Gürcüstanın Azərbaycandan torpaq istəyi bitmir - “Keşikçidağ” qalmaqalı böyüyür

28-05-2019, 21:20 112 dəfə baxılıb

Gürcüstanın Azərbaycandan torpaq istəyi bitmir - “Keşikçidağ” qalmaqalı böyüyür

Son zamanlarda Gürcüstanın Azərbaycanla dövlət sərhədinin razılaşdırılmamış hissəsi olan “Keşikçidağ” abidəsi (David Qareci) ilə bağlı iddialarını gücləndirməsi Azərbaycan ictimaiyyəti tərəfindən kəskin qınaqla qarşılanıb.

Bu günlərdə məsələnin həlli üçün yaradılmış komissiyanın görüşündə tərəflər arasında razılıq əldə etmək mümkün olmayıb.

Ekspertlərin fikrincə, Gürcüstanın məqsədi heç də Azərbaycanla münasibətləri pozmaq deyil, sadəcə aşağı dərəcəli “kontrollu gərginlik” siyasəti yeridilir.

Politoloq Elxan Şahinoğlu bildirib ki, ilk dəfə Salome Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bu məsələni qaldırıb və Azərbaycan da mesajı aldıqdan sonra danışıqlar prosesinə başlamağa hazır duğunu bəyan edib:

“Amma ki, Gürcüstan tərəfi ard-arda təxribat xarakterli açıqlamalar verdi, sərhəddə müxtəlif təxribatlara əl atdılar. Bununla da iki ölkənin münasibətləri süni şəkildə qəsdən pisləşdirildi.

Gürcüstan bizim strateji tərəfdaşımız olmasına baxmayaraq, ara-sıra sərt üzümüzü göstərməliyik. Elə başa düşürlər ki, biz “Keşikçidağ”ı onlara peşkəş etməliyik. Bu, belə olmaz. Təzyiq altında danışıqların aparılması mümkün deyil. Əvvəllər də bizdə müxtəlif mövzularda tələbləri olub, biz də güzəşt etmişik. Lakin, bunların iştahı azalmır. Daim bizdən nəsə istəyirlər. İndi isə torpağı verə bilmərik”.

O sözlərinə əlavə edib ki, Gürcüstan hakimiyyəti qəsdən Azərbaycan üçün önəmli tarixlərdə təxribata şərait yaradır:

“20 yanvarda Gürcüstan ərazisində Xocalı qətliamını törədənlərdən birinə abidə qoyuldu və Tiflis azərbaycanlıların və Azərbaycanın etirazını qulaqardına vurdu, 28 mayda - Cumhuriyyət günü isə, yəni bu gün “Keşikçidağ”da Azərbaycana qarşı ikinci təxribatlarını hazırlayırlar. Əldə etdiyimiz məlumata görə, “Keşikçidağ”ın ətrafına rahibləri toplanılması və Azərbaycan əleyhinə şüarlar səsləndirilməsi planlaşdırılır. İkinci qonşumuz da xain çıxdı”.

Elxan Şahinoğlu qeyd edib ki, Gürcüstanın “Keşikçidağ”la bağlı iddiaları hüquqi baxımında əsassızdır:

“SSRİ-nin süqutundan sonra Azərbaycan və Gürcüstan avtomatik olaraq aralarında mövcud olan əvvəlki inzibati sərhədlərin varisi olublar. Ola bilər ki, bəzi hissələrdə dəqiqləşdirmələrə ehtiyac var. Bu da danışıqlar prosesinin müzakirə predmetidir. Amma Gürcüstan danışıqların sonunu gözləmədən abidənin onlara verilməsini tələb edir. Hesab edirəm ki, bu İvanişvilinin diqtəsi ilə edilir.”.

Qeyd edək ki, “Keşikçidağ” kompleksi ilə bağlı anlaşılmazlıq 1991-ci ildən bu yana davam edir.(baku.ws)


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR