“TÜRKİYƏNİN İŞTİRAKI İLƏ NARAHATÇILIQLAR ARADAN QALXACAQ”

18-11-2020, 18:04 38 dəfə baxılıb

Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan razılaşma ilə müharibə dayansa da, onun nəticələrinə dair müzakirələr davam etməkdədir. Bu razılaşmanın yerinə yetirilib-yetirilməyəcəyi, Rusiyanın bundan sonrakı mərhələdə obyektiv olub-olmayacağına dair cəmiyyətdə müxtəlif yanaşmalar mövcuddur.

“AzPolitika.info” bu mövzu ətrafında Milli Məclisin deputatı Əli Məsimli ilə söhbətləşib:

- Əli müəllim, noyabrın 10-da imzalanan razılaşma, onun müsbət və mənfi tərəfləri haqqında nə düşünürsünüz?

- Noyabrın 10-da məlum saziş imzalanandan sonra bütün dünya onu fərqli prizmalardan qiymətləndirir və şərh edir. Buna təbii yanaşmaq lazımdır. Azərbaycan çox çətin və mürəkkəb müharibədə şanlı qələbə qazanıb. Bu qələbəyə bizim müttəfiqlərimiz və dostlarımız sevinir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Azərbaycan bu müharibədə təkcə Ermənistana qarşı deyil, onun arxasında duran havadarlarına, eləcə də erməni lobbisinə qarşı mübarizə aparırdı. Bu qələbə həm də Ermənistanın müttəfiqləri üzərində əldə olunan qələbədir. Dostlarımız sevinməkdə davam edəcək, bədxahlarımız isə bizə qarşı müxtəlif üsullardan istifadə edəcək. Bu üsullar müxtəlif formada - təxribatlar, açıqlamalar formasında ola bilər. Məsələn, status məsələsinin qaldırılmasına cəhd, Qarabağ ərazisində yaşayan ermənilərin pasportu və digər istiqamətlərdə təxribatlar ola bilər. Amma nəzərə almaq lazımdır ki, bu prosesdə Azərbaycan öz ordusunun döyüş meydanında əldə etdiyi qələbəni masada da rəsmiləşdirə bildi. Ermənistanın müxtəlif ranqlı məmurlarının dili ilə desək, bu üçtərəfli saziş əslində daha çox kapitulyasiyadır. Həqiqətən də Nikol Paşinyan kapitulyasiyaya imza atmağa məcbur oldu. Azərbaycanın ərazi bütövlüyü təmin edilir. İndiyə qədər hallandırılan status məsələsi, “Madrid prinsipləri” və digər yanaşmalar Azərbaycan Prezidentinin dediyi kimi, artıq gündəmdə deyil. Bütün bunları Azərbaycan əsgəri qanı və canı hesabına həyata keçirib.



Növbəti vacib hal odur ki, 30 il vətən həsrəti ilə köçkün həyatı yaşayan bacı-qardaşlarımız ata-baba yurdlarına gedəcək, qurub-yaradacaq və yaşamağa davam edəcəklər.

Digər vacib məqam Azərbaycanla Naxçıvan arasında kommunikasiya xəttinin açılması olacaq. Bu, həm Naxçıvan iqtisadiyyatına dinamika gətirəcək, həm də Azərbaycanın potensialından istifadə olunması baxımından əlavə imkanlar yaradacaq. Türkiyə, Naxçıvan və Azərbaycan əlaqələrinin genişləndirilməsi baxımından, həm də Şərq-Qərb kimi qlobal nəqliyyat layihəsinin tərkib hissəsinə çevrilməklə, bu dəhliz böyük əhəmiyyət kəsb edəcək.

Ermənistan-Azərbaycan münaqişəsində ümumilikdə Ermənistan Azərbaycana çox ciddi zərər vurub. Həm humanitar səviyyədə zərbə vurub, həm də iqtisadi baxımdan. 20 minə qədər insanımız həlak olub, 100 minə qədər insan yaralanıb, onun 50 mini şikəst olub. Həmçinin, maddi, ekoloji, infrastruktur zərərləri olub. Vacibdir ki, bu məsələlər peşəkarcasına beynəlxalq qurumlarda qaldırılsın və Ermənistanın qarşısında təzminat tələbi qoyulsun.

Əlbəttə, biz savaşda qələbə əldə etdik və bunu masada təsdiqlədik. Amma bədxahlar siyasi-diplomatik və informasiya istiqamətində mübarizəni davam etdirməyə çalışır. Qələbəmizdə xalq, dövlət və ordunun birliyi, Ali Baş Komandanın ətrafında xalqımızın yumruq kimi birləşməsi əsas rol oynayıb. Odur ki, biz bundan sonrakı mərhələdə də milli birliyi zəiflətməməli, yumruq kimi dayanaraq bizə qarşı olacaq əlavə təzyiqlərə sinə gərməliyik.

Bu qələbədə qardaş Türkiyənin önəmli xidmətəri var. Türkiyə və Rusiya müdafiə nazirləri arasında monitorinq mərkəzi barədə imzalanan sazişə baxdıqda belə nəticəyə gəlmək olar ki, əsas razılaşma sazişi bazasında digər sənədlər də ortaya çıxacaq. Bu sənədlər 10 noyabr razılaşmasının alt sənədləri olacaq və Azərbaycanın mövqeyini gücləndiriləcək. Məncə, bu sənədlər həm də bir sıra suallara cavab vermək baxımından mühüm əhəmiyyət kəsb edəcək.

- Bu prosesdə rus sülhməramlılarının əsas rol oynamasını necə qiymətləndirirsiniz?

- Məsələyə səmimi yanaşsaq, siz də bilirsiniz ki, mən indiyə qədər olan çıxışlarımda Azərbaycanda rus faktorunun əleyhinə olmuşam. Sadəcə, bir var məsələyə sıravi vətəndaş kimi, hisslərə əsaslanaraq, bir də var proseslərin dərin qatlarında gizlənən, çoxumuzun bilmədiyi məqamları nəzərə alaraq yanaşasan. Məsələn, mənim mövqeyim belədir ki, Azərbaycan Qarabağ problemini həll etməklə yanaşı elə mövqe nümayiş etdirməlidir ki, həm özünün maraqlarının reallaşmasına nail olsun, həm də bütünlükdə yerləşdiyimiz Cənubi Qafqaz regionuna üstünlüklər gətirsin. Eyni zamanda, Qarabağ müharibəsində Azərbaycanın şəksiz qələbəsi geopolitik poseslərə də təsir edəcək. Biz bu proseslərdən faydalanaraq həm regionda, həm də dünyada mövqelərimizi gücləndirməliyik. Bu, mənim ümumi mövqeyimdir. Amma indiki reallıq şəraitində, görünən və görünməyən səbəblərdən 100 faizlik effektə nail olmaq mümkün deyil. Çünki böyük siyasətdə çoxlu nüanslar və hər bir dövlətin özünün maraqları var. Qafqaz da böyük dövlətlərin maraqları kontekstində çox cazibədar regiondur. Ona görə də Rusiya və Türkiyənin müdafiə nazirlərinin imzaladığı sənədin məzmununa uyğun olaraq, Türkiyənin bu prosesdə fəal iştirakı ilə, yaranan narahatçılıqları minimuma endirmək mümkün olacaq.



- Rusiya Xarici İşlər naziri Sergey Lavrov elan etdi ki, status məsələsi gündəmdən çıxmayıb, habelə bəlli oldu ki, Minsk Qrupunun digər həmsdərləri də fəallaşıb, həmçinin Ermənistan tərəfinin cığallıqları müşahidə edilir. Sizcə, bunlar nədən xəbər verir?

- Burada bir neçə mövqeyə nəzər yetirmək lazımdır. Əvvəla, artıq Minsk Qrupunun bir üzvü Rusiya Ermənistan və Azərbaycanın apardığı müharibənin başa çatdırılmasına dair sənədə imza atıb. Yəni 10 noyabrdakı sazişin altında Rusiya dövlət başçısının imzası var.

Lavrovun nə deməsindən asılı olmayaraq, onun iki gündən bir dəyişən və qeyri-müəyyən mövqeyindənsə, həmin sənəddə imzası olan Rusiya dövlət başçısının mövqeyi əhəmiyyətlidir. Əgər, Rusiya dövlətinin bu sənəddə imzası varsa, bu imzanı qorumalı və sənəddə yazılanların həyata keçirilməsi istiqamətində addımlar atmalıdır. Yeri gəlmişkən, Rusiya tərəfindən başqa bir maraqlı mövqe də sərgilənir. Yəni rusların belə bir mövqeyi var ki, BMT Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunan sazişi təsdiqləməlidir.

Status məsələsinə gəldikdə isə, bir daha qeyd edim ki, indiyə qədər münaqişənin həllinə dair hazırlanan sənədlərdə status məsələsi olub. Həmin sənədlərdə status arxa planda olan, zamanın ixtiyarına buraxılan məqam kimi qeyd edilib, dünyada mövcud olan status nümunələrindən birinin əsas götürülməsi təklifləri olub. Amma erməni tərəfi bunlardan heç birinə razı olmurdu. Ermənistan 4400 kvadrat kilometr ərazisi olan Dağlıq Qarabağ Muxtar Vilayətində 11500 kvadrat kilometrlik “Artsax Respublikasını” elan etmişdi. O zaman beynəlxalq sənədlərdə təklif olunan statusu rədd edirdilər. Artıq bu gün bütün cəhətlərdən kapitulyasiya imzalayan Ermənistanın yenidən belə bir durum, reallıq yaratması ehtimalı yoxdur. Onun havadarlarına gəldikdə, burada daha çox fəallıq nümayiş etdirən Fransadır. Fransanın da burada daha çox bəyanatlar verməkdən o yana getmək imkanı yoxdur. ABŞ isə seçkilərlə məşğuldur. Böyük ehtimalla Bayden qalib gələcək. Amma seçkilərə qədər verilən bəyanatlar bir, hakimiyyətə gəldikdən sonra dövlət maraqlarından məsələyə yanaşmaq isə başqa məsələdir. Ona görə də, zənnimcə, ABŞ Rusiyaya yaxın bir mövqe sərgiləyə bilər.

- İndi hər kəsi maraqlandıran suallar həm də budur ki, Xankəndidə hansı bayraq dalğalanacaq, hansı ölkənin pul vahidi işləyəcək, oranın sakinləri hansı dövlətin pasportunu daşıyacaq...

- Əgər söhbət 10 noyabr tarixli sazişdən gedirsə, onun maddələri ümumi xarakterli məsələlərə aydınlıq gətirir. Bu məsələlərdə diskusiya yaradan məqamlar var, amma onların böyük əksəriyyəti birbaşa Azərbaycanın xeyrinə olan məqamlardır. Mən bu məqamlardan birini - Türkiyə və Rusiyanın atəşkəs prosesinə ümumi nəzarətini qeyd etdim. Digər məqamlar da əlavə razılaşdırılan sənədlərdə tədricən ortaya çıxacaq. Bu zaman sizin qaldırdığınız suallara reallıqdan çıxış edərək cavablar tapılacaq. Reallıq ondan ibarətdir ki, Azərbaycan Ordusu əsgərinin, şəhidlərin qanı və rəşadəti hesabına işğal altında olan torpaqları azad edib. Və təkcə Ermənistan deyil, onun havadarlarını da fakt qarşısında qoyub. Burada əsas nəticə ondan ibarətdir ki, Ermənistanın nə deməsindən asılı olmayaraq, yaranan reallıqda Azərbaycan diktə edən tərəfdir. Əgər biz diktə edən tərəfiksə, Azərbaycan yeni reallıq yaradıbsa, deməli bu şəraitdə yeni qəbul olunan sənədlərdə Azərbaycanın maraqları daha geniş və konkret formada öz əksini tapacaq. Bu isə Azərbaycanın mövqeyini daha da gücləndirəcək.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR