Türkiyə digər bölgələrə də sülh aparacaq?

13-11-2020, 10:33 133 dəfə baxılıb

Türkiyə ilə Rusiyanın birgəfəaliyyəti Suriyadan hər kəsə məlumdur.

Orada baş verən proseslərə nəzarət etmək üçün bu iki dövlətin hərbçilərindən ibarət birgə patrul xidməti Suriyada sabitliyin qorunub saxlanmasında mühüm rol oynayır. İndi bu birgənəzarət Dağlıq Qarabağa da tətbiq olunub deyə bilərik.

Dağlıq Qarabağ probleminin həlli ilə bağlı atəşkəsin əldə olunmasından sonra Türkiyə və Rusiyaya məxsus hərbçilərin prosesə birgə nəzarət edəcəkləri bildirilib. Artıq noyabrın 11-də Türkiyə ilə Rusiya arasında bu barədə müqavilə də imzalandı. Müqaviləyə görə, Atəşkəsə Nəzarət Mərkəzi Dağlıq Qarabağda yerləşdiriləcək.

Maraqlıdır, Türkiyə ilə Rusiyanın birgə fəaliyyəti Dnestryanı, Donbas, Abxaziya kimi münaqişələrin həllini də mümkün edə bilərmi?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Cümhuriyət”ə açıqlamasında deyib ki, Dnestryanı, Donbas, Abxaziya kimi münaqişələrin həllində Türkiyə və Rusiyanın həlledici tərəf kimi birgə fəaliyyət göstərməsi münaqişə tərəflərinin ictimaiyyətinin onlara güvəni ilə bağlıdır:

“Bu suala cavab vermək bir az çətin məsələdir. Əvvəla bunun üçün tərəflərin istəyi olmalıdır. Digər tərəfdən bu məsələdə əsas olan geopolitik amil deyil, ictimaiyyətin bu və ya digər şəkildə münaqişənin həllində iştirakçı olan ölkələrə ehtimadı əsasdır. Məsələn, nümunə gətirsək görərik ki, ermənilər əsasən Rusiyaya inanır. Azərbaycan ictimaiyyəti isə ən çox Türkiyəyə etimad edir. Yəni bu baxımdan hazırkı format işlək bir mexanizmdir. İndi bunu digər konfliktlərlə bağlı götürmək istəsək, görəcəyik ki, əsas meyar ictimaiyyətin daha çox kimə inanmasıdır. Bu proseslərdə ən aktiv iştirakçı ictimaiyyətdir. Dağlıq Qarabağ məsələsində ermənilər Rusiyaya, azərbaycanlılar da Türkiyəyə etimad etdiyi üçün bu format praktikidir. Ona görə də dünyanın müxtəlif ölkələrindən bu formatla bağlı dəstək bəyanatları gəlməkdədir”.

Məsələyə “Orta Doğu” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan da münasibət bildirib.

S.Soltan hesab edir ki, Türkiyə-Rusiya birgə fəaliyyətinin Moldovanın, Ukraynanın, Gürcüstanın münaqişə zonalarındakı problemin həllində həlledici rol oynaması üçün həmin dövlətlər Türkiyəyə tərəfsiz dövlət kimi etimad edib ərazilərinə dəvət etməlidirlər:

“Türkiyənin Suriyada və Qarabağda Rusiya ilə həmkarlığı o birilərindən müəyyən qədər fərqlənir. Türkiyə Suriyada Rusiya ilə ona görə həmkarlıq edir ki, bu ərazilərdən Türkiyənin ərazi bütövlüyü təhdid edilir. Rusiya isə burada bütün varlığı ilə Bəşər Əsədi müdafiə edir. İdlibdən PKK terrorçuları və Əsəd qüvvələri Türkiyəyə problem yaradırlar. Ona görə Türkiyə, Rusiya və İranla birgə Suriyada ortaq hərbi patrul sistemi yaradıb. Bu heç də Rusiyanın Türkiyə ilə əldə etdiyi razılığa Suriyada 100 faiz əməl etməsi anlamına gəlmir. Rusiya hərbçiləri tez-tez Suriyada Türkiyənin nəzarətində olan əraziləri bombalayıb, mülki öldürürlər. Bundan başqa Rusiya silahlıları Türkiyənin Suriyadakı müşahidə məntəqələrinə hücumlar təşkil edirlər. Bunun da məqsədi Türkiyənin nüfuzunu zədələməkdir. Göründüyü kimi, bu birgəfəaliyyət heç də rəvan getmir. Bəs Moldovanın Dnestryanı bölgəsində, Ukraynanın Donbas və Krım ərazilərində, Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərində bu birgəfəaliyyət və problemin həlli mümkündürmü? Bunun üçün ilk növbədə həmin dövlətlərin özü maraqlı olmalıdır. Yəni Gürcüstan, Moldova, Ukrayna dövlətləri maraqlı olmalıdır ki, Türkiyəni bölgəyə tərəfsiz və Rusiya ilə anlaşa bilən bir dövlət kimi öz ölkəsindəki münaqişəli bölgələrə gəlməsinə nail olsunlar. Nəticədə Türkiyə həmin ərazilərdə sülhməramlı missiyanın daşıyıcısı olsun”.

Ekspert hesab edir ki, ikinci məsələ Rusiyanın həmin dövlətlərin ərazi bütövlüyünü tanıması olmalıdır:

“Rusiya həmin ərazilərdə vəziyyəti elə qarışdırıb ki, orada Qarabağdakı vəziyyəti yaratmaq mümkün deyil. Rusiya Abxaziyanın müstəqilliyini tanımaqla beynəlxalq hüququn tələblərini kökündən pozub. Bunun üçün ilk növbədə Rusiya Abxaziya və Cənubi Osetiyanı tanıması ilə bağlı addımından əl çəkməlidir. Bundan sonra o dövlətlərin ərazi bütövlüyü tanımalıdır. Yəni Gürcüstan, Moldova, Ukrayna dövlətlərinin ərazi bütövlüyü Rusiya tərəfindən tanınmalıdır. Rusiya ilə Türkiyənin Dağlıq Qarabağda birgə fəaliyyəti ona görə mümkün olub ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Eyni zamanda Azərbaycanla Rusiya arasında əməkdaşlıq münasibətləri var. Üstəlik Azərbaycanla Türkiyə bir millətdir və qardaşdır. Azərbaycanda Türkiyəyə, Türkiyədə də Azərbaycana tam etimad var. Türkiyə Azərbaycanın əraziləri ilə bağlı məsələni Rusiya ilə öz məsələsi kimi həll edir və Azərbaycanda ona arxadan zərbə vurulmayacağından əmindir. Türkiyənin qəbul etdiyi qərarlarınheç biri Azərbaycanın maraqlarına zidd deyil. Başqa bir məqam isə ərazi bütövlüyünün kim tərəfindən pozulmasıdır. Moldova, Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü birbaşa Rusiya pozub. Azərbaycanın ərazi bütövlüyünün pozulmasında isə Rusiya dolayısı ilə iştirak edib. Əsl pozan isə Ermənistan olub. Ona görə də bu format baş tutur. Amma bütün hallarda Türkiyə antiterror əməliyyatları aparan və tərəfsiz ölkə kimi regionun sülhyaratma proseslərində vasitəçilik edə bilər və edir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR