çeçen səhra komandiri Salman Raduyev öldü. Həkimlər onun ölüm səbəbini düz-əməlli izah edə bilmədilər. Belə söz gəzdi ki, hadisədən 2 gün əvvəl Raduyev istintaqa çeçen emissarı Əhməd Zakayev haqda ifadə veribmiş və buna görə yerlilərinin sifarişi ilə öldürülüb. Ancaq bu çox güman ki, elə FTX tərəfindən buraxılan yalan idi.

Salmanın yaşaması heç kimə sərf etmirdi.

İlqar Atabəyli


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR