Qarabağ və Naxçıvanla bağlı bilinməyənlər: - Əliyev Rusiyanın əli ilə...

26-11-2020, 11:17 49 dəfə baxılıb

İşğalçı Ermənistanın 27 sentyabrda Azərbaycanın mülki infrastrukturuna gerçəkləşdirdiyi və onlarla dinc sakinin şəhid olub, onlarla insanın yaralandığı hücumlardan sonra əks-hücum əməliyyatları ilə başlayan II Qarabağ Müharibəsi Azərbaycanın zəfəri ilə nəticələndi. Amma həm Azərbaycandakı, həm də Türkiyədəki bəzi çatlaq səsləri Ermənistanın imzalamaq məcburiyyətində qaldığı ağır şərtləri nəzərdən qaçıraraq Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağa girməsinin məğlubiyyət olduğunu söyləməyə qədər irəli getdilər.

Türkiyənin “Yeni Akit” nəşri Azərbaycanın öndə gələn siyasi mütəxəssislərindən biri, Publika.az-ın siyasi analitiki Asif Nərimanlının məsələ ilə bağlı fikirlərini bölüşüb.

A.Nərimanlı Azərbaycanın zəfərini elan edən razılaşmanı cümlə-cümlə şərh edib.

Problem onu yaradan Rusiyaya həll etdirildi

“Azərbaycan əsgərinin qanı bahasına qazanılan zəfərə kölgə salmağa çalışanlar var. Azərbaycan 30 ildən sonra döyüşü torpağından kiməsə pay vermək üçün qazanmadı. Azərbaycan Rusiya sülhməramlılarının bölgəyə girişinə icazə verməklə qalib gəldiyi müharibəni masada rəsmiləşdirdi. Diqqət edirsinizsə, Rusiya prezidenti Vladimir Putin artıq Qarabağ probleminin olmadığını vurğuladı. Azərbaycan savaşı əsgərinin gücü ilə qazandı, problemi diplomatiya ilə həll etdi deyə bilərik. Diqqətçəkən məqam bundan ibarətdir ki, bu problem onu yaradan Rusiyanın ilə tarixə qovuşduruldu. Burada Azərbaycanın Rusiyanın əli ilə Minsk qrupunun digər iki üzvü olan ABŞ və Fransanın da müdaxiləsi ilə üzləşməsi diqqətdən kənar saxlanmamalıdır”, - siyasi analitik qeyd edib.

Türkiyənin dəstəyi müharibəyə xarici qüvvələrin müdaxiləsinin qarşısını aldı

Asif Nərimanlı bildirib ki, Azərbaycan 30 ildən sonra Türkiyəni bölgəyə gətirə bilməklə bütün şərtləri lehinə çevirdi və Prezident İlham Əliyevin də dediyi kimi, Türkiyənin mənəvi dəstəyi döyüşlərə xarici qüvvələrin müdaxiləsini əngəllədi: "Azərbaycan Ermənistanla təkbətək qalanda onu yerlə-yeksan etdi. Bölgədə qalib gələn Azərbaycan və Türkiyədir. Rusiyanın hazırkı dərdi Ermənistanı itirməməkdir. Çünki müharibədə uduzan ermənilər Rusiyanın onları qorumadığını düşünürlər və bu, Ermənistanın rəsmi Moskvanın nəzarətindən tamamilə çıxması təhlükəsini yaradır”.

Naxçıvan dəhlizi Türkiyə ilə Mərkəzi Asiyanı birləşdirir

“Türkiyə nə qazandı” sualının da cavabını verən A.Nərimanlı fikirlərinə belə davam edib: “Birincisi, Türkiyə artıq bölgədədir və bu, Azərbaycanın daha da güclənməsi ilə birlikdə Türkiyənin regional güc səviyyəsini artırır. İkincisi, Türkiyə Qarabağda Rusiyanın təmsil olunduğu bütün şərtlərdə yer alacaq. Bu, həm Azərbaycanın maraqlarına xidmət edir, həm də Rusiyanı arxa bağçası hesab etdiyi Qafqazda Türkiyə ilə hesablaşmaq məcburiyyətində qoyur. Üçüncüsü və ən əhəmiyyətlisi, Naxçıva dəhlizinin yaradılmasıdır. Razılaşma çərçivəsində Naxçıvan dəhlizi Azərbaycana birləşdirilir. Bu, o deməkdir ki, Türkiyədən yola çıxaraq quru yolu ilə Azərbaycana çatmaq üçün heç bir problem qalmadı. Naxçıvan dəhlizinin yaradılması Türkiyə və Azərbaycanın gələcək strategiyasında çox böyük əhəmiyyətə sahibdir. Çünki bu dəhliz bütün Türk dünyasının coğrafi parçalanmasını aradan qaldırır və Ankaradan Mərkəzi Asiyaya qədər uzanan coğrafiyaya qədər quru yolunu əhatə edir. Bunun əhəmiyyətini gələcəkdə daha yaxşı anlayacağıq. Bundan sonra Türkiyə və Azərbaycanın bölgənin əsas aktyorları olacaqları qətidir və Zaqafqaziyada qüvvətlənən Türkiyənin həm Rusiya, həm də Qərb qarşısında da əli güclənmiş olacaq”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR