Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəis Qüdrət Qurbanovun Azərbaycan xalqina təbriki
“Azərbaycan demokratiya yolu ilə gedir, inkişaf yolu ilə gedir və bu, bizim şüurlu seçimimizdir”
2015-ci il arxada qalır. 2015-ci ildə yaşadığımız regionda iqtisadi, siyasi, hərbi böhran daha da dərinləşdi, risklər artdı, təhlükələr artdı, yeni çağırışlar meydana gəldi.
Bütün bunlara baxmayaraq, Azərbaycan 2015-ci ildə uğurla inkişaf etmişdir. Dövlətimizin əsas vəzifəsi ondan ibarət idi ki, Azərbaycan xalqının təhlükəsiz həyatını təmin etsin, ölkəmizin dinamik inkişafına nail olsun. Azərbaycanda ictimai-siyasi sabitlik təmin edildi. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır və yaşayacaqdır. Eyni zamanda, 2015-ci ildə neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdür, üç dəfə aşağı düşmüşdür. Bunu ilin əvvəlində təsəvvür etmək mümkün deyildi. Ancaq bu, reallıqdır və yenə də Azərbaycanda aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində iqtisadi artım təmin edildi, Azərbaycanda qeyri-neft sektoru inkişaf etdi. Xüsusilə qeyri-neft sənayesinin 7 faizdən çox artması məni xüsusən sevindirir. Bu, onu göstərir ki, əvvəlki illərdə aparılan siyasət öz bəhrəsini verir. Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır və neftdən asılılığımız getdikcə daha da azalacaq.
Əziz dostlar, bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Fürsətdən istifadə edərək dünyada yaşayan bütün azərbaycanlıları salamlayıram, onlara ən xoş arzularımı çatdırıram. Onlar və Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları bilirlər ki, bu gün Azərbaycan müstəqillik və inkişaf yolu ilə uğurla gedir. Bu gün müstəqil Azərbaycan güclü dövlətdir. Dövlətimizin əsas vəzifəsi ondan ibarətdir ki, dövlətimizi daha da gücləndirək, Azərbaycan xalqının daha da yaxşı həyatını təmin edək.
Mən bütün Azərbaycan vətəndaşlarını, dünya azərbaycanlılarını Dünya Azərbaycanlarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, hər bir Azərbaycan ailəsinə yeni uğurlar, xoşbəxtlik arzulayıram.
Bayramınız mübarək olsun!