Qobl planı, artıq qüvvədə deyil - MÜSAHİBƏ

17-03-2021, 12:15 195 dəfə baxılıb

Azərbaycan cəmiyyətində son günlər müzakirə olunan ən aktual mövzulardan biri də 10 Noyabr razılaşmasına əsasən Rusiya sülhməramlılarının nəzarətində qalan Laçın dəhlizindəki Ermənistanla sərhəd-keçid məntəqəsinin işğalçı xislətli ermənilərin gələcək üçün Yuxarı Qarabağa yeni qanunsuz silahlı qüvvələr və terrorçu muzdlu dəstələr toplamasının qarşısını almaq baxımından Azərbaycan dövlətinin nəzarətinə keçirilməsidir.

Beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı "Həftə içi” əməkdaşına müsahibəsində Rusiya hərbi kontingentinin Laçın dəhlizi ilə yanaşı, oradakı sərhəd-keçid məntəqəsinə də nəzarət etməsinin beynəlxalq hüquq baxımından nə dərəcədə doğru olmasına və digər məsələlərə aydınlıq gətirməyə çalışıb.

- Teymur bəy, artıq 4 aydandan çoxdur ki, Azərbaycan ərazilərində yerləşmiş Rusiyanın "sülhməramlı” adlanan kontingentinin beynəlxalq mandatı məsələsi nə yerdə qalır?

- BMT mandatlı sülhməramlı missiya və bu mandatdan kənarda olan qüvvələr münaqişə tərəfləri ilə razılaşdırılmış qaydada münaqişə bölgəsində sülhü təmin etmək məqsədilə fəaliyyət göstərirlər. Ümumilikdə, BMT mandatlı 13 sülhməramlı missiya mövcuddur, bundan başqa BMT mandatı altında fəaliyyət göstərməyən daha 7 sülhməramlı missiya vardır. Hazırda sülhməramlı qüvvələr Kosovo, Əfqanıstan, İraq, Haiti, Kipr, Livan, Suriya, Cənubi və Şimali Sudan, Mali, Kot-divuar və digər münaqişə bölgələrində müvafiq missiya yerinə yetirirlər. İndi Rusiyanın Azərbaycandakı sülhməramlı qüvvələrinin beynəlxalq mandatı yoxdur. Qarabağa BMT və digər beynəlxalq təşkilatların dəstəyi ilə gəlməyib. Həmin qüvvələr 10 noyabr sazişinə uyğun olaraq Qarabağa gəlib. Rusiya öz kontingenti üçün beynəlxalq mandat almaq istəyir. Buna beynəlxalq müstəvidə dəstək verən yoxdur. Ən önəmlisi ABŞ buna qarşıdır. Trampın ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Robert O’Brayan Dağlıq Qarabağdakı münaqişə bölgəsinə beynəlxalq sülhməramlıların yerləşdirilməsi ilə bağlı fikirlər bildirmişdı. Ağ Ev rəsmisinin bu açıqlaması Rusiyanın münaqişə bölgəsinə "sülhməramlı qüvvələr” adı altında öz qoşunlarını yerləşdirmək planı ilə bağlı ABŞ-ın narahatlığından xəbər verir. Bu siyasət Bayden zamanında da belə olacaq.

- Laçın dəhlizindəki sərhəd-keçid məntəqəsinin Azərbaycan dövlətinin deyil, Rusiya sülhməramlılarının nəzarətində olması beynəlxalq hüquq baxımından doğrudurmu?

- Beynəlxalq hüquqda sərhəd, hava dəniz sərhədlərinin qorunması ilə bağlı maddələr və sənədlər var. BMT Nizamnaməsinin 42-ci maddəsinə müvafiq olaraq, BMT Təhlükəsizlik Şurası "... hava, dəniz və ya quru qüvvələri vasitəsilə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması və ya bərpası üçün zəruri ola bilən tədbirlər görə bilər”. BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndini, habelə beynəlxalq sülhə və təhlükəsizliyə qorxu yarada bilən mübahisə və situasiyaların qarşısının alınması və aradan qaldırlması və BMT-nin bu sahədə rolu haqqında Bəyannaməni göstərmək olar. Rusiya Laçın dəhlizindəki sərhəd-keçid məntəqəsinə Azərbaycan dövlətinin razılığı və istəyilə nəzarət edir. Prezident İlham Əliyev Laçın rayonu işğaldan azad olunan zaman xalqa müraciətində üçtərəfli Bəyanatla bağlı bəzi təfərrüatlardan danışarkən bu haqda da fikrini bildirib. Prezident İlham Əliyev deyib ki, 10 Noyabr birgə bəyanatının ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa var idi və mən buna etiraz etdim. Nəticədə, Laçın dəhlizi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilib. Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib. Buradan gəlinən nəticə onu göstərir ki, Azərbaycan dövləti "ermənidənsə, Rusiya yaxşıdır” seçimini edib.

- Bəlkə rus hərbçilərinin Laçın sərhəd-keçid məntəqəsinə nəzarət etməsi sülhməramlı missiyalar haqda hansısa beynəlxaq qanuna əsaslanır?

- Xeyr. Sadəcə, dövlətlərin suverenliyi haqda, beynəlxaq qanunlar var. BMT nin Nizamnaməsini 2-ci maddəsinin 1-ci bəndində tapmışdır: "Təşkilat onun bütün üzvlərinin suveren bərabərliyi prinsipinə əsaslanır”.

Suveren bərabərlik prinsipinin məzmunu iki ünsürdən ibarətdir.

1. Hər bir dövlət tam suverenliyə malikdir və öz siyasi və iqdisadi sistemini sərbəst və manesiz olaraq özü müəyyən edir. Hər bir dövlət bütün digər dövlətlərin suverenliyinə, o cümlədən ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmət etməlidir.

2. Bütün dövlətlər ərazisinin miqyasından, əhalisinin sayından, inkişaf səviyyəsindən və hərbi-siyasi potensiallından asılı olmayaraq hüquqi cəhətdən bərabərdir. Beynəlxalq hüquq normaları dövlətlər tərəfindən qarşılıqlı razılıq yolu ilə bərabərhüquqlu əsasda yaradılır.

Laçın dəhlizindəki sərhəd-keçid məntəqəsinin ruslar tərəfindən qorunması 10 noyabrda imzalanmış üçtərəfli bəyanatla bağlıdır...

- Dünyadakı sülhməramlı missiyalar təcrübəsində belə hal olubmu ki, sülhməramlı kontingent ərazisində olduğu dövlətin sərhəd-keçid məntəqəsinə nəzarət etsin?

- Bəli, belə hallar olub. BMT, NATO və digər təşkilatların mandatı ilə gələn sülhmərhamlılar olduqların dövlətlətlərin sərhədlərini də qoruyub. Məsələn, Əfqanıstan dövlətini sərhədlərini 2013-cü ilə qədər NATO daxilində yaradılan Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri qoruyub...

- Rusiya Azərbaycanın razılığı olmadan onun sərhəd-keçid məntəqəsinə nəzarət edirsə və bunun dövlətimizin nəzarətinə verilməsindən imtina edirsə, bu, onun hərbi birləşmələrini yerləşdirdiyi ərazini öz işğalı altında olan ərazi hesab etməsi anlamına gəlmir ki?

- BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində deyilir: Birləşmiş Millətlər Təşkilatının bütün üzvləri "öz beynəlxalq münasibətlərində, hər hansı bir dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı, yaxud Birləşmiş Millətlər Təşkilatının məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güclə hədələməkdən və gücün tətbiqindən çəkinirlər”. Prinsipi özündə əks etdirən sənədlər sırasında təcavüzün tərifi haqqında BMT Baş Assambleyasının 1974-cü il qətnaməsini, beynəlxalq münasibətlərdə güclə hədələməkdən və ya onun tətbiqindən imtina edilməsi prinsipinin səmərəliliyinin artırılması haqqında 1987-ci il Bəyannaməsini xüsusilə qeyd etmək lazımdır. BMT Nizamnaməsində əks olunmuş və aşağıda şərh olunacaq iki istisnadan başqa, bütün hallarda güc tətbiqinin yolverilməzliyini təsdiq edir. Sözü gedən prinsipə görə, aşağıdakı hərəkətlər hüquqazidd hesab olunur:

1. Digər dövlətin beynəlxalq sərhədlərini pozmaq məqsədilə və ya beynəlxalq mübahisələri, o cümlədən ərazi və yaxud sərhəd mübahisələrini həll etmək üçün güc tətbiq etmək və ya güc tətbiqi ilə hədələmək;

2. Silahlı güc tətbiq etməklə əvəzçıxma təzyiq tədbirləri; burada,qadağan olunmuş əməllər sırasında bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin limanlarını blokadaya almasını (buna "dinc blokada”deyilir) göstərmək olar. BMT Baş assambleyasının XXIX sessiyasında (14 dekabr 1974-cü il) qəbul olunmuş 3314 saylı qətnamə mövcuddur. "Təcavüzün tərifi” adlanan bu qətnaməyə görə, aşağıdakı aktlardan hər biri təcavüz sayılır.

1) bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin ərazisinə soxulması və ya basqın etməsi, yaxud hər hansı işğal;

2) bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin ərazisini bombardıman etməsi və ya onun ərazisinə qarşı hər hansı silahın tətbiq edilməsi;

3) bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin liman və ya sahillərini blokadaya alması;

4) bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin quru, dəniz və ya hava qüvvələrinə, yaxud dəniz və hava donanmasına basqın etmısi;

5) bir dövlətin,başqa bir dövlətin ərazisində onunla razılaşma əsasında yerləşən silahlı qüvvələrinin bu razılaşmanın şərtlərini pozmaqla istifadə edilməsi və habelə həmin silahlı qüvvələrin bu razılaşmanın xitam olunmasından sonra göstərilən ərazidə qalmaqda hər hansı formada davam etməsi;

6) dövlətin öz ərazisini, həmin ərazini üçüncü bir dövlətə qarşı təcvüz aktı törətmək üçün istifadə istifadə edən başqa bir dövlətin sərıncamına verməsi;

7) bir dövlət tərəfindən və ya həmin dövlətin adından başqa bir dövlətə qarşı hərbi əməliyyatlar həyata keçirən silahlı bandaların, qrupların, qeyri-nizami qüvvələrin və ya muzdluların göndərilməsi.

Sadaladığım beynəlxaq qanunlara görə, Rusiyanın Azərbaycanın razılığı olmadan onun sərhəd-keçid məntəqəsinə nəzarət etməsi işğal sayılır. Azərbaycan tərəfi 10 Noyabr sazişinə uyğun olaraq buna icazə verdiyinə görə rus hərbçiləri Laçındakı sərhəd-keçid məntəqəsinə nəzarəti işğal sayılmır. Bir daha təkrar edirəm, Azərbaycan Prezident İlham Əliyevin söylədiyi fikirlərdən gəlinən nəticələr on göstərir ki, erməninin Laçın dəhlizini qorumaması üçün Rusiya seçimi edilib.

- Türkiyə bu məsələyə hansı yolla müdaxilə edib Laçındakı sərhəd-keçid məntəqəsinin nəzarətimizə keçməsinə şərait yarada bilər?

- Türkiyə bu məsələni diplomatik yolla həl edə bilər və ya buna cəhd edə bilər. Hesab edirəm ki, nəticə olmayacaq. Türkiyənin bu gün Rusiya ilə munasibətləri yaxşıdır. "S-400” məsələsinə görə ABŞ-dan təzyiqlər var, amma buna Türkiyə dirənir və "S-400”dən imtina etmir. Azərbaycan xalqı bunu bilməli və unutmamalıdır. Birinci Dünya müharibəsi oldu, sonda ABŞ müdaxilə etdi və Avropanı xilas etdi. İkinci Dünya müharibəsi baş verdi, ABŞ hərtərəfli yardım etdi və Avropanı, SSRİ-ni xılas etdi. ABŞ öz qüvvələrini geri çəkib vətəninə dönmək fikirində idi. Gördü ki, Sovetlər Avropanı az qalıb işğal etsin. Ona görə geri dönmədi. Bir sözlə, Avropa Birliyini ABŞ qurdu. Avropanı, Türkiyəni Sovetlərdən qorudu. ABŞ-ın qoruması bu gün üçün də keçərlidir. Azərbaycanı isə hazırda Rusiyadan tam qoruyacaq güc hələki yoxdur. ABŞ Baltik ölkələrini çıxmaqla keçmiş sovet ölkələrində Rusiya qarşı hələki yumşaq güc göstərir. Azərbaycanı isə Türkiyə üzərindən Rusiya təhlükəsindən qorumağa çalışır. XIX əsrdə Azərbaycan torpaqları uğrunda savaş gedəndə Osmanlıya "pərdəarxası”ndan dəstək verən İngiltərə və Fransa idi. Tarix göstərir ki, bu siyasət də uğur qazana bilmədi. Unutmayaq ki, Türkiyənin başlıca hədəfi öz ərazi bütövlüyünü qorumaqdır. Azərbaycan dövləti və xalqı da yalnız Allaha və özünə inanmalıdır. Azərbaycan daxili və xarici problemlərini həll etməli, xarici siyasətini gücləndirməli və beynəlxalq arenada düzgün siyasi-diplomatik gedişlər etməlidir.

- Bəlkə burada Zəngəzur-Mehri dəhlizinin açılmaması daha böyük rol oynayır. Yəni Azərbaycan da, Türkiyə də səbir göstərir ki, Mehridən Naxçıvana yol açılsın, sonra Laçın, eləcə də Xocalı, Xankəndi, Ağdərə və s. məsələlərini həll edək?

- Mən də bu fikirləri bölüşürəm, ancaq bunun real olması çox çətindir. Ona görə çətindir ki,burda Rusiya faktoru var. Səbir edib prosesləri izləmək lazımdır.

- Bəziləri ehtiyat edirlər ki, Amerikanın 90-cı illərdən bəri həyata keçirməyə çalışdığı Qobl planı icra edilə bilər. Yəni, guya Laçın dəhlizi birdəfəlik de-yure Ermənistana, Mehri isə Azərbaycana verilə bilər. Buna necə baxırsınız?

- Bu plan, artıq qüvvədə deyil. Qobl planının həyata keçirilməsi cəhdi Ermənistanda hakimiyyət çevrilişi ilə nəticələndi. Təbii ki, bunun arxasında Rusiya vardı. Demək, bu plana qarşı olub Rusiya...

- Bəs Türkiyə buna razı ola bilərmi?

- Qarabağ məsələsində Türkiyədən, beynəlxalq arenada isə əsas ABŞ-dan dəstək önəmlidir. Türkiyənin də öz dövlət maraqları var. Əgər Türkiyənin maraqlarına uyğun olarsa, Qobl planına da dəstək verə bilər. Düşünürəm ki, burada Azərbaycan dövlətinin, xalqının maraqları önəmlidir. Söhbət Azərbaycan torpağından gedir. Biz öz torpağımızın bir qarışını da heç kimə verməməliyik...

- Rusiyanın "sülhməramlı” adlanan hərbi kontingenti ərazidə ola-ola növbəti 5 il ərzində Qarabağda Ermənistan tərəfindən genişmiqyaslı hərbi əməliyyatlar başladıla bilərmi?

- Yaxın gələcəkdə Qarabağda müharibə ehtimalı çox azdır. Əvvəla, ona görə ki, Azərbaycan Ordusunun son şanlı zəfəri sayəsində Ermənistan ordusu bitkin bir duruma düşüb. Hər dəqiqənin bir hökmü var. Xırda münaqişələr, lokal hərbi əməliyyatlar baş verə, Azərbaycan tərəfi kiçikmiqyaslı antiterror əməliyyatları keçirə bilər. Bu, hər zaman gözləniləndir...

Qaldı Rusiyanın sülhün təminatçısı vəzifəsini üzərinə götürməsi baxımından Ermənistan və ya Azərbaycan tərəfindən savaş başladılmasına icazə verməsi məsələsinə, burada, təbii ki, Moskva üçün hər zaman öz maraqları önəmlidir. Doğrudur, Rusiya Prezidenti Vladimir Putin keçmişdə "Dağlıq Qarabağ” adlanmış ərazinin beynəlxalq hüquq baxımından Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğunu dəfələrlə vurğulayıb. Fəqət, Kremlin sabah hansı addımlar atacağını demək çətindir. Tarixə baxanda görürsən ki, Rusiya dəfələrlə bizim başımızın altına yastıq qoyaraq öz bildiyini edib və nəticədə əziyyət çəkən, itkilər verən Azərbaycan tərəfi olub. Odur ki, Azərbaycan xalqı dövlətimiz başda olmaqla Qarabağ məsələsində muxalifətli-iqtidarlı birlik nümayiş etdirərək, Rusiyanın siyasi gedişlərini izləməli və buna uyğun addımlar atmalıdır. Yəni Azərbaycan dövlətinin suverenliyi və ərazi bütövlüyü, Azərbaycan dövləti, höküməti və iqtidarlı-müxalifətli xalqı üçün bir nömrəli məsələ olmalıdır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR