Masallıda iş adamının torpağını əlindən alıb, sakinlərə satıblar

30-10-2015, 13:34 789 dəfə baxılıb

Masallıda iş adamının torpağını əlindən alıb, sakinlərə satıblar

















İcra başçısı Rafil Hüseynov və bələdiyyə sədri Azər Baxşıyev «Mətin-5» firmasının hasarlarını uçurub, elektrik və suyunu kəsib; Şirvan Apelyasiya Məhkəməsinin qərarı isə havada qalıb

«Əlimdəki rəsmi sənədlərə əsasən 1992-ci ildə qanuni şəkildə aldığım 2 hektar torpaq sahəsində indiyə qədər kənd təsərrüfatı məhsulları istehsal edirik. Lakin yerli məmurlar bizə işləmək imkanı vermirlər». Bunu redaksiyamıza Masallı rayon sakini, «Mətin-5» firmasının sahibi Akif Əsgərov bildirib.

O qeyd edib ki, 2004-2005-ci illərdən etibarən ona fəaliyyət göstərməyə xeyli maneçilik törədiblər. «Həmin vaxt Masallı şəhər bələdiyyəsinin vəzifəli şəxsləri firmanın hasarını sökərək, ərazidəki tikinti materiallarını götürüb apardılar. Bütün su və işıq xətlərini dağıdaraq, fəaliyyət göstərməyimizi əngəllədilər».

Maraqlı məqam odur ki, həmin vaxt Masallı bələdiyyəsinə sədrlik edən Azər Baxşıyev başına bir qrup adam yığaraq, «Mətin-5» firmasının ərazisinə müdaxilə edib, hasarını uçurub, su xətlərini kəsib. Ardından isə firmanın qanuni torpaq sahəsini ələ keçirərək, onları ayrı-ayrı adamlara fərdi evlərin tikintisi üçün satıb. Akif Əsgərov deyir ki, dağıntını aradan qaldırmaq üçün 40 min manat pul ayırıbmışlar. «Amma torpaq sahələrimizi başqa adamlara satmışdılar. Pulumuz da batdı. Bununla bağlı müvafiq dövlət qurumlarına müraciət etdik. O zaman mən Masallı polisi və digər hüquq mühafizə orqanlarına müraciət etsəm də, onlar hər hansı bir tədbir görməkdən imtina etdilər».

Zərərçəkən bildirir ki, 15 dekabr 2014-cü ildə Baş Prokurorluğa baş verənlərlə bağlı müraciət edib. Bu müraciətdən 4 ay sonra, 10 mart 2015-ci il tarixdə Masallı rayon Prokurorunun köməkçisi Tural Nəbiyev Akif Əsgərova məktub göndərərək, Azər Baxşıyevin əməlində heç bir cinayət halının olmamasını bildirib. «Mən də öz növbəmdə prokuror köməkçisinin qərarını ləğv etdirmək üçün Şirvan Apelyasiya Məhkəməsinə müraciət etdim. Məhkəmə Azər Baxşıyevin əməlində cinayət əməlinin olduğunu təsdiqləyib, onun icrasını tələb edib. Lakin Tural Nəbiyev bu günə qədər hələ də Şirvan Apelyasiya Məhkəməsinin qərarını icra etmir və ya bundan boyun qaçırır».

İş adamı bildirir ki, indiyə qədər xeyli dövlət qurumuna müraciətlər etsə də, heç bir nəticəsi olmayıb. Onun sözlərinə görə, müraciət etdiyi qurumlardan ona bu işlərin arxasında rayon rəhbərliyinin dayandığını bildiriblər. «Mənə dedilər ki, bu işlərin arxasında Masallının icra başçısı Rafil Hüseynov dayanır. Və icra başçısına gücləri çatmadığından Masallı Bələdiyyəsinin sədri Azər Baxşıyevin əməllərinə qarşı cinayət işi qaldıra bilmirlər».

Akif Əsgərov sonda qeyd edib ki, onun tək istədiyi qərarın icra olunmasıdır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR