Azərbaycanda həkim qıtlığı? - “Ağ xalatlılar”ın sayına görə geridəyik

26-06-2020, 10:24 338 dəfə baxılıb

Koronavirus pandemiyasının yayılması qlobal səviyyədə həkim çatışmazlığı təhlükəsi yarada bilər.

Azərbaycanda da son günlər yoluxma sayının sürətli artımı həkim, tibb bacıları, eləcə də dərman preparatları və tibbi ləvazimatların çatışmazlığının yaranma təhlükəsi ilə bağlı narahatlığı artırıb.

Bəs, Azərbaycanda tibb işçilərinin sayı, adambaşına düşən həkim sayı nə qədərdir? Bu göstərici beynəlxal göstəricilərə müvafiqdirmi?

Cebhe.info xəbər verir ki, 2020-ci ilin əvvəlinə olan rəqəmə görə, ölkədə 31 800 həkim fəaliyyət göstərib. Dövlət Statistika Komitəsinin məlumatına görə, onlardan 21 min nəfəri qadın, 10 800 nəfəri isə kişidir. Həkimlərin 26 800 nəfəri dövlət, 5 mini qeyri-dövlət tibb müəssisələrində çalışır. 2019-cu ildə rezidenturanı bitirmiş mütəxəssislərin sayı isə 278 nəfər olub. Tibb bacılarının sayına gəlincə, Səhiyyə Nazirliyinin açıqladığı məlumata görə, Azərbaycanda 52 min 807 orta tibb işçisi var ki, onların da 37 min 322 nəfəri tibb bacılarıdır. Əhalinin hər on min nəfərinə düşən orta tibb işçilərinin sayı 54, tibb bacılarının sayı isə 38.2-yə bərabərdir. Bəs həkim və tibb bacılarının sayına görə, ölkəmiz hansı mövqeni tutur?

Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr arasında səhiyyə işçilərinin - həkim və orta tibb işçilərinin sayına görə Azərbaycan sonuncu sıralarda yer alır. MDB Dövlətlərarası Statistika Komitəsinin açıqladığı məlumatda bildirilib ki, ötən ilin əvvəlində Azərbaycanda hər 10 min nəfərə 33 həkim, 55 orta tibb işçisi düşüb. Son on ildə qeydə alınan göstəricilərin müqayisəsinə gəlincə, məlum olub ki, 2008-2018 -ci illər ərzində Azərbaycanda hər 10 min nəfərə düşən həkimlərin sayı 37-dən 33-ə, orta tibb işçilərinin sayı isə 71-dən 55-ə qədər azalıb.

Eləcə də xəstəxana sayında da azalma olub. 2008-2018 -ci illər ərzində xəstəxanaların sayı 752-dən 563-ə düşüb. Xəstəxana çarpayılarının sayı isə 67,8 mindən 44 minə qədər azalıb. MDB ölkələrində hər 10 min nəfərə düşən həkimlərin sayına görə ilk yeri Rusiya tutur. Bu ölkədə müvafiq həkim sayı 48-dir.

10 min nəfərə Ukraynada 44, Ermənistanda 45, Belarusda 45, Qazaxıstanda 40, Moldovada 36, Qırğızıstanda 22, Özbəkistanda 27, Tacikistanda isə 21 həkim düşür. Azərbaycan MDB ölkələri arasında yalnız Qırğızıstan, Özbəkistan və Tacikistanı üstələyir. Orta tibb işçilərinin sayına görə isə Azərbaycan MDB ölkələri arasında sonuncu sırada yer alıb. 10 min nəfərə düşən orta tibb işçilərinin sayı Belarusda 134, Rusiyada 102, Özbəkistanda 108, Qazaxıstanda 96, Ukraynada 81, Moldovada 66, Tacikistanda isə 59, Ermənistan və Qırğızıstanda isə 56 olub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR