KƏND TƏSƏRRÜFATI DÖVLƏT BAYRAĞI DEYİL Kİ, TƏRSİNİ DÜZÜNƏ ÇEVİRMƏK "ASAN" OLSUN

8-08-2019, 16:27 322 dəfə baxılıb

KƏND TƏSƏRRÜFATI DÖVLƏT BAYRAĞI DEYİL Kİ, TƏRSİNİ DÜZÜNƏ ÇEVİRMƏK "ASAN" OLSUN


Bu günlərdə xəbər yayıldı ki, Türkiyənin Ordu şəhərində fındıqçılığın inkişafına dair beynəlxalq tədbir keçirilib. Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov da tədbirdə iştirak edənlər arasında olub. Tədbir zamanı qonaqların əyləşdiyi masada Azərbaycan dövlət bayrağının tərs qoyulması Kərimovun diqqətindən yayınmayıb. O, bayrağı götürərək lazım olduğu qaydada düzəldib.
Bu hadisənin kökündə duran məsələləri araşdırmaq fikrindən uzağıq. Ən azı ona görə ki, tədbirin təşkilatçıları qardaş Türkiyəni təmsil edirlər. İnam Kərimovun diqqətcilliyini və eyni hadisə ilə rastlaşmış bəzi başqa vəzifəli şəxslərimizlə müqayisədə cəsarətliliyi təqdirəlayiqdir. Lakin, hörmətli nazirin birbaşa vəzifəsi və düzəltməli olduğu baş-ayaq məsələlər tamam başqadır. İnam müəllimin üzərində ölkənin bərbad kənd təsərrüfatını abad etməkdir. Başqa qurumlara nisbətən cəmiyyətdə müsbət imicini hələ ki qoruyan, hətta korrupsiyaya qarşı aparılan mübarizənin simvollarından birinə çevrildiyi deyilən "ASAN Xidmət"ə rəhbərlik etdiyi vaxt topladığı idarəçilik təcrübəsi ona aqrar sektorun problemlərini çözməkdə kömək etmədi. Sahənin tənəzzülü get-gedə daha da dərinləşir, süqut yaxınlaşır. Kənd təsərrüfatı məhsulları bazarında qiymətlər "od tutub yanır". Torpaq sahələri və aqrotexnika imkanlı şəxslərin əlində təmərküzləşib, sadə kənd zəhmətkeşlərinin əməyi quldarcasına istismar olunur.
Bütün bu neqativ halların kökündə duran səbəb isə sektorun idarəçiliyində korrupsiyanın tüğyan etməsidir. Realmedia.az saytı bu mövzuda əvvəllər də vətəndaşların haqlı şikayətlərinə və saytın əməkdaşlarının apardıqları araşdırmaların nəticələrinə əsaslanan məqalələr dərdc etmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin Aran Regional İdarəsinin Beyləqan Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi MMC-nin (keçmiş "Dostluq" qoyunçuluq sovxozu) direktoru Hikmət Ağayevin qanunsuz əməlləri barədə yazdığımız tənqidi yazılarda açıq qoyulan suallara hələ də cavab verilməyib. KTN Aran Regional İdarəsinin sabiq rəisi Anar Hüseynov tənqidimizə tuş gələndə isə əvvəlcə bəzi həmkarlarımızın, Mətbuat Şurasının vasitəsilə saytımızın rəhbərliyinə təzyiq göstərməyə çalışdı. Bu fənd nəticə verməyəndən sonra Anar Hüseynovun həmin vəızifədən götürüldü, lakin, çox təəssüflər olsun ki, başqa bir mühüm vəzifəyə - nazirin müşaviri postuna irəli çəkildi. Buna isə nazirin maxinator A.Hüseynovun barəsində ölçü götürməsi demək olmaz. Sanki İ.Kərimov "ASAN Xidmət"dən daşıdığı A.Hüseynovun qarşısında onu daim öz yanında yüksək vəzifədə saxlamaq borcu, öhdəçiliyi var.
Hüquqpozmalarla üzləşən, məmur özbaşınalıqlarından cana doyan, vaxtilə sovxozda can qoyduqları halda indi pay torpağına belə malik olmayan kənd təsərrüfatı məhsulları istehsalçılarının şikayət xarakterli müraciətləri hal-hazırda da redaksiyamıza daxil olmaqdadır. Həmin məlumatlarda bildirilir ki, 2019-cu ilin istehsal planına uyğun olaraq ot istehsal etməli olan Aran Regional İdarəsinin Beyləqan bölməsinin (KTİM MMC) balansında olan yonca sahələrində məhsuldarlıq kifayət qədər yüksək olsa da (hər hektar üçün 200-250 ədəd kip), faktiki olaraq tayalara az yonca otu yığıldığı, çoxunun isə şəxsi qazanc məqsədilə satıldığı müşahidə olunmuşdur.
Direktor Hikmət Ağayev 500 başa yaxın erkək toğluları ferma müdiri Əsədov Ceyhunun qardaşı Əsədov Rəşadın briqadasına toplayaraq, qeyri-qanuni bir həftədə 10-12 baş erkək toğlunu 200-250 manata satmaqla məşğuldurlar.
Pambıq sahələrində vəziyyət acınacaqlıdır: Belə ki, sahələrdə alaq otları pambıq bitkisindən daha çox inkişaf edib. Bu halda hansı məhsuldarlıqdan danışmaq olar?
Direktor Hikmət Ağayev 165 baş qoyunu baha satıb ucuz qiymətə sənədləşdirməklə, 20000 mnata yaxın qazanc əldə edib. Bu, korrupsiya deyil, bəs nədir?
Sovxozun cəmi 2000 baş qoyun və quzusu olsa da, həmin ərazilərdə on minlərlə baş şəxsi qoyun saxlayırlar. Sözsüz ki, belə adamlara şəraiti sovxozun direktoru Hikmət Ağayev yaradıb.
Bu və digər neqativ hallar barədə şikayətlər araşdırılmayınca, qanunsuzluqları törədən, korrupsiya və maxinasiyalara qol qoyan şəxslər nə qədər ki, vəzifə başındadırlar, cəzasız qalıblar, ölkənin ərzaq təhlükəsizliyi, kənd əhalisinin məşğulluğu təmin olunmayacaq. Acın isə Allahı olmaz, nəinki bayrağı. Çünki aclıq instinkti bütün instinktlərdən güclüdür, hətta milli dövlətçilik hissindən də.
Sonda isə bir mənfi tendensiyanın da altını cızmaq istəyirik: Əgər sabiq nazirlərin idarəçilikləri dönəmində KTN və onun yerli struktur vahidlərində əsas problem korrupsiya və maxinasiya idisə, indi - İ.Kərimovun vaxtında bu sıraya bir də kadr böhranı, qeyri-peşəkarlıq əlavə olunub. Nəticə bu: KTN "ASAN Xidmət" deyil!


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR