Azərbaycanda “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsi hazırlanıb.
Layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin oktyabrın 6-da keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsi dövlət və yerli özünüidarəetmə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında, həmçinin digər hüquqi şəxslərdə (bundan sonra – təşkilat) korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi və həmin məlumatların araşdırılması qaydasını, habelə belə məlumatları verən şəxslərin həvəsləndirilməsinə və müdafiəsinə dair həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını, bu sahədə təşkilatın vəzifələrini müəyyən edir.
Layihədə qanunvericiliyə aşağıdakı anlayışların salınması təklif olunur:
- iş yeri (xidmət göstərilən yer) – şəxsin vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi, mülki-hüquqi müqavilə və ya digər əsaslarla müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi, yaxud yerinə yetirmiş olduğu yer;
- korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat – şəxsin iş yerində (xidmət göstərdiyi yerdə) baş vermiş və ya baş verməsi ehtimal olunan korrupsiya ilə əlaqədar hüquqpozmalara dair yazılı (o cümlədən elektron) və ya şifahi formada verilən informasiya;
- korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs – korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatı səlahiyyətli struktur bölməyə (şəxsə), təşkilatın rəhbərinə, təşkilatın rəhbərindən yuxarı vəzifəli şəxsə, yaxud korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına verən, əmək müqaviləsi, mülki-hüquqi müqavilə və ya digər əsaslarla təşkilat üzrə işləri (xidmətləri) yerinə yetirən və ya yerinə yetirmiş olan, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatı təşkilatda işləri (xidmətləri) yerinə yetirdiyi dövr ərzində əldə edən fiziki şəxs;
- korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul edən subyektlər – səlahiyyətli struktur bölmə (şəxs), təşkilatın rəhbəri, təşkilatın rəhbərindən yuxarı vəzifəli şəxs, yaxud korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı.
loading...