"Əhalinin seçkiyə yaranan ümidləri bir daha sarsılacaq..." - NİYƏ MƏZAHİR PƏNAHOV?

28-04-2021, 19:13 194 dəfə baxılıb

Milli Məclisin aprelin 27-də keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının yeni tərkibi formalaşdırılıb. Tərkibdə əsas diqqətləri daha çox hakim Yeni Azərbaycan Partiyasının parlamentə göndərdiyi adlar çəkib.

YAP-ı bundan sonra MSK-da təmsil edəcək şəxslər bunlar olacaq:

Məzahir Pənahov

Rövzət Qasımov

Hüseyn Paşayev

Şaitdin Əliyev

Ramiz İbrahimov

Validə Kazımova

Surəddin Hümbətov (ehtiyat üzv).

Göründüyü kimi, siyahıda birinci şəxs MSK-ya 20 ildir rəhbərlik edən 70 yaşlı M.Pənahovdur. Aydındır ki, MSK sədrini də hakim çoxluq müəyyən etdiyindən M.Pənahovla "tamam” deyil, "davam” qərarı verilib.

Aşağıda digər MSK üzvlərinin təqdim edəcəyimiz siyahısından çox mətləblərə aydınlıq gətiriləcək.

Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarının (bitərəf) MSK üzvlüyünə namizədləri aşağıdakılardır:

İlham Məmmədov

Nizami Nadirxanlı

Fuad Cavadov

Qabil Orucov

Arifə Muxtarova

Nailə Əsgərova

Aydın Muradov (ehtiyat üzv).

Parlamentdə azlıq təşkil edən siyasi partiyaların MSK üzvlüyünə namizədləri isə aşağıdakılardır:

Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov

Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - Mikayıl Rəhimli

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı

Azərbaycan Demokratik İslahatlar Partiyası ilə birgə Vətəndaş Birliyi Partiyasının namizədi - Tofiq Həsənov

Demokratik Maarifçilik Partiyası - İlkin Şahbazov

Niyaməddin Orduxan (ehtiyat üzv).

MSK üzvləri kimi YAP mənsublarının çoxluğunu, eləcə də bitərəf deputatların daha çox iqtidarpərəst olduqları üçün təqdim etdikləri şəxslərin də olacağı ehtimallarının yüksəkliyini nəzərə alaraq, M.Pənahovun yenidən sədr seçiləcəyini indidən söyləmək olar. Digər tərəfdən, onun alternativsiz namizəd olacağı da açıq görünür.

M.Pənahova yenidən etimad göstərilməsi çoxlu müzakirələrə yol açıb.

YAP İdarə Heyətinin üzvü, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu deyilənlərə bu cür reaksiya verdi: "Demokratik cəmiyyətin əsas hüquqi-siyasi institutlarından biri Mərkəzi Seçki Komissiyasıdır. Onun fəaliyyəti demokratik əsaslarda təşkil olunub. Hər bir cəmiyyətdə hakimiyyətin müxtəlif seçkili qollarının, yerli özünüidarəetmə orqanlarının formalaşdırılması bilavasitə MSK-ya və Seçki Məcəlləsinə uyğun təyin olunan prosedurlar vasitəsilə reallaşan siyasi hadisədir. Yeni Azərbaycan Partiyasının İdarə Heyəti bir neçə gün əvvəl öz namizədlərini müəyyənləşdirərkən məhz MSK üzvü olacaq namizədlərinin peşəkar keyfiyyətlərini, təcrübələrini və onlara olan ictimai etimadı nəzərə alaraq parlamentin müzakirəsinə təqdim edib. Azərbaycanda seçkilərin keçirilməsinin özünəməxsus hüquqi ənənələri və tarixi var. Bu vaxta qədər heç bir halda cəmiyyətin hər hansı institutunun və yaxud beynəlxalq təşkilatların Azərbaycanda keçirilən seçkilərlə bağlı ciddi şübhələri, iradları olmayıb. Fəaliyyət göstərdiyi müddətdə MSK daxil olan müraciətləri, şikayətləri peşəkarcasına, hüquqa söykənərək araşdırıb. Şübhəsiz ki, bu prosesdə bütün MSK üzvləri ilə yanaşı onun sədrinin də mühüm fəaliyyəti olub. Yəni istər peşəkarlıq və təcrübə baxımından, istər Seçki Məcəlləsinin tələblərinin lazımi səviyyədə yerinə yetirilməsi baxımından, istərsə də müxtəlif siyasi dünyagörüşə sahib olan MSK kollektivinin idarə olunması və onun işinin yalnız hüquqi əsaslarda səmərəli təşkili baxımından Məzahir Pənahovun sədr kimi mühüm rolu olub. Əlbəttə, yeni tərkibdə MSK üzvlərinin kimi sədr və müavin seçəcəyi qurumun daxili prosedur işidir. Ancaq əsas məsələ odur ki, biz bir daha MSK-nın yeni tərkibinin demokratik əsaslarla formalaşdırıldığının şahidi olduq. Çünki yeni tərkib parlament çoxluğunu təşkil edən hakim Yeni Azərbaycan Partiyasının, eyni zamanda müxalifətin və bitərəflərin nümayəndələrindən təşkil olundu ki, bu özlüyündə bir demokratiya hadisəsidir”.

AĞ Partiya başqanı Tural Abbaslı: "Bilmirəm ki, MSK tam heyətdəmi formalaşdırılacaq. Hazırda parlamentdə 5 deputat yeri boşdur. Hansı ki, seçkilərdən dərhal sonra 4 dairə ləğv olunub. Həmin boş dairələrə seçkilər keçirilməlidir. Nəzərə alsaq ki, həmin boş yerlərə siyasi partiyalardan namizədlər seçilə bilər, o zaman MSK-nin tam formada formalaşdırılması doğru qərar olmaz. Yeni partiyaların parlamentə düşməsi nəticəsində onların da təmsilçilik hüququ yaranır. Bütün bunlar nəzərə alınmalı və MSK tam şəkildə formalaşdırılmamalıdır. Digər məsələyə gəlim, niyə Məzahir Pənahov? O, yaşlı adam ola bilər. Amma nəzərə daha çox onu alaq ki, illərin sınağından keçmiş, hakimiyyətin tapşırıqlarını qeyd-şərtsiz yerinə yetirib və hər cür çətinliklərə sinə gələn, istənilən nəticəni də təqdim edə bilən şəxsdir. Təkcə təqdim etməyib, bunun təşkili məsələsində də böyük təcrübəsi var. Saxta seçkilərin keçirilməsi, ”karusel" əməliyyatları, bunun nəticələrinin cəmiyyətə, beynəlxalq aləmə yedizdirilməsi kimi məsələlərdə onun təcrübəsi kifayət qədər yüksəkdir. Bu sahədə onu Azərbaycanda ən təcrübəli şəxs saymaq olar. Görünən odur ki, hakimiyyət qarşıdakı beş ildə də kifayət qədər ciddi seçkilər keçirmək niyyətindədir. Konstitusiyaya dəyişikliklərin ediləcəyi, referendum olacağı, proporsional seçki sisteminə keçiləcəyi kimi fikirlər də ara-sıra səslənir. Ola bilsin ki, idarəetmə sistemində hansısa dəyişikliklər etsinlər. Strateji seçkilərin keçirilə biləcəyi bir dönəmdə yeni və nisbətən təcrübəsi olmayan, sınaqdan çıxmayan birisinə bir sözlə, iqtidar "stavka” edə bilmir, güvənmir və risk almaq istəmir. Bu səbəbdən bütün ictimai qınağa rəğmən Məzahir Pənahovu saxlayır. Hakimiyyətin bu şəxsə bir daha etimad göstərməsi əhalinin seçkiyə yaranan ümidlərini bir daha sarsıdacaq. İnsanların nəyinsə dəyişə biləcəyinə olan ümidləri bir daha öləcək. Amma görünən odur ki, iqtidarı bu qətiyyən narahat etmir. Hakimiyyəti seçkilərdən əldə edə biləcəyi nəticələr maraqlandırır".

ALDP rəhbəri Fuad Əliyev isə bildirdi ki, Məzahir Pənahovun "sirri”ni hakimiyyətdaxili çəkişmələrdə axtarmaq lazımdır: "Bundan qabaq da demişdim ki, başladılan kadr islahatları yarımçıq qalıb. Yəqin ki, Məzahir Pənahov bu dəfə də MSK sədri seçiləcək. Komissiya sədri kimi onun fəaliyyəti birmənalı deyil və fəaliyyəti ilə bağlı narazı olanların sayı çoxdur. Məzahir Pənahov alimdir, ziyalıdır və ona bu baxımdan hörmət edirəm. Amma bir neçə sahələrdə gəncləşmə getdiyinə görə MSK-da da yeniləşmə olmalıdır. Və bunun üçün savadlı və peşəkar kadrlar var. Hər halda, kimin seçilməsinə baxmayaraq, əsas iş seçki sisteminin təkmilləşdirilməsindən keçir. Seçki komissiyaları həqiqi mənada müstəqil olmalıdırlar. Seçki komissiyalarının formalaşmasında müəllim və həkimlər iştirak etməməlidirlər. Seçkilər isə ”Elektron səsvermə" ilə keçirilməlidir".

Sonda onu da qeyd edək ki, MSK-nın yeni tərkibində parlament partiyalarından sayılan REAL yer almayıb. Bununla bağlı partiyanın sədri İlqar Məmmədov status yazıb: "Milli Məclis qanuni siyasi iddiamızı rədd edərək, 5 il müddətinə yeni (köhnə) Mərkəzi Seçki Komissiyasını heç bir müxalifət təmsilçisi olmadan təyin etdi. Görünür, seçki islahatı hakimiyyətlə dialoqumuzun gündəmindən hazırda çıxarılmalı və onun aktuallığı digər siyasi alətlər vasitəsilə bu gündəmə yenidən gətirilməlidir. Bu istiqamətdə partiyadaxili və daha geniş siyasi müzakirələrə açığıq”.
"Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR