Beynəlxalq təşkilatların fəaliyyətində iştirak

Milli maraqlara söykənən Azərbaycanın xarici siyasət kursu nəticəsində ölkəmiz dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş qismində qəbul olunmaqdadır. Ölkəmiz üzvü olduğu beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak edir, öz üzərinə götürdüyü öhdəlikəri yerinə yetirir, təşkilatdaxili münasibətlərin daha da dərinləşməsinə, əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsinə töhfələrini verir. Həmçinin, Azərbaycanın üzv olduğu və rəhbərlik etdiyi təşkilatların bir sıra mühüm tədbirləri məhz ölkəmizin paytaxtında keçirilir ki, bu da respublikamızın dünyadakı əhəmiyyətindən xəbər verir. Bu mənada, ölkəmizin hazırda sədri olduğu Qoşulmama Hərəkatına üzv dövlətlər ilə münasibətləri olduqca yüksək səviyyədədir.
Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. QH-nın məqsəd beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək. Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir.