BAYRAM BAYRAMA QARIŞANDA...

18-06-2021, 05:30 120 dəfə baxılıb

 
BAYRAM BAYRAMA QARIŞANDA...
 

İyunun 17-də Ağsu Rayon Mərkəzi Xəstəxanasının iclas zalında karantin rejimi qaydalarına uyğun keçirilən yığıncaqda Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tibb işçilərini peşə bayramı günü münasibətilə təbrik edərək son illər Azərbaycanda səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tibbi texnologiyaların tətbiqi, kadr hazırlığı sahəsində görülən işlər və qazanılan uğurlar barədə danışıb. Ölkəmizdə səhiyyənin inkişafından, Prezident İlham Əliyevin diqqət və qayğısından bəhs edən icra başçısı dünyanı cənginə alan koronavirusla mübarizədə əldə olunan uğurların məhz bu diqqətin, bu qayğının nəticəsi olduğunu söyləyib.

İcra başçısı Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğının, onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasında gördüyü işlərin böyük razılıq və rəğbət doğurduğunu söyləyib.

Yığıncaqda çıxış edən rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Əli Hüseynov və başqaları bölgədə müasir arxitektura ilə tikilən və hər cür şəraiti olan 165 çarpayılıq xəstəxananın, habelə 15 həkim məntəqəsinin və 19 tibb məntəqəsinin fəaliyyət göstərdiyini, burada müxtəlif ixtisaslı 164 nəfər həkimin, 503 nəfər tibb işçisinin çalışdığını bildiriblər. Koronavirusla mübarizədə görülən işlərdən bəhs edən Əli Hüseynov deyib: "Ağsu rayonunda hazırda aktiv halda koronavirus xəstəsi yoxdur və yeni xəstə qeydə alınmayıb. Bu, Azərbaycanda koronavirusla mübarizə sahəsində görülən işlərin, aparılan vaksinasiyanın nəticəsidir. Artıq Ağsuda 17 min nəfər vaksinasiya olunub, onlardan 6 min nəfərə hər iki doza vurulub. Bu proses davam edir”.

Təntənəli yığıncaqda bir qrup qabaqcıl tibb işçisinə göstərdikləri xidmətə görə və Tibb İşçilərinin Peşə Bayramına Günü münasibətilə rayon icra hakimiyyətinin fəxr fərmanı verilib.

Həmin ərəfədə Ağsu rayonunda ezamiyətdə olduğumuz üçün tibb işçilərinin peşə bayramı münasibətilə doktor Əli Hüseynovu və onun şəxsində rayonun bütün səhiyyə işçilərini təbrik etdik. Təbrikə görə minnətdarlığını ifadə edən doktor Hüseynov bildirdi ki, bu ərəfədə həkimlər əvvəlki illərdəkindən daha çox təbrik qəbul edir, alqışlanırlar. Həmsöhbətimiz bu müsbət tendensiyanı həkimlərin koronavirusla mübarizənin önündə getdiklərinə, Vətən müharibəsində yaralanan əsgər və zabitlərimizə lazımi tibbi yardım göstərdiklərinə görə dövlətin, xalqın onların əməyinə verdiyi qiymətin yüksəlməsi ilə əlaqələndirdi. Həmçinin bildirdi ki, təqvimdə Milli Qurtuluş Günü ilə Tibb İşçiləri Gününü iki səhifə ayırır və demə olar bu bayramlar bir-birinə qarışır. Onun sözlərinə görə, bu dəfəki Milli Qurtuluş Günü qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın ölkəmizə tarixi səfəri və Şuşa Bəyannaməsinin imzalanması ilə əlamətdar oldu, bir sözlə, bayram bayrama qarışdı.

Xatırladaq ki, bacarıqlı həkim, mahir təşkilatçı olan Əli Hüseynov həm də fəal vətəndaşlıq mövqeyinə malik ziyalıdır. Siyasi orientasiyasını dürüst müəyyənləşdirmiş Əli həkim Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının sədridir. Təşkilatın işi ilə maraqlandığımızda Əli Hüseynov bildirdi ki, YAP Ağsu rayon təşkilatı 2020-ci ildə və 2021-ci ilin birinci yarısında Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi əsasında fəaliyyət göstərərək işini rayon təşkilatının iş planına, YAP Mərkəzi Aparatının təlimat və göstərişlərinə uyğun qurub, rayon təşkilatının üzvləri rayondakı ictimai-siyasi proseslərdə öz fəallıqları ilə fərqlənib, Milli Məclisə keçirilən seçkilər zamanı, pandemiya dövründə, Vətən müharibəsi vaxtı rayon təşkilatının həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir.

Sədr həmçinin bildirdi ki, təşkilat 2021-ci ilin ikinci yarısında da öz fəaliyyətini daha da aktivləşdirəcək, partiyanın Sədri, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin rayon sakinləri arasında geniş təbliğ olunmasını təmin edəcək, sosial şəbəkələrdə fəallığı daha da gücləndirəcək.

Həmsöhbətimiz eyni zamanda bu ilin fevralında YAP-ın qurultayını xatırladaraq bildirdi ki, Azərbaycanın I Vitse-Prezidenti Mehriban Əliyevanın YAP sədrinin I müavini təyin olunması ilə partiyanın nüfuzu, qərarların icrasında dinamizm, çeviklik yüksələcək, Cənubi Qafqazın ön böyük partiyasının daha da inkişafına xidmət edəcək.

Rahim Hümmətov



loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR