Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatıb.
Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına 2024-cü il yanvarın 15-i başlanılıb və təşviqat fevralın 6-sı saat 8.00-da dayandırılmalıdır.
Bu günü qeyri-rəsmi olaraq “sükut günü” də adlandırırlar.
Qeyd edək ki, fevralın 7-də seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək.
MSK tərəfindən prezidentliyə 7 nəfər qeydiyyata alınıb - hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
loading...