Neft ölkələri “qara zolaq”da: Necə çıxacaqlar?

13-03-2020, 15:47 48 dəfə baxılıb

Neft ölkələri “qara zolaq”da: Necə çıxacaqlar?


Qlobal neft bazarında davam edən dalğalanma “qara qızıl” hasil edən ölkələrin təlatümünə səbəb olub.

Belə ki, martın 9-da “Brent” markalı neftin qiymətinin 30% ucuzlaşaraq 31 dollar səviyyəsində qərarlaşması bir çox ölkələrdə təhlükəli hədd kimi qəbul edildi. Martın 11-də Bakı vaxtı ilə saat 08:00-da Brent nefti 38,47 dollara qalxıb. Neftin qiymətinin kəskin ucuzlaşması “qara qızıl” istehsalçısı olan ölkələri neft böhranı ilə üzbəüz qoymaq riski yaradır.

“Cümhuriyət”ə açıqlamasında neft məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib ki, Neftin qiymətlərində sürətli enmələr müvəqqəti xarakter daşıyır:

“2014-cü ildən başlayaraq neftin qiymətində enmələrin müşahidə edilməsindən sonra 2016-cı ildə OPEC və OPEC+ dövlətlərin Vyana sazişi çərçivəsində bazarın tənzimlənməsi ilə bağlı atdıqları addım ən uğurlu format idi. Çünki neft kommersiyalaşandan bu günə qədər uzun bir tarix keçib. Bütün zamanlarda neft bazarları ayrı-ayrı şirkətlər və neft hasil edən ölkələr tərəfindən müxtəlif formalarda tənzimlənib. 1960-ci ildə yaranan OPEC, 1973-cü ildən sonra neft bazarının tənzimlənməsi ilə bağlı öz daxilində xüsusi kvota siyasəti yürüdüb. Eyni zamanda OPEC-ə daxil olmayan ölkələr də, məsələn, keçmiş Sovetlər Birliyi, Norveç və digər neft ixrac edən ölkələr, bazarda tələb və təklif prinsipinə əsaslanaraq neft hasilatını və ixracını tənzimləyiblər. İndi OPEC+ formatı aprelin 1-dən öz qüvvəsini itirir. Ondan sonra bazarın tənzimlənməsi yenə də mümkün olacaq. Yəni, OPEC ayrılıqda üzv dövlətlərlə bazarı tənzimləməyə çalışacaq. OPEC-ə üzv olmayan dövlətlər də bazardakı tələb-təklif münasibətini nəzərə alaraq hasilat və ixrac həcmlərini tənzimləyə çalışacaqlar. Neftin indiki qiymətlərində sürətli enmələr isə müvəqqəti xarakter daşıyır. Bir müddətdən sonra neftin qiymətində müəyyən sabitlik yaranacaq. Çünki hal-hazırda neftin qiymətinin sürətli düşməsi və düşmənin dibə vurması bu məhsulun istehsalçısı olsan heç bir dövlətə sərf etmir”.

Ekspert neftin qiymətinin ilin əvvəlindəki səviyyəyə qalxma imkanlarından da danışıb:

“Neft bazarında gec-tez sabitlik yaranacaq. Amma neftin ilin əvvəlindəki qiymətlər səviyyəsinə çatdırılmasına müəyyən bir zaman lazımdır. Çünki neftin qiymətində kəskin ucuzlaşmanın baş verməsinin bir tərəfi OPEC+ sazişinin iflasa uğraması ilə bağlıdırsa, digər tərəfi dünyadakı iqtisadi göstəricilərlə bağlıdır. Bu ilin əvvəlində həm Beynəlxalq Enerji Agentliyi, həm OPEC, həm aparıcı enerji şirkətləri, həm də Beynəlxalq Maliyyə Qurumları neftə olan tələbatın keçən illə müqayisədə 1.2-1.3 milyon barel artacağını hesablamışdılar. Amma bir neçə aydan sonra bu məsələdən vaz keçdilər. Çünki neftə olan tələbat dünyanın hazırkı iqtisadi göstəricilərinə adekvat deyil. Keçən il neftə olan gündəlik tələbat 99.9 milyon barel olub. Bu il isə ola bilər ki, neftə olan tələbat keçən illə müqayisədə daha az olsun, yaxud dəyişməz qalsın. Hazırda qlobal neft bazarlarındakı mövcud vəziyyətlə bağlı dayanıqlı proqnoz vermək çətindir. Amma bütün hallarda həmişə bazarın tənzimlənmə mexanizmi mövcud olub və olacaq da. Çünki əvənəvi enerji növü ola neft, Şis neftindən tamamilə fərqlənir. Bunlar həm satış mexanizmi, həm marketinqi, həm hasilatı, həm də tətbiq olunan texnologiya baxımından bir-birinə daban-dabana ziddir. Ənənəvi neftin bazar tənzimlənməsi tələb-təklif mexanizmi üzərində köklənir. Şis neftin bazar tənzimlənməsi isə bazar qiymətinə söykənir. Buna görə də OPEC və OPEC-ə daxil olmayan dövlətlər hasilat və ixrac həcmlərinə əl gəzdirəcəklər. Ola bilməz ki, bazar tənzimlənməsin. Çünki tənzimlənməsə, bazarda xaotik vəziyyət yaranar. Bu da heç bir neft ixrac edən və istelakçı dövlətlərin maraqlarına uyğun gəlmir”.

Zəfər Vəliyev neft bazarında tənzimlənmənin aprel ayından sonra mümkün olacağını da qeyd edib:

“Qlobal neft bazarının tənzimlənməsi ola bilər ki, aprel ayından sonra baş versin. Çünki hələlik hasilat həcminin artımında heç nə müşahidə olunmayıb. Rusiyanın birtərəfli qaydada OPEC+ sazişindən çıxması, yəni əlavə kəsintilərə getməməsi ilə bağlı qərarından sonra Səudiyyə Ərəbistanı aprel ayına olacaq satış qiymətlərində dəyişikliklər etdi. Səudiyyə Ərəbistanı həm Asiyalı müştəriləri üçün, həm şimal-qərbi Avropa ölkələrindəki müştəriləri üçün, həm də Amerika qitəsindəki müştəri bazarları üçün endirimlər etdi. Ortalama endirimlərə görə, hər bareldə 6-7 dollar fərq edir. Bu, əsasən, Ərəb yüngül neftinə aiddir. Bunun ardınca İraq da “Bəsrə Layt”neftinin hər barelində 4-5 dollar endirim edib. Bu da qlobal neft bazarına təsirsiz ötüşmür”.

Səudiyyə Ərəbistanın gündəlik neft istehsalını 12.3 milyon barelə çatdıracağı xəbərinə də toxunan ekspert bu dövlətin bazara çox böyük həcmələrdə neft çıxara bilməyəcəyini də deyib:

“Səudiyyə Ərəbistan neft hasilatını 12.3 milyon barelə çatdıra biləcəyini gündəmə gətirir. Hazırda onun gündəlik neft hasilatı 10 milyon bareldən azdır. Düşünmürəm ki, Səudiyyə Ərəbistanı bazara çox böyük həcmdə neft çıxaracaq. Çıxartsa da, bu, çox qısamüddətli olacaq. İnanmıram ki, Səudiyyə Ərəbistanının ehtiyat hasilat gücü 2 milyon bareldən yuxarı olar. Əks halda, onlar həm ölkə daxilindəki, həm Yaponiyanın Ohlakoma terminalındakı, həm Hollandiyadakı Roterdam terminalındakı, həm də Misirdəki kommersiya təyinatlı neft ehtiyatlarından xarici bazara yönəldilən ixrac həcmlərinə qata bilərlər. Yalnız o zaman bunlar bazara böyük həcmdə neft çıxara bilərlər. Amma Səudiyyə Ərəbistanının birdən-birə və çox qısa müddətə hasilat həcmlərini 2 milyon barel artırması mümkün deyil. Çünki bu nə texnoloji, nə də texniki cəhətdən mümkün deyil. Eyni zamanda bu Rusiyaya da aiddir. Rusiya neft hasilatında maksimum 300 min barel artıma nail ola bilər. Hələ bu həcmin özü də şübhəli görünür. Çünki Rusiya enerji şirkətlərinin tətbiq etdiyi qazma texnologiyası qısa müddətdə hasilat həcmlərinin artmasına imkan vermir. Bunlar hamısı bazara buraxılan spekulyativ məlumatlardır. Neft hasil edən ölkələrin bu böhrandan çıxmasının əsas yolu qlobal bazarın tənzimlənməsidir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR