Bank sektoru rekord qırdı: Kredit faizləri enəcək?

Bu gün, 05:35 10 dəfə baxılıb

Bank sektoru rekord qırdı: Kredit faizləri enəcək?


Azərbaycan bank sektoru 2026-cı ilin ilk yarısını rekord maliyyə nəticələri ilə başa vurub. Bankların ümumi xalis mənfəəti 728,8 milyon manata çataraq ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz artıb. Ən yüksək mənfəət yenə də ölkənin iri banklarının payına düşüb. Bununla yanaşı, bank sektorunun gəlirlərinin sürətlə artması kredit faizləri, depozit gəlirləri və bank xidmətlərinin qiyməti ilə bağlı sualları da yenidən gündəmə gətirir.

Bu artım daha çox kredit portfelinin genişlənməsi, yüksək faiz gəlirləri, yoxsa digər mənbələr hesabına formalaşıb? Bu mənfəət artımı depozit faizlərinin yüksəlməsinə və ya bank xidmətlərinin ucuzlaşmasına təsir göstərə bilərmi?


Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a danışıb:

"Bank sektorunun rekord mənfəət əldə etməsi ilk baxışdan iqtisadiyyatın sağlamlığının göstəricisi kimi təqdim olunsa da, bu rəqəmlərin arxasında duran səbəblər ciddi müzakirə mövzusudur. Banklarla yanaşı niyə real sektor - digər qeyri-neft sektoru da analoji nəticəni göstərməyib. Bankların mənfəətinin əsas hissəsi kredit faizlərindən formalaşır. Azərbaycanda istehlak kreditləri üzrə illik faiz dərəcələrinin bir çox hallarda 24-30 faizə qədər yüksəlməsi vətəndaşların maliyyə yükünü əhəmiyyətli dərəcədə artırır. Belə yüksək faizlərlə verilən kreditlər fonunda bankların rekord mənfəət açıqlaması təbii olaraq suallar yaradır".

İqtisadçı əlavə edib ki, əgər banklar rekord gəlir əldə edirlərsə, bunun müsbət təsirini müştərilər də hiss etməlidir:

"Məsələn, depozitlər üzrə faizlər daha cəlbedici ola, kredit faizləri tədricən aşağı salına və ya bank xidmətləri üzrə komissiyalar azaldıla bilər. Əks halda, yaranan mənzərə bankların yüksək gəlirlərinin əsasən bahalı kreditlər və yüksək xidmət haqları hesabına formalaşdığı barədə fikirləri gücləndirir. Bank sektorunun dayanıqlı və gəlirli olması vacibdir. Lakin bu gəlirlilik banklarla müştərilər arasında daha balanslı münasibətlər hesabına təmin edilməlidir. Rekord mənfəət yalnız səhmdarlar üçün deyil, kredit götürənlər və əmanətçilər üçün də real üstünlüklərə çevrilməlidir. Banklar isə əhalini soyur, xidmətlər od bahasınadır, ona görə də onların gəlirləri sürətlə artır. Bu əslində iqtisadi aktivliyi cilovlayan tendensiyadır".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR