
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində martın 1-də Bakıda öz işinə başlayan nazirlərin 10-cu toplantısında Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət təmsil olundu. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak etdilər. Toplantının açılış mərasimindən sonra davam etdirilən sessiyaların mövzularına diqqət yetirmək kifayətdir ki, hazırkı dövrün əsas çağırışları barədə aydın təsəvvür yaransın. “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə Nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Gələcəyə baxış” və “COP29 fonunda yaşıl enerji sessiyası: Bərpaolunan enerjinin imkanlarından istifadə” mövzuları ətrafında aparılan müzakirələrdə Azərbaycanın bu ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29-un ölkəmiz üçün əhəmiyyəti xüsusi qeyd edildi. Həmçinin Məşvərət Şurası çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 6-cı iclası və “Dənizdə külək enerjisindən istifadənin inkişafı” üzrə Azərbaycan-Avropa İttifaqı dəyirmi masası keçirildi. Qeyd etdiyimiz kimi, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən hər il keçirilir və bu il tədbirin 10 ili tamam olur. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlığa, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir. Dövlət başçısı İlham Əliyev toplantıdakı çıxışında bildirdi ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Sözümüz imzamız qədər dəyərlidir. Belə bir əminlik də ifadə olundu ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcək. Çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur. Azərbaycanın mövqeyi hər zaman ardıcıl olub. Enerji təhlükəsizliyini hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edirik. Şaxələndirmə haqqında danışarkən mövqeyimiz hər zaman dəyişməz olub və bu gündə belədir. Şaxələndirmə yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməlidir.
Turqay Qəribov-Ramana bələdiyyəsinin sədri
loading...