“Vergi Məcəlləsinə” təklif edilən dəyişikliklər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək plenar iclasa tövsiyyə olunub. Yeni dəyişikliklərin qəbulu neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsait köçürmək imkanı yaradacaq. Bu dəyişikliklər sahibkarların depozit hesabından istifadə imkanlarını genişləndirəcək.
Bu barədə deputat Vüqar Bayramov bildirib.
Yeni qaydalar vergi ödəyicilərinin ƏDV depozit hesablarında olan vəsaitlərdən istifadə imkanlarının artırılmasına, sosial öhdəliklərin icrası üçün isə əlavə maliyyə mənbələrinin yaradılmasına, son nəticədə qeyri neft-qaz özəl sektorda fəaliyyət göstərən vergi ödəyicilərinin dəstəklənməsinə xidmət edəcək. Belə ki, bir sıra hallarda sahibkarın depozit hesabında vəsaiti olsa da belə ondan sosial ödənişlər üçün istifadə edə bilmirdi.
Nəticədə, sahibkarın passiv vəsaitinin olmasına baxmayaraq digər resurslarını sosial ödənişlərə yönəltməli olurdu. Bu isə, vəsaitlərin səmərəli istifadəsi baxımdan heç də arzuoluan hesab olunmurdu. Və ya bir sıra hallarda vəsait çatışmazlığı səbəbindən sosial ödənişləri vaxtında yerinə yetirməkdə çətinlik yaradırdı. Yeni dəyişiklik, belə ödənişlərdə sahibkarlara seçim imkanı verəcək. Əgər depozit hesabında pul varsa digər vəsaiti sosial ödənişə yönəltməyə ehtiyac qalmayacaq. Yeni qaydalar təsdiq olunduqdan sonra 2027-ci il yanvarın 1-dən 4 il müddətinə qüvvədə olacaq.
loading...