Azərbaycanda torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsi, torpaqların konsolidasiyası üçün hüquqi baza formalaşdırılması nəzərdən tutulur. Bu məqsədlə Torpaq Məcəlləsində, Mülki Məcəllədə, "Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Torpaq bazarı haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlarda dəyişiklik edilməsi planlaşdırılır.
Müvafiq qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.
İclasda qeyd olunub ki, Torpaq Məcəlləsində dəyişiklik kənd təsərrüfatı torpaqlarının kiçik hissələrə parçalanmasının qarşısını almaq, torpaq resurslarından tam istifadə etmək məqsədi daşıyır, çünki parçalanma torpağın əkin məqsədilə istifadəsini azaldır, texnikadan səmərəli yararlanmaya mane olur, effektiv suvarma sistemleri qurulmasını çətinləşdirir, toxum, gübrə və digər aqrotexniki vasitələrdən məqsədyönlü istifadəni zəiflədir. Nəticədə istehsal xərcləri artır, məhsuldarlıq aşağı düşür, kənd ərazilərinin sosial-iqtisadi inkişafı ləngiyir. Bu sahəyə dair xüsusi hüquqi tənzimlənmənin olmaması isə torpaqların konsolidasiyasının ölkə miqyasında tam həyata keçirilməsinin qarşısını alır. (report)
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Musavat.com-a şərhində xatırladıb ki, ötən əsrin 90-cı illərində Azərbaycanda özəlləşdirmə prosesi başlayanda kompleks təsərrüfatlara aid olan torpaqlar bölünərək vətəndaşların mülkiyyətinə verildi.
görə, təcrübə göstərib ki, birgə təsərrüfatların idarə olunması üçün tək torpaq yox, böyük infrastruktur lazımdır:
"İnfrastruktur dedikdə yol, su, aqrotexniki imkanlar və s. nəzərdə tutulur ki, kəndli torpaqdan istifadə edə bilsin. Təcrübə göstərir ki, əksər torpaqlarda sözügedən infrastruktur olmadığı üçün ölkədə kənd təsərrüfatı istiqamətində işlər arzuolunan kimi aparılmayıb. Dövlət dəstəyi olub-olmamasından asılı olmayaraq, infrastrukturun əlverişli olduğu ərazilərdən faydalı istifadə olunub. Ucqar ərazilərdə isə vətəndaşlar torpaqdan istifadə edə bilmədiklərinə görə bölüblər, satışa çıxarıblar və s. Bu səbəblər isə gələcəkdə kənd təsərrüfatının inkişafına ciddi problemlər yarada bilər. Hazırda müzakirə olunan məsələlər, nəzərdə tutulan dəyişikliklər problemlərin aradan qaldırılması, o cümlədən gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması ilə bağlıdır".
Qeyd edək ki, layihədə torpaq parçalanmasının yeni formada davam etməsinin qarşısını almaq məqsədilə kənd təsərrüfatı torpaqlarının alqı-satqı və digər özgəninkiləşdirmə yolu ilə bölünməsinə yalnız nəticədə yaranan hər bir sahənin ölçüsü 5 hektardan az olmadığı hallarda yol verir.
Ekspert vurğulayıb ki, bölgü işləri aparılarkən çox yerdə qonşu sərhədlər arasında yollar nəzərdə tutulmayıb:
"Bəzən müəyyən ərazi başqasının mülkiyyətinə keçdikdən sonra, məsələn, arxa hissədə qalan torpaqlara giriş-çıxış, su resurslarına əlçatanlıq da çətinləşir. Son 10 il ərzində kənd təsərrüfatı istiqamətində çox sayda islahat aparılıb. Kənd təsərrüfatı təyinatlı torpaqların birləşdirilməsi, böyük şirkətlər tərəfindən alınması, torpağın geniş və səmərəli şəkildə istifadəsi, Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması ilə bağlı işlər görülür. Qənaətimə görə, ölkədə çox böyük torpaq sahələri var ki, infrastruktur olmadığına görə onlardan hələ də səmərəli istifadə olunmur. Azərbaycanın kənd təsərrüfatı sahəsində bugünkü imkanları ilə müstəqillikdən öncəki illərdə olan potensialı arasında heç 10 faiz fərq yoxdur. Bu baxımdan gələcəkdə inkişafa yol açması baxımından torpaqların konsolidasiyası önəmlidir".
loading...