Əmək bazarında dərin böhran - işsizlik sosial gərginlik mənbəyi kimi...

4-06-2021, 16:17 226 dəfə baxılıb

Koronavirus pandemiyasının insanların həyatında yaratdığı ən böyük problemlərdən biri işsizliyin artmasıdır. Ötən il yaşanan ağır iqtisadi böhran nəticəsində dünyada yüz milyonlarla insan iş yerindən məhrum olub. Qlobal iqtisadiyyat yalnız son aylarda pandemiyanın təsirlərindən çıxmağa başlayıb. Lakin bu proses ötən il bağlanan iş yerlərinin sayı qədər yeni iş yerinin yaranmasına hələ gətirməyib.

BMT Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, 2021-ci il ərzində koronavirus pandemiyasının təsiri ilə dünyada işsizlərin sayı ən azı 220 milyon nəfər artacaq. Təşkilatın açıqladığı hesabatda qeyd edilir ki, dünyada işsizlərin sayı pandemiyadan əvvəlki səviyyədən yuxarı olaraq qalmaqdadır. Bu vəziyyəti böhrandan əvvəlki səviyyəyə qaytarmaq isə 2023-cü ildən tez mümkün olmayacaq. 2022-ci ildə işsizlərin sayı 205 milyon nəfər artacaq. Lakin bu, yenə də 187 milyon nəfərin iş yerini itirdiyi 2019-cu ildən çox olacaq: "Məşğulluq səviyyəsinin artımı ən azı 2023-cü ilədək itkiləri kompensasiya edəcək qədər olmayacaq”.

Beynəlxalq Əmək Təşkilatının iqtisadçısı Ştefan Kyun "Reuters”ə bildirib ki, əksər iş yerlərində işçilərin iş saatlarının azaldılmasını da nəzərə alsaq, pandemiyanın əmək bazarına neqativ təsirinin daha genişmiqyaslı olduğunu görmək olar. 2020-ci ildə qısaldılma üzündən itirilən iş saatları 144 milyon tam işçi yerinə bərabər olub.

Təşkilat bildirir ki, pandemiyanın əmək bazarında ən çox təsir etdiyi qruplar qadınlar, gənclər və kölgə iqtisadiyyatında çalışan 2 milyard insan olub. Hesabatda qeyd olunur ki, 2019-cu illə müqayisədə kasıb və ifrat kasıb işçilərin sayı 108 milyon nəfər artıb.

Pandemiyanın ağır təsirlərini üzərində hiss edən Azərbaycanda da 2020-ci ildə işsizlərin sayında artım olub. Hökumətin iş yerlərinin saxlanması məqsədilə sahibkarlara etdiyi yardıma rəğmən, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda işsizlərin sayı ötən il 375,9 min nəfər olub ki, bu da 2019-cu illə müqayisədə təxminən 122 min çoxdur.

2020-ci ildəki bütün çətinliklərə rəğmən, rəsmi statistikaya görə, Azərbaycanda 129 min yeni iş yeri açılıb. Bunun 54,9 faizi qeyri-dövlət sektorunda, qalanı dövlət sektorunda olub. Yeni iş yerlərinin 69,3 faizi Bakı şəhərinin, 0,7 faizi Naxçıvan Muxtar Respublikasının, 30,0 faizi digər regionların payına düşüb. Yeni açılmış iş yerlərinin 6,2 faizi yeni yaradılmış, 74,8 faizi mövcud, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 18,7 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Bununla yanaşı, 2020-ci il ərzində ölkədə 20,1 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 28,1 faizi qeyri-dövlət, 71,9 faizi isə dövlət sektorunun payına düşüb. İş yerlərinin 20,4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 79,6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla bağlı bağlanıb.

Bu ilin birinci rübü ərzində ölkədə 13,2 min yeni iş yeri açıldığı bildirilir. Rəsmi statistika deyir ki, bu iş yerlərinin 87,6 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 79,9 faizi Bakı şəhərinin payına düşüb. Yeni açılmış iş yerlərinin 10,9 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 85,5 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 3,2 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Bununla yanaşı, 2021-ci ilin I rübü ərzində ölkədə 1,7 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 62,7 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 28,4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 71,6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlara görə bağlanıb.

Maraqlıdır ki, Azərbaycanda işsizlik statistikasında ciddi ziddiyyətlər var. Belə ki, 2020-ci ildə ölkədə 129 min yeni iş yeri yaradılıb, 20 min iş yeri bağlanıb. Yəni muzdlu işçi sayında ən azı 109 min nəfərlik artım qeydə alınmalıydı. Amma rəsmi statistikaya görə, 2020-ci ilin 1 yanvarına Azərbaycanda muzdla işləyənlərin sayı 1 milyon 645,4 min nəfər olub. 2021-ci ilin 1 yanvarında isə bu say 1 milyon 691,8 min nəfər təşkil edib. Bu isə 2021-ci ilin 1 yanvarınadək - yəni 2020-ci il ərzində muzdlu işçi sayında cəmi 46,4 min nəfərlik artımın olması deməkdir.

Diqqətçəkən bir məqam budur ki, cari ildən ölkədə muzdlu işçi sayının azalması qeydə alınır. Düzdür, bu il aprelin 1-i vəziyyətinə olan 1 milyon 679,7 min nəfər muzdlu işçi mart ayının 1-nə olan göstəricidən (1 milyon 678,5 min nəfər) 1200 nəfər çoxdur. Amma bu, yanvarın 1-nə olan göstəricidən 12,1 min nəfər azdır. Halbuki rəsmi statistika birinci rüb ərzində bağlanan iş yerlərinin sayını cəmi 1,7 min göstərir. Aydındır ki, işsizlik istənilən ölkədə sosial gərginlik mənbəyi hesab olunur.

Ölkədə işsizlik səviyyəsinin yüksək olması Milli Məclisdə də müzakirə olunub. Deputat Elşad Mirbəşiroğlu çıxış edib. Deputat xüsusilə gənclər arasında işsizliyin miqyasının ildən-ilə artdığını bildirib: "Dünyada işsizlərin sayı 300 milyondan artıqdır. Bunun təxminən 20 faizə qədəri sahibkarlıq yaratmaq imkanlarına malik şəxslərdir. Azərbaycanda isə gənc sahibkarlığın inkişafı istiqamətində müxtəlif layihələr, proqramlar tətbiq edilir. Amma bu istiqamətdə intensivliyin artırılması arzu ediləndir. Ölkəmizdə gənc sahibkarlığın inkişafı məsələsinə diqqət ayrılmalıdır. Ağdamda sənaye parkının yaradılması haqda qərar verildi. Hesab edirəm ki, işğaldan azad edilən ərazilərdə gənc sahibkarlığın inkişafı prioritet kimi götürülməlidir”.

İqtisadçı-alim Elşad Məmmədovun "Yeni Müsavat”a dediyinə görə, dünya iqtisadiyyatının dərin bir böhran keçirdiyi şəraitdə Azərbaycanın təsirlənməməsi mümkün deyil: "Pandemiyanın mənfi təsirləri işsizliyin artımında mühüm rol oynayır. Lakin düşünürəm ki, əmək bazarındakı problemlər yalnız pandemiya ilə bağlı deyil. Qlobal iqtisadiyyatda dərin struktur dəyişiklikləri baş verir, yeni texnoloji quruluş formalaşır. Bu quruluş çərçivəsində bır sıra peşələr bütövlükdə əmək bazarından kənarlaşır. Buna görə də mən əmək bazarında iş yerlərinin bağlanması, əmək resurslarının yenidən ixtisaslaşmadan keçməsi kimi çox ağrılı prosesin sürətlənməsini gözləyirəm. Düşünürəm ki, Azərbaycan iqtisadiyyatında da köklü dəyişikliklərin, o cümlədən əmək bazarında da - şahidi olacağıq. Eyni zamanda unutmayaq ki, yeni texnoloji quruluş yeni sahələrin ön plana çıxmasını şərtləndirir. Rəqəmsallaşma bu gün artıq zamanın reallığıdır, iqtisadiyyatın bütün sferalarında əksini tapır. Bütün bunlar pandemiya ilə birlikdə əmək bazarına ciddi təzyiqlər yaradır”.

Ekspert hesab edir ki, pandemiya şəraitində Azərbaycan hökuməti əmək bazarının qorunması, yeni iş yerlərinin yaradılması, özünüməşğulluğun təmin olunması istiqamətində bir sıra tədbirlər həyata keçirir: "Eyni zamanda əmək resurslarına ünvanlı ödənişlər həyata keçirilir. Bu, işsizliyin daha da çoxalmasının qarşısını müəyyən qədər alır. Lakin iqtisadi problemlər o qədər dərindir ki, yalnız hansısa sosial ödənişlərin verilməsi ilə bu sahədə dayanıqlı müsbət nəticələr əldə etmək mümkün deyil. Buna görə də hesab edirəm ki, biz dünya təcrübəsinə, iqtisad elminə əsaslanıb, yerli spesifikaları nəzərə almaqla köklü dəyişiklikləri təmin edəcək addımlar atmalıyıq. Yeni iş yerlərinin açılması, əmək bazarının qorunması nöqteyi-nəzərindən ən effektiv mexanizm daxili investisiyaların həcminin artırılmasıdır. Ölkəmizdə mövcud olan dərin struktur problemindən yalnız daxili investisiya resurslarının artırılması ilə çıxmaq mümkündür. Bundan sonra da ölkədə daxili investisiyalar azalacaqsa, bu problemləri dayanıqlı şəkildə aradan qaldırmaq mümkün olmayacaq. Ona görə də pul-kredit siyasətinə yenidən baxılmalı, iqtisadiyyata istiqamətlənmiş əsas kapital qoyuluşlarının həcmi xeyli dərəcədə artırılmalıdır. Artan pul kütləsinə isə dövlət tərəfindən effektiv nəzarət olunmalıdır. Yalnız bu yolla biz əmək bazarını qoruya, məşğulluğun dinamik artımını təmin edə bilərik”.

Azərbaycanda dövlətin həyata keçirdiyi məşğulluq tədbirlərinin mühüm hissəsi İşsizlikdən Sığorta Fondunun hesabına maliyyələşdirilir. Fondun 2021-ci il üçün xərcləri gəlirlərinə bərabər olmaqla 157,8 milyon manat nəzərdə tutulub. Bu isə 2019-cu ilin müvafiq göstəricisindən 2,3 dəfə, 2020-ci ilin göstəricisindən isə 4,3 faiz çoxdur.

Bu vəsaitin 68 milyon 774,2 min manatı özünüməşğulluq tədbirlərinin təşkilinə yönəldiləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin məlumatına görə, ilk dörd ayda 4158 nəfər bu proqrama cəlb olunub. Ümumilikdə agentlik bu ilin yanvar-aprel aylarında 42,4 minədək işsiz və işaxtaran şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib. Onlardan 38217-nin münasib işlərlə təminatı həyata keçirilib. Bundan əlavə, sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla, tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair xüsusi tələblərə riayət edilərək, 2021-ci üzrə peşə hazırlığının təşkili işlərinə də başlanıb. 18 işsiz və işaxtaran şəxs dərzi peşəsi üzrə hazırlıq kursuna cəlb olunub.

Agentliyin həyata keçirdiyi daha bir məşğulluq proqramı sosial iş yerlərində əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramıdır. Ötən müddət ərzində bu proqram çərçivəsində sosial cəhətdən həssas qruplardan olan 536 şəxsə münasib iş yerlərinə göndəriş verilib. Onlardan mühüm bir hissəsi şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olanlardır. Göndəriş verilən şəxslərlə işəgötürənlər arasında artıq əmək müqaviləsi bağlanıb və onlar işə başlayıblar.

Proqramda iştirak üçün bu günədək 71 işəgötürənlə müqavilə imzalanıb və iş yerlərinə göndəriş verilən şəxslər də həmin işəgötürənlərə aid müəssisələrdə işlə təmin olunurlar. Nazirlər Kabinetinin qərarına əsasən sosial iş yerlərində iki ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqının müəyyən hissəsi üç aydan az və on iki aydan çox olmayan müddətdə agentlik tərəfindən maliyyələşdirilir.

Sosial iş yerlərinin təşkili zamanı əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, şəhid ailəsinin üzvlərinə, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR