"26 maydan Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası barədə razılığa gəlinməsi birmənalı şəkildə sevindirici xəbərdir. Birinci növbədə insanların ailə əlaqələri möhkəmlənəcək. Xüsusilə vaxtilə Gürcüstanda yaşayıb sonradan Azərbaycanda həyat qurmuş soydaşlarımız, eləcə də ailə üzvləri və yaxınları Gürcüstanda yaşayan insanlar üçün bu marşrut böyük əhəmiyyət daşıyır".
Bu sözləri iqtisadçı Eldəniz Əmirov Azərbaycan və Gürcüstanın mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəlinməsi haqqında danışarkən deyib.
Onun fikrincə, uzun illərdir tez-tez gedib-gəlmək məcburiyyətində qalan insanlar üçün bu xətt ciddi rahatlıq yaradacaq:
"Turizm və biznes səfərləri baxımından da vacib addımdır. Bu gün hava nəqliyyatının qiymətləri bir çox insan üçün ciddi yükə çevrilib. Qatar isə daha münasib, rahat və əlçatan nəqliyyat vasitəsidir. Xüsusilə orta gəlirli insanlar üçün bu marşrut uzun müddətdir gözlənilən ehtiyac idi.
Bakı-Tbilisi xətti regionun iqtisadi və sosial inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyır. Orta Dəhliz üzərində əlaqələndirici rolun güclənməsi, Azərbaycan və Gürcüstanın tranzit və bağlantı imkanlarının genişlənməsi baxımından bu addım strateji xarakter daşıyır. Dəmir yolu xəttinin yenidən fəaliyyətə başlaması ticarətə, xidmət sektoruna və regionda ümumi hərəkətliliyə də müsbət təsir göstərəcək. Yollar açıldıqca ölkələr və insanlar daha sıx inteqrasiya olunur.
Daha bir vacib məqamı da qeyd edim. Uzun illərdən sonra bu marşruta marağın və tələbin çox yüksək olacağı aydın məsələdir. Amma tələbin yüksəkliyi bilet qiymətlərinin süni şəkildə artırılmasına və müxtəlif əsaslandırmalarla yüksək tariflərin tətbiqinə yol açmamalıdır.
Ümid edirəm ki, qiymət siyasəti də insanların gözləntilərinə uyğun və əlçatan olacaq. Çünki bu qatarı ən çox gözləyənlər təyyarə biletlərinə imkanı olmayıb ucuz nəqliyyata ehtiyac duyan insanlar idi. Qatar sevincinin davamlı olması üçün bilet qiymətləri insanların bu imkandan rahat şəkildə yararlanmasına maneə yaratmamalıdır".
loading...