İtkin düşmüş şəxslər mövzusuna həsr edilən beynəlxalq konfrans keçirilib

2-10-2024, 07:28 17 dəfə baxılıb

İtkin düşmüş şəxslər mövzusuna həsr edilən beynəlxalq konfrans keçirilib


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin "həqiqəti bilmək” hüququnun dəstəklənməsi” mövzusunda növbəti beynəlxalq konfrans təşkil olunub.

Tədbirdə itkin düşmüş şəxslər və insan hüquqları üzrə beynəlxalq təsisatların nümayəndələri və ekspertləri, xarici ölkələrin müvafiq sahədə fəaliyyət göstərən qurumlarının əməkdaşları, itkin şəxslərin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub, daha sonra tədbirin mövzusuna aid qısametrajlı film nümayiş etdirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Dövlət Komissiyasının sədri Əli Nağıyev çıxış edərək belə bir həssas məsələyə dair ötən ilin sentyabr ayında təşkil edilmiş beynəlxalq konfransdan sonra builki tədbirin keçirilməsinin itkin düşmüş şəxslər probleminin həlli istiqamətində görülən işlərə mühüm töhfə verəcəyinə ümidvar olduğunu deyib, ailələrin öz itkin düşmüş yaxınları barədə məlumatları almaq hüququnun beynəlxalq səviyyədə dəstəklənməsinin vacibliyini qeyd edib.

Xidmət rəisi hazırda Dövlət Komissiyasında 3 979 nəfərin itkin düşmüş şəxs kimi qeydiyyata alındığını, indiyədək işğaldan azad olunmuş ərazilərdə 18 kütləvi məzarlığın aşkarlandığını, bununla yanaşı Birinci Qarabağ müharibəsində itkin düşmüşlərdən 155 nəfərinin şəxsiyyətinin eyniləşdirildiyini, bu ilin sentyabr ayında görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində Ağdərə rayonunun Sırxavənd kəndində Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 15-ə yaxın şəxsə aid meyit qalıqlarının müəyyən edildiyini nəzərə çatdırıb.

Dövlət Komissiyasının sədri vaxtilə Azərbaycanın Qarabağ ərazisində mövcud olmuş separatçı rejimin Vətən müharibəsi bitdiyi vaxtdan 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatınadək olan müddət ərzində bir neçə kütləvi məzarlığı məqsədyönlü şəkildə məhv etməsinin və Ermənistan tərəfinin həmin məzarlıqlar barədə məlumatları verməməsinin beynəlxalq hüquqa, həmçinin uzun illərdir yaxınlarının yolunu gözləyən itkin ailələrinə və bütövlükdə insanlığa açıq-aşkar hörmətsizlik olduğunu bildirib.

Sonuncu qeyd olunan halın Xocavənd rayonunun Qaradağlı kəndi, Xocalı rayonunun Dəhraz kəndi və Ağdərə rayonunun Sırxavənd kəndindəki məzar yerlərində müşahidə etməyin mümkün olduğu diqqətə çatdırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin itkin vətəndaşların taleyinin aydınlaşdırılmasını Dövlət Komissiyasının qarşısında ən ümdə vəzifə kimi qoyduğunu və ölkə başçısının bu məsələni daim xüsusi nəzarətdə saxladığını bildirən Xidmət rəisi Əli Nağıyev vurğulayıb ki, itkin düşmüş şəxslər problemi təkcə ayrı-ayrı dövlətləri deyil, o cümlədən beynəlxalq təşkilatları və beynəlxalq siyasi dairələri ciddi şəkildə düşündürməlidir.

Sonra digər çıxışçılar itkin şəxslərin taleyinə aydınlıq gətirilməsi ilə bağlı təmsil etdikləri təsisatlar tərəfindən ötən zamanda görülən işlər və qarşıda duran vəzifələr haqda ətraflı məlumat verib, itkin düşmüş şəxslərin tapılması yönündə birgə səylərin bundan sonra da davam etdiriləcəyinə, konfransda səslənəcək fikirlərin, irəli sürüləcək təkliflərin və aparılacaq fikir mübadilələrinin itkinlər probleminin həlli üçün yeni üfüqlər açacağına inamlarını ifadə ediblər.



Tədbir mövzu ətrafında panel sessiyalarla davam edib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR