Azərbaycan Avropanın qaza olan tələbatını ödəməkdə israrlıdır. Hal-hazırda həyata keçirir. Azərbaycanın ixrac etdiyi qazın əsas alıcılarının böyük əksəriyyəti məhz Avropa dövlətləridir. Azərbaycan qazına olan mövcud tələbat həmin dövlətlər tərəfindən də dəfələrlə söylənilib. Azərbaycana çoxlu müraciətlər var. Azərbaycan da bu baxımdan Cənub Qaz Dəhlizi layihəsini inkişaf etdirmək istəyir. Hal-hazırda bu layihəyə əlavə layihələr də qoşulur. Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etməklə bu layihənin şaxələndirilməsi planlaşdırılır. Bu, alternativlərin və seçimlərin olması deməkdir, təhlükəsiz şəkildə Azərbaycanın qaz ixracatını davam etdirməyinə əsas sübutlardan biridir. Bunun da öhdəsindən Azərbaycan uğurla gəlməkdədir.
Eyni zamanda Azərbaycanda ötən il "Abşeron" layihəsinin ilk fazası artıq təsdiq edildi. Orada illik hasilatın 1,5 milyard kub metr həcmində olması gözlənilir. 2-ci faza ilə bağlı razılıq əldə etdikdən sonra daha 4-5 milyard kub metr həcmi əlavə ediləcəkdir ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq. Bu fikirləri cənab Prezident xüsusilə qeyd etdi. Bu artıq onu göstərir ki, Azərbaycan qaz resurslarını aşkarlayır və dünya bazarlarına çıxarmaq mümkün olur. Bunun kimi bir çox yeni qaz yataqları ətrafında da işlər həyata keçirilir. Hələ uzun illər Azərbaycan qaz ixracatçısı kimi öz işlərini davam etdirə biləcəkdir. Azərbaycan Cənub Qaz Dəhlizinin inkişaf etdirilməsində çox maraqlıdır. Bu layihələrin böyük əksəriyyətini tərəfdaşlarımızla birlikdə icra edirik. Bəzi layihələri isə birbaşa SOCAR tərəfindən reallaşdırılır.
Bununla yanaşı Azərbaycan Yaşıl enerjiyə keçid prosesində yaxından iştirak edir. Azərbaycanda bu il "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Eyni zamanda ölkəmizdə COP29 keçiriləcəkdir. Düşünürəm ki, bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi də birbaşa olaraq Azərbaycanın iradə ortaya qoya bilməsi, Azərbaycanın yaşıl enerjiyə keçid prosesini aktiv reallaşdıra bilməsi və Avropanın enerji təhlükəsizliyində yaxından iştirakı, eyni zamanda Azərbaycanın ətraf mühitin qorunması ilə bağlı yerli layihələri uğurla həyata keçirməsi ilə əlaqədardır. Eyni zamanda Azərbaycanın tərəfdaşları ilə birlikdə bu günə qədər reallaşdırdığı layihələr, Azərbaycanın bir çox mötəbər tədbirlərə ev sahibliyi etməsilə artan nüfuzu hesabına layihələrin reallaşması mümkün olmuşdur.
Mətləb Hüseynov-Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin direktoru
loading...