Bəzi siyasətçilər Kremlin xoşu gəlməsi üçün ictimai rəyə təsir etməyə çalışırlar - “Kremlin gizli əlləri”

1-05-2020, 19:04 164 dəfə baxılıb

Bəzi siyasətçilər Kremlin xoşu gəlməsi üçün ictimai rəyə təsir etməyə çalışırlar - “Kremlin gizli əlləri”


“Kremlin gizli əlləri”, “beşinci kolon”, “ruspərəstlər” və s. ilaxır... İndi bu ifadələr tez-tez işlədilir. Azərbaycan cəmiyyəti yenidən ruspərəstlik mövzusunu müzakirə etməyə başlayıb.

SSRİ-nin bərpası iddiaları, ölkədə rusiyayönümlü siyasi partiyaların olması, rusmeyllilik ittihamları yenidən gündəmə gəlib.

Onların fəallaşdığı, sosial şəbəkələrdə, mətbuatda təbliğat apardıqları söylənilir. Hətta iddialar səslənir ki, Azərbaycanda ruspərəst partiyalar var.

Ümumiyyətlə, Qərbdən üz çevirməyin, nicatın Rusiyada olması fikirləri ictimai rəyə yeridilməkdədir. Bəzi siyasətçilərin fikrincə, bütün bunlar ideoloji müstəvidə aparılır.

Hətta 2013-cü il seçkilərində də Rusiya təhlükəsi, şimaldan gələn “rüzgar” ötkəm şəkildə öz təsirini göstərmişdi.

Ekspertlərin fikrincə, Azərbaycan Qərbə meyllənəndə ölkəmizdəki ruspərəst “5-ci kolon” həmişə aktiv fəaliyyətə keçir.

Onların həm hakimiyyətdə, həm müxalifətdə, həm də sosial qruplar arasında özlərinə yer tapdığı bildirilir.

Yəni real mənzərə yuxarıda göstərildiyi kimidirmi - ölkədəki partiyaların siyasi yönümü ruspərəstdirmi? Belə təhlükə, tendensiya mövcuddurmu?

Əslində bu, yeni proses deyil. Sadəcə, 28 aprel, SSRİ-nin qurulması tarixi ərəfəsində belə müzakirələr qızışır, partiya sədrlərinin açıqlamaları diqqət çəkir.

Politoloq Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, sevsək də, sevməsək də, Azərbaycan bütün siyasətində Rusiya amilini nəzərə almaq məcburiyyətindədir. Onun fikrincə, bəziləri bunu rusiyameylli siyasət kimi başa düşə bilər: “Əlbəttə ki, ruspərəst qüvvələr var. Bir neçə kommunist partiyası, SSRİ-nin bərpası haqda illüziyalar, cəmiyyətdə qalan sovet dövrünə qayıdış nostaljisi rusiyameylli təbliğatın və yanlış yozmaların mövcudluğuna aparıb çıxarır. Amma onlar cəmiyyətə təsir edəcək qüvvələr deyil. Sadəcə, gerçəkliyi nəzərə almayan, milli maraqları ideoloji maraqlara qurban verən adamlardır”.

Q.Hüseynli hesab etmir ki, Azərbaycanda ruspərəstlik təhlükəsi var: “Azərbaycan şimal qonşusu ilə bütün sahələrdə münasibətlərin möhkəmləndirilməsi, strateji əməkdaşlığın genişləndirilməsi üçün səyləri artırır. Paralel olaraq, çoxvektorlu xarici siyasət xətti götürülüb. Bu da rəsmi Bakının avropayönlü siyasətidir. Avropa Yenidənqurma Bankı ilə danışıqlar, Avropa İttifaqı ilə əməkdaşlığa yönəlik açıqlamalar bunu təsdiqləyir.

Lakin nəzərdən qaçırmaq olmaz ki, Qarabağ probleminin həllində Rusiyanın ciddi şəkildə ağırlığı var. Çünki danışıqlar prosesində Rusiyanın təsir rıçaqları güclüdür və Ermənistan Moskvanın forpostudur".

Politoloqun sözlərinə görə, Ermənistana qarşı mübarizədə və ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində apardığımız siyasətdə geosiyasi, o cümlədən Rusiya amilini nəzərə almağa məcburuq: "Əgər nəzərə almasaq, siyasi amillərə diqqət yetirməsək, Ermənistanın hərbi gücündən qat-qat güclü olduğumuzu fikirləşib Qarabağda antiterror əməliyyatları aparmağa başlasaq, qarşımıza nələrin çıxacağını proqnozlaşdırmaq lazımdır. Düşünməliyik ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təmsilçisi kimi Rusiyanı qarşımızda görə bilərikmi?"

Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, sosial mediada sol ideyaların təbliğatçıları aktivləşiblər. Onun fikrincə, 28 aprelin inqilab, yoxsa işğal olması polemikaları kənardan bu cür təsəvvürlər yaradır. “Azərbaycanda rəsmi siyasətdə Rusiya faktoruna çox ciddi və həssas münasibət var. Bu da anlaşılandır.

İstənilən iqtidar Rusiya ilə əlaqələrdə ehtiyatlı olmalıdır. Dünyanın supergücləri belə Moskva amilini hər addımda nəzərə alırlar. Azərbaycanın daxilinə gəlincə, ruspərəst mövqelərə rast gəlinir. Bəziləri sovet nostalgiyasından irəli gələrək SSRİ haqda pozitivləri yazırlar, bəzi siyasətçilər Kremlin xoşu gəlməsi üçün ictimai rəyə təsir etməyə çalışırlar. Lakin ölkədə kifayət qədər liberal, qərbpərəst insanlar və təşkilatlar da var. Bunu da unutmaq olmaz. O baxımdan hansısa ruspərəst meyllərin təhlükəli tendensiyalara gətirib çıxaracağını görmürəm".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR