Azərbaycanda işsizliyin əsas səbəbləri - Nələrə ehtiyac var?

4-05-2021, 10:12 23 dəfə baxılıb

Son bir ildə ölkədə pandemiya rejiminin davam etməsi bir sıra sektorların fəaliyyətini iflic edib. Müxtəlid sektorlarda fəaliyyətin iflici ölkədə işsizlərin sayının artmasına səbəb olub.

Ölkə ərazisində 2020-ci il ərzində yaradılan 9619 yeni müəssisə və təşkilatın 83,2 faizi Bakı şəhərində, 5,1 faizi Abşeron iqtisadi rayonunda, 3,5 faizi Aran iqtisadi rayonunda, 2,8 faizi Gəncə-Qazax iqtisadi rayonunda, 1,4 faizi Şəki-Zaqatala iqtisadi rayonunda, 1,4 faizi Lənkəran iqtisadi rayonunda, 1,1 faizi Quba-Xaçmaz iqtisadi rayonunda, 0,6 faizi Dağlıq-Şirvan iqtisadi rayonunda, 0,5 faizi Naxçıvan Muxtar Respublikasında və 0,4 faizi Yuxarı-Qarabağ iqtisadi rayonunda fəaliyyətə başlayıb.

Daha öncəki illə müqayisədə isə rəqəmlərdə azalmalar var. Belə ki, 2019-cu il ərzində 16448 yeni müəssisə və təşkilat fəaliyyətə başlayıb.

İşsizliyin daha da genişlənməsinin qarşısını almaq üçün bu gün Dövlət Məşğulluq Agentliyi tərəfindən müxtəlif proqramlar icra olunur. Bu proqramlardan biri də ƏMAS platforması haqdadır.

Vahid əmək münasibətləri platforması olan ƏMAS adlı yeni sistem yaranmaqdadır. Bu sistemdə vətəndaşın həmişəlik izlənməsi həyata keçiriləcək, yəni, iş üçün müraciət edən vətəndaşın sonrakı izlənmə prosesi də həyata keçiriləcək. Bu o deməkdir ki, şəxs işdən çıxıbsa, bu zaman Dövlət Məşğulluq Agentliyi onu dəvət edərək yeni işə, yaxud da digər aktiv məşğulluq proqramlarına cəlb edə bilər. Yaxud da həmin şəxsin peşə hazırlıq kursunu daha da təkmilləşdirə bilər.

ƏMAS adlanan sistemin yaranması ilə iş axtaran şəxsin məlumatları digər aidiyyəti qurumlara ötürülmüş olacaq.

Maraqlıdır, işsizliyin əsas səbəbləri nədir və ixtisas seçimi zamanı nələr nəzərə alınmalıdır ki, gələcəkdə bazarda həmin peşəyə tələbat olsun?

Bu haqda UNEC-in (Azərbaycan Dövlət İqtisad Universiteti) Karyera Mərkəzinin idrektoru Ramil Cabbarov Sputnik Azərbaycan-a danışıb. O, ixtisas planlamasının iş və işsizliyə təsirindən söz açıb: "Bilik və bacarıqlar zamanında əmək bazarına uyğunlaşdırılmalıdır. Yəni, yanlış ixtisas seçimi, ixtisas üzrə bilik və bacarıqların təkmilləşdirilməməsi, spesifik ixtisaslarla bağlı kadr çatışmazlığının işsizliyə təsiri var. Düşünürəm ki, hər hansı proqramlar ola bilər ki, bu sahədə daha çox effektivlik göstərməyə yardımçı olsun. Xüsusən də əmək bazarında tələbatın dəyişildiyi peşələr var. Hansı ki, ildən-ilə bu peşələrə maraq daha da artır. Rəqəmsallaşma ilə bağlı bəzi ixtisaslar var ki, ildən-ilə onlara tələb daha da artır".

İşsizliyin qarşısını almaq üçün insanlar iş yeri axtarmadan belə, özləri də iş yerləri yarada bilərlər: "Düzdür, düşünürəm ki, bu o qədər də asan bir iş deyil, lakin kiçik "startup"la başlayıb yeni biznes ideyaları ortaya ataraq, bu ideyaları təkmilləşdirərək bazarın tələblərinə uyğun olaraq öz iş yerlərini də yarada bilərlər".

"UNEC hər il 3 min 200-ə yaxın məzunu bazara çıxarır. Bizim tələbələrimizin əksəriyyəti, maliyyə, mühasibarlıq, menecmentlik istiqamətləri üzrə iş tapırlar. Onların bir qismi biliklərini daha da təkmilləşdirir, bir qismi başqa ixtisaslara yönəlirlər. Başqa ixtisaslara yönələn şəxslər bazarın tələblərini düşünürək belə addım atırlar. Bu şəxslər düşünürlər ki, bazarda yaranan yeni ixtisaslar daha çox diqqətçəkicidir", - deyə o əlavə edib.

O son zamanlar bizneslə bağlı təhsilə marağın artdığını qeyd edir: "Xüsusən də biz MBA (Master Business Administration) proqramlarında bunu görə bilirik. Burada baza təhsili önəm daşımır. Elə şəxslər var ki, tibb təhsili alır, amma düşünür ki, biznes sahəsində daha çox uğurlu ola bilər. Bu sahəyə inanılmaz dərəcədə tələb var. Kadrlar humanitar bakalavr təhsillərini biznes təhsilləri ilə tamamlayırlar".

İşsizliyin miqyasının azaldılması üçün başqa nə kimi addımların atılmasına ehtiyac var?

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında öncə işsizliyi doğuran problemlərdən söz açıb: "İşsizliyin miqyası son 1 ildə xüsusən pandemiyaya görə artdı. Yəni, rəsmi rəqəmlərdə bu, 7 faiz olaraq göstərilsə də, qeyri-rəsmi olaraq isə müşahidələr onu göstərir ki, bu göstərici 15-20 faiz arasındadır. Çünki kifayət qədər sektor var ki, onlar pandemiya ilə əlaqədar olaraq fəaliyyət göstərmədi, yaxud da qismən olaraq fəaliyyət göstərdi. Hansı ki, həmin sahələrdə kifayət qədər işçi çalışırdı. İaşə sektorunda dövriyyə 2-3 dəfəyədək azalıb. Kütləvi tədbirlərin təşkili demək olar ki, mümkün deyil. Şadlıq evləri, restoranlar işləmir. Metodologiyanın özündə nöqsan olduğundan və uçotla bağlı problemə görə bütün bunlar özünü tam əks etdirə bilmir".

"Bəzən müşahidə olunur ki, kifayət qədər iş yeri olsa da, əmək bazarına daxil olanların bilik və bacarıqları təklif olunan iş yerləri üçün yetərli hesab edilmir. İnformasiya texnologiyaları həm iqtisadiyyatda, həm də digər sahələrdə geniş tətbiq olunur. Belə olan halda məcbur qalıb kənardan mütəxəssislər də cəlb olunur. Bu gün valideynlər övladlarını hansısa ixtisasa yönləndirmək istəyərkən gələcəyin ixtisasları ilə bağlı düşünməlidirlər. Yəni, gələcəkdə bu ixtisasa nə dərəcədə tələbat olacaq araşdırılmalıdır. Bir sıra fəaliyyət istiqamətləri var ki, onlar artıq öz aktuallıqlarını itirirlər. Onlar bu gün elektronlaşma ilə əlaqədar olaraq bu gün bir fəaliyyət sahəsi kimi mərhələli şəkildə sıradan çıxırlar", - deyə iqtisadçı əlavə edib.

R.Həsənov digər problemə də toxunub. O bildirir ki, orta ömür göstəricisi ilə müqayisədə ölkədə pensiya yaşı yüksəkdir: "Bu amil də iqtisadi fəal əhalinin sayının süni şəkildə çox olmasına gətirib çıxarır. Pensiya yaşı 60 olsa, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon deyil, təxminən 4.4 milyon olacaq. Bu da bazarda əmək tələbi ilə uzlaşmaya şərait yarada, eyni zamanda insanların normal orta göstəricilərə uyğun şəkildə gözlənilən pensiya yaşı dövründə pensiya almasına şərait yarada bilər".

İqtisadçı-ekspert bildirib: "İşsizliyin azalması üçün kompleks tədbirlərə ehtiyac var. İlk olaraq iqtisadiyyat inkişaf etməlidir. İqtisqadiyyat istehsal etməlidir, iqtisadiyyat ixrac etməlidir. Bizdə hər şey idxal olunur. Belə olan halda yalnız daşınma, tədarük və pərakəndə satış zamanı əməyə tələb yaranır. İqtisadiyyat həm üfüqi, həm də şaquli şəkildə şaxələnməlidir. İqtisadiyyatın ixrac potensialının cəmi 90 faizi neft sahəsindədir. Cəmi 30 min işçi bu sahədə çalışır. Yəni, əhalinin cəmi 30 mini ixracın 90 faizini təşkil edən sahədə çalışır. Vəziyyət kifayət qədər acınacaqlıdır. İqtisadiyyat balanslaşdırılmalıdır, digər sahələr, xüsusi ilə də əmək tutumlu sahələrin inkişafı diqqət mərkəzində olmalıdır. Proqramlar effektiv şəkildə icra olunmalıdır".

"Biznes planlarının düzgün qiymətləndirilməməsi, ilkin mərhələdə keyfiyyətli təlimlərin keçirilməməsi, biznes mühitə tam olaraq hazır olmamaq kimi problemlər var. Proqramlar təkmilləşdirilməli, inkişaf etdirilməlidir", - deyə iqtisadçı əlavə edib.

R.Həsənov bildirir ki, digər problem təhsil sistemi ilə bağlıdır: "Təhsil sistemi bu günün tələblərinə uyğun kadr yetişdirmir. Çox az sayda universitetlər keyfiyyətli kadr yetişdirə bilirlər. Azərbaycan bu göstəricilərə görə dünyada ən aşağı yerdədir. Əqli inkişaf səviyyəsini göstərən amillərdən biri də patentlikdir. Təsəvvür edin ki, 2014-2020-ci illərdə patentə 171 müraciət olub. Bunlardan cəmi 16-sı qeyri-rezidentlər üzrə olub. 2010-cu ildə isə müvafiq göstərici 2070-dən çox idi. 2018-ci ildə hər milyon nəfərə düşən göstəricilərə görə, biz Gürcüstanla müqayisədə xeyli geri qalırıq. Bizdə bu rəqəm 16, Gürcüstanda isə 42-dir. Türkiyədə isə bu göstərici 38-dir.

Bu o deməkdir ki, Azərbaycan dördüncü sənaye inqilabi dövründə inkişafa hazır deyil və bunun üçün kadrlar yetişdirə bilmir. Məşğulluq strategiyası icra olunur. Məşğulluq strategiyası dövründə qarşıya qoyulan hədəflər var ki, bunlar ağlabatan, eyni zamanda da dəyişikliyə səbəb ola biləcək hədəflərdir. Lakin bunların icrası, buna nail olunması məsələsi ciddi şübhələr doğurur".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR