Ortada qəbul edilmiş sülh planı yoxdursa... - TƏHLİL

20-04-2019, 19:29 258 dəfə baxılıb

Ortada qəbul edilmiş sülh planı yoxdursa... - TƏHLİL


Sonuncu Moskva görüşündə münaqişə tərəfləri diqqəti problemin humanitar aspektlərinə yönəltməyi qərara aldılar. Əlbəttə ki, həm müasir, 21-ci əsr diplomatiya fəlsəfəsi (“çoxplanlı diplomatiya”, “ikinci plan diplomatiyası” və s. və i.), həm də son bir neçə ayda dillərdən düşməyən digər məsələ baxımından – “xalqların sülhə hazırlanması” zərurətindən bunu başa düşmək, hətta təqdir etmək mümkündür.

Hələ heç onu demirik ki, Azərbaycanın bir problemi də var. Bu da döyüş xəttinə yaxın ərazidə yaşayan əhalinin təhlükəsizliyidir ki, bunun aktuallığı mövsümi xarakter daşısa da (tarla işlərinin başlanması və s. ) hər halda, çox vacib məqamlardan biridir - əhalimizin bir hissəsinin təhlükəsizliyini təmin etmək üçün öz ərazimizdə qoruyucu divarlar inşa etmək məcburiyyətindəyik.

Amma yetərincə mübahisəli məqamlar da var. Onlardan ən birincisi budur ki, biz hansı sülhdən danışırıq, axı ortada qəbul edilmiş hansısa sülh planı yoxdur! Bəli, Ermənistanın əvvəlki hakimiyyətilə bəzi danışıqlar aparılırdı, müəyyən nizamlanma sxemləri müzakirə olunurdu.

Bir ildir ki, Ermənistanda hakimiyyət dəyişib. Bu müddətdə liderlər cəmi bir dəfə, nazirlər isə, səhv etmiriksə, beş dəfə görüşüblər, amma görüşlər zamanı konkret nizamlanma planının müzakirəsi haqda söhbət olmayıb; Paşinyan bu bir ili hakimiyyətini legitimləşdirməyə, seçkilərə və bir də danışıqların formatının dəyişdirilməsi haqqında sərsəm bəyanatlarına həsr etdi. Nazırlərə gəldikdə isə, birinci şəxslərin iradəsi və göstərişi olmasa onlar konkret nizamlanma modeli və yaxud da planı ətrafında müzakirələr apara bilməzlər.

Əlbəttə, Zöhrab Mnatsakanyan təmkinli və ehtiyatlı nazir təsiri bağışlayır, amma ayıdındır ki, N.Paşinyanın göstərişi olmadan o, heç bir planın, o cümlədən rusiyalı politoqloqların tez-tez xatırlatdığı “Lavrov planı”nın ətrafında müzakirə aça bilməz.

Rusiyalı politoloqların məntiqi budur ki, Ermənistanın əvvəlki hakimiyyətilə bu danışıqlar aparılırdı və yeni hakimiyyət də onları davam etdirməlidir. Birinicisi, burada hansısa varislikdən danışmaq yersizdir, yeni hakimiyyət danışıqları davam etdirə də bilər, onlardan imtina edə və prosesə öz baxışını gətirə də. İkincisi, əvvəlki hakimiyyətlə də hər hansı razılığın olmasını təsdiq edəcək bir əlamət və ya işarə olmayıb – nə bölgədə gedən proseslər, nə münaqişə tərəflərinin ritorikası bizə əsas vermirdi ki, deyək, S.Sarqsyan iqtidarı ilə hansısa bir razılaşma var, əksinə konkret olaraq deyilirdi ki, tərəflər Dağlıq Qarabağ üçün nəzərdə tutulan “aralıq status məsələsi”ndə ilişib qalıblar.

İndi rusiyalı politoloqlar, xüsusən də A.Duqin israr edir ki, guya beş rayonun qaytarılması haqqında razılıq olub. Olsun! Lap yaxşı! Amma ki, bir məsələ var. Mümkündür ki, tərəflər bir və bir neçə punkt üzrə razılığa gəliblər, amma sülh planının həyata vəsiqə alması üçün onun digər müddəaları üzrə də razılıq olmalıdır. Xüsusən də nəzərə almaq lazımdır ki, ermənilər rayonların bir hissəsinin belə boşaldılmasını daim Dağlıq Qarabağa veriləcək statusla şərtləndiriblər və indi onlar desələr ki, beş rayonu qaytarırıq, Dağlıq Qarabağın statusuna isə sonra baxarıq - əslində bununla Azərbaycanın mövqeyini qəbul etmiş olarlar...

Odur, bir daha deyirik ki, ortada heç bir sülh planı yoxdur və məlum da deyil ki, nəyə hazırlıqdan söhbət gedir?
Humanitar əlaqələrə, “üfüqi diplomatiya”ya və münasibətlərə gəldikdə isə, bu da normal haldır, olsun. Amma unutmaq lazım deyil ki, bunların hamısı yaxın keçmişdə olub - azərbaycanlı ictimaiyyətçilər və jurnalistlər Ermənistana, ermənilər də bura səfərlər edirdilər.

Amma bu tədbirlər müxtəlif “layihə”lərə qrant almaqdan savayı bir nəticə vermədi – bəziləri az qala həftənin cüt günlərini İrəvanda, tək günlərini isə Bakıda keçirirdi. Amma nə oldu? Nəsə dəyişdimi? Biz ermənilərlə sözün əsl mənasında barışa bildikmi? Təəssüf! Hətta onu da inkar etmirik ki, həm Azərbaycan, həm də Ermənistan tərəfdən jurnalistlər və ictimaiyyətçilər vardı ki, həqiqətən də iki ölkənin liderləri, cəmiyyətləri arasında anlaşmanın yaranmasına çalışırdılar. Amma bunlar hamısı, demək olar ki, nəticəsiz oldu.

Burada bir məqamı da təəssüflə qeyd etmək vacibdir ki, son bir ildə də danışıqlar prosesini yenə də ermənilər yönəldirlər. Bir il başımızı “format söhbəti”lə qatdılar, indi də deyirlər ki, jurnalistlər gəlsin! Biz bir söz demirik, dövlət icazə verirsə və kimin üçünsə maraqlıdırsa, qoy, getsinlər– hər halda, bu yolla daha dəqiq bilərik ki, ermənilərin günü-güzəranı nədir..
Deyirlər ki, əsirlərin qohumlarına görüşlər üçün şərait yaratmaq lazımdır. Buna da bir sözümüz yoxdur. Olsun. Amma Azərbaycan ötən payız bütün əsirlərin və girovların dəyişdirilməsi təklifi ilə çıxış etdi və əgər Paşinyan hökumətinin xoş niyyəti olsaydı, buna “hə” deyərdi, gəl ki, demədirlər. Belə məlum oldu ki, məsələn, D.Əsgərovun və yaxud da ki, Ş.Quliyevin azad olunması Ermənistanın təhlükəsizliyinə böyük təhdid olar! Bilirsinizmi, Rusiyanın, xüsusən də S.Lavrovun oyunbazlığı burada görünür. Bu adamlardan biri Rusiyanın vətəndaşıdır, amma cənab Lavrov bir dəfə olsun belə bu haqda hər hansı bir bəyanat, açıqlama və yaxud da tələb irəli sürməyib...
Hüseynbala Səlimov \\musavat.com\\


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR