“Fərhad Əliyevdən başqa həbsdən çıxanların hamısı müxalifətə qoşulub”

15-05-2020, 20:01 43 dəfə baxılıb

“Fərhad Əliyevdən başqa həbsdən çıxanların hamısı müxalifətə qoşulub”

Ölkədə rüşvətxor məmurların həbsi davam edir. Burada hələlik aparıcı yeri icra başçıları tutur. Lakin bu o demək deyil ki, DTX-nın keçirdiyi əməliyyatlar təkcə icra başçılarının həbsi ilə məhdudlaşır.

Belə ki, artıq Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov da həbs edilib. İki gün əvvəl İsə DSX-nın üç rütbəli zabiti saxlanılıb. Yenisabah.az-ın mövzu ilə əlaqəli budəfəki müsahibi Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadədir:

- Araz bəy, bildiyiniz kimi, DTX tərəfindən rüşvətxor və korrupsioner məmurlara qarşı əməliyyatlar həyata keçirilib, artıq 5 icra başçısı, Mədəniyyət nazirinin müavini və digər rütbəli şəxslər həbs olunub. DTX-nın həyata keçirdiyi bu həbsləri necə qiymətləndirirsiz?

- Mən bunu müsbət qiymətləndirirəm. Dövlətə, xalqın mənafeyinə zidd hərəkət edənlər bilməlidirlər ki, öz layiqli cəzalarını alacaqlar. Bunu çoxdan eləmək lazım idi.

- Beş ay bundan əvvəl Ağstafanın icra başçısı həbs olundu, amma digər icra başçıları yenə də öz əməllərindən əl çəkmədilər. Bunun səbəbi nədir? Niyə bir məmurun həbsi digərlərinə görk olmur?

- Ağıllı adam özgələrinin səhvindən dərs çıxarır, əbləh adam isə heç öz səhvlərindən də nəticə çıxarmır. Deməli, bu kadrlar yerləşdiriləndə səhvlik olub.

- Bu kadrların təqdimatını kim verib? Necə olub ki, onlar yüksək postlara sahiblənə biliblər?

- Kadrların yerləşdirilməsi böyük bir prosesin nəticəsində baş verir. Onlar bir gündə, beş gündə vəzifəyə təyin olunmurlar.

- Hesab edirsiz ki, onlar “köhnə qvardiya” deyilən keçmiş oliqarx-məmurların kadrlarıdır?

- Onları işə götürəndə hərtərəfli yoxlamalar aparılıb. Deməli, kimsə vaxtında öz vəzifə borcunu düzgün yerinə yetirməyib.

- Araz bəy, sizcə, bu həbslər ölkədə korrupsiyanın kökünü tamamilə kəsəcək?

- Bəli, ümid edirəm ki, elə olacaq.

- Şəffaf cəmiyyət qurmaq, məmurların xalqa xidmət etməsini təmin etmək üçün başqa hansı addımlar atılmalıdır? Partiya sədri kimi təklifləriniz nədən ibarətdir?

- Hər kəs özündən başlamalıdır, hər kəs öz əməllərinə cavab verməlidir və dərk etməlidir ki, xalqın qarşısında məsuliyyət daşıyır. Əgər xalqı, vətəni sevmirlərsə, əldən heç nə gəlmir. Quyuya su tökməklə quyuda su olmaz.

- Belə bir iddia var ki, həbs edilənlər kilkələrdir. Obrazlı desək, akulalar, yəni daha yüksək rütbəli məmurlar həbslərdən kənarda qalırlar. Siz bu iddialarla razısınızmı? Bu həbslərin yüksək rütbəliləri də əhatə etməsini gözləyirsinizmi?

- Nazir müavini, icra başçıları həbs edilib. Daha hansı yüksək vəzifəli şəxslərin həbs olunmasını istəyirlər? Nazir həbs edilmişdi, indi çıxıb olub müxalifətçi... Odur ki, bu onunla bağlı məsələ deyil, kim rüşvət alır, o da həbs edilir. Rüşvət xərçəng kimi bir xəstəlikdir, onun qarşısını almaq üçün gərək çox sərt tədbirlər görülsün. Hər kəs bilməlidir ki, gec-tez haqq yerini tapacaq.

- Sizin fikrinizdən bu qənaətə gəlmək olar ki, hansısa yüksək rütbəli şəxsi həbs eləsələr, çıxdıqdan sonra müxalifətə qoşulub, hakimiyyətə qarşı çıxış edəcək?

- Hər halda təcrübə bunu göstərir ki, Fərhad Əliyevdən başqa həbsdən çıxanların hamısı müxalifətə qoşulub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR