“Azərbaycanda rus dilinə meylin artması “5-ci kolon”un “əməyi"dir"

6-08-2020, 18:04 195 dəfə baxılıb

Ölkəmizdə rus dilinə maraq getdikcə artmaqdadır. Rus bölməsinə meyl edən valideyn və şagirdlərin sayının artması günümüzün reallığıdır. Bu seçimdə hər kəsin özünə görə səbəbləri var.

Məsələ burasındadır ki, uşaqlarını rus bölməsinə qoyan ailələrin bəzilərində, ümumiyyətlə, əcnəbi dili bilən olmur.
Bəziləri hesab edir ki, rus bölməsinə marağın artmasının başlıca səbəbi Azərbaycan bölməsində təhsilin istənilən səviyyədə olmamasıdır. Başqa faktor isə bunun bir dəb halını almasıdır. Ailələri rus dilində təhsilə meyilləndirən əsas səbəblərdən biri rus bölmələrinin müasir tələblərə daha uyğun olmasıdır.

Görəsən, bu hal Azərbaycan dilinə, millətinə və müəlliminə etimadsızlığın, yoxsa hörmətsizliyin nişanəsidir?

Mövcud durumla bağlı “Sherg.az”a danışan türkoloq-alim, professor Firudin Cəlilov bildirib ki, insanların fikrini müəyyən istiqamətə yönəltməyin müxtəlif yolları var. Professorun qənaətincə, rus bölməsinə marağın artmasının əsas səbəbi bu dildə təhsil alan uşaqların daha savadlı və geniş dünyagörüşünə malik olmasına dair mifin formalaşdırılmasıdır:

“Guya Azərbaycan bölməsində təhsil zəifdir. Təssüf ki, insanlarda belə bir düşüncə formalaşıb. Ona görə də milli hissi olmayanların çoxu istəyir ki, uşağını rus məktəbinə qoysun”.

F.Cəlilov vurğulayıb ki, rus dilinə marağın çox olmasının digər səbəbi siyasətlə bağlıdır:

“Bu gün Azərbaycanda “5-ci kolon” güclü fəaliyyətdədir. Rusiyaya xidmət edən qüvvələri nəzərdə tuturam. “5-ci kolon”da ən yuxarı vəzifələrdən tutmuş aşağı vəzifələrə qədər müxtəlif radikal qruplar var. Onlar sosial şəbəkələrdə təbliğatlarını aparırlar. Siyasi məsələ odur ki, bizim Rusiyaya bağlanmağımız və asılılığımız gündəmdən düşməsin. Əksinə daha da möhkəmlənsin. Bu iki faktora görə son dönəmlərdə rus dilli təhsilə meyl artıb”.

Alim qeyd edib ki, bir xalq milli dəyərləri ilə formalaşanda qüdrətli olur:

“Demirəm ki, rus dilindən tamamilə imtina etmək lazımdır. Müəyyən formada rus dilinin öyrənilməsi üçün şərait lazımdır. 10-15 ildir ki, elmi ədəbiyyatı ruslardan alıb oxuyuruq. Bu əlaqələrin qırılmaması üçün rus dilini öyrənmək lazımdır. Amma bunu ümumi axına çevirmək yanlışdır. Çalışmalıyıq ki, məktəblərimizdə ana dilimizə sevgi oyansın. Çünki vətənpərvərlik hissi ancaq ana dilində yarana bilər. Başqa dildə Azərbaycan xalqına vətənpərvərlik hissini aşılaya bilmərik.

“Dədə Qorqud”u və Məhəmmməd Füzulini uşaqlara, gənclərə oxutmasaq, onların milli duyğusu olmayacaq. Bu mənada milli ədəbiyyatımıza, tariximizə və adətlərimizə istiqaməti artırmaq lazımdır.

Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında “milli” sözü yazılıb. Amma hələ ki akademiyada millilik görmədik. Çünki vaxtilə “5-ci kolon”un adamları orada vəzifəyə yerləşdirilib. Bu proses yenə də davam edir. Ona görə də milli məsələlərin qabardılması üçün ana dilinə üstünlük verilməsinin tərəfdarıyam.

Ümid edirəm ki, yeni təhsil naziri də bu sahədə müəyyən işlər görəcək. Çünki o, təhsil sahəsində yetişmiş adamdır. Düşünürəm ki, milli dəyərlərimizi aşılaya bilən dərsliklərə üstünlük veriləcək”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR