“Sağlam düşüncə ilə hərəkət etməsə, Ermənistanı Rusiya belə xilas edə bilməyəcək”

14-04-2020, 21:44 262 dəfə baxılıb

“Sağlam düşüncə ilə hərəkət etməsə, Ermənistanı Rusiya belə xilas edə bilməyəcək”

Koronavirus xəstəliyinin insan səhhəti ilə yanaşı, həm də dövlətlərin iqtisadiyyatını hədəf aldığı məlumdur. Zəif iqtisadiyyata malik dövlətlərin bu sınaqdan daha böyük itkilərlə çıxacağı da hamı tərəfindən qəbul edilən həqiqətlər sırasındadır.



Maraqlıdır, koronavirussuz da iqtisadi baxımdan acınacaqlı durumda olan Ermənistan iqtisadiyyatı post-koronavirus dönəmində ayaqda qalmağı bacaracaqlı? Ermənistanın iqtsiadi baxımdan zəifləməsi onun həm iqtisadi, həm də siyasi baxımdan digər dövlətlərdən, xüsusilə də Rusiyadan asılılığının artmasına yol aça bilərmi?



Moderator.az-a açıqlama verən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov Ermənistanın koronavirus dalğasından sonra uzun müddət özünə gələ bilməyəcəyini vurğulayıb:



“Koronavirus Ermənistan iqtisadiyyatına böyük zərbə vuracaq. Əgər koronavirus dünyanın böyük, güclü dövlətlərinin iqtisadiyyatına zərbə vurursa, aydındır ki, Ermənistan kimi zəif dövlətə daha böyük zərbə vuracaq.



Ermənistan sağlam düşüncəli addımlar atmalı, işğal edilmiş torpaqları azad etməlidir. Türkiyə ilə münasibətləri bərpa etməli, uydurma soyqırım iddiasından əl çəkməlidir. Ancaq doğrusu düşünmürəm ki, biz yaxın gələcəkdə belə bir perspektivlə üzləşəcəyik. Ermənistanda hazırda fanatik düşüncəli bir hakimiyyət var. Buna görə də Ermənsitan hakimiyyətinin sağlam məntiqlə hərəkət edəcəyinə inanmıram.



Ermənistanın faktiki olaraq yeganə pəncərəsi İran idi. İran özü indi çox pis vəziyyətdədir. Həm koronavirus, həm də sanksiyalar İranın vəziyyətini ağırlaşdırıb. Ermənistan bu gedişlə tam olaraq çökəcək. O qədər zəif bir ölkəyə çevriləcək ki, Rusiya belə ona kömək etmək iqtidarında olmayacaq. Çünki Rusiyanın da iqtisadiyyatı bərbad vəziyyətə düşüb. Əgər Ermənistan sağlam düşüncə ilə hərəkət etməsə, işğalçılıq siyasətindən əl çəkib qonşuları ilə münasibəti bərpa etməsə, yaxın gələcəkdə ondan geriyə heç nə qalmayacaq”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR