Vərəm Dispanserində qanunsuzluq

1-10-2015, 13:37 993 dəfə baxılıb

Vərəm Dispanserində qanunsuzluq



















Dispanser sağlam əməkdaşımızı vərəm çıxartdı

Türk həkim əməkdaşımıza qoyulan diaqnoza belə reaksiya verdi: “Allahsız bunlar ya…”

Həkimlərin səhv diaqnoz qoyması səbəbindən hər il 100 minlərlə insan ölür və ya ömürlük şikəst olur. Ümumdünya Səhiyyə Təşkilatının səylərinə baxmayaraq, vəziyyət dəyişmir. Tez-tez belə fikirlər səslənir ki, ağxalatlılar pul qazanmaq üçün onlara müraciət edənlərə yalan diaqnoz qoymaqla xəstəni və onun yaxınlarını soyurlar. Bu iddiaların nə dərəcədə həqiqət olmasını öyrənmək üçün “Yeni Müsavat”ın reportyor qrupu araşdırma aparıb. Xəstəxananı seçərkən imkansızlıqla birbaşa əlaqəsi olan xəstəliklərin müalicə olunduğu bir ünvana baş çəkməyi məqsədəuyğun hesab etdik. Qərara aldıq ki, redaksiyamızın yaxınlığında yerləşən 4 saylı vərəm dispanserində reportyorumuz Elmin Bədəlovun vərəm olub-olmamasını yoxladaq.

Xəstəxananın həyətində qarşımıza çıxan tibb bacısı müayinədən keçmək istədiyimizi biləndən sonra bizi rentgen şöbəsinin müdiri Qiymət Mürsəlovanın kabinetinə ötürdü. O, “Qiymət xanıma 10 manat verərsiniz”, – deməyi də unutmadı. Bu isə bizdə haqlı sual yaratdı:

– Bura dövlət xəstəxanası deyil?

– Dövlət xəstəxanasıdır.

– Bəs 10 manatı niyə istəyirsiniz?

– Sizin cibiniz yoxdur?

– Var.

– Bizim də cibimiz var.

– Axı bizim cibimizdə 10 manat yoxdur.

– Gedin sabah gələrsiniz.

– Sabah da olmayacaq. İşləmirik.

– Nə qədər var?

– İkimizin 7 manat 30 qəpik pulu var.

– Xəstəxanaya gəlirsiniz, cibinizə pul qoyun daaa. Keç, içəri, cavan oğlandır, niyə işləmir?

Bu zaman söhbətə Qiymət xanım müdaxilə edir:

– Sizi bura kim göndərib?

– Heç kim, özümüz müayinədən keçməyə gəlmişik. Elmin bir az arıqdır. Onun ciyərlərində problem ola biləcəyindən şübhələnirik.

– Çekinizi götürün, gedin pulunuzu ödəyin.

– Belə də etdik. Şöbə müdirinin bizə verdiyi və üzərində “olar, ya yox” sözləri yazılmış çekdə “olar” sözünün qarşısında imza atdığı çeklə rentgen otağına keçdik. Cümşüd adlı həkim tibb bacılarını işarə verib “onlara ödəyin” dedi. Qarşılarındakı “tumboçka”nın siyirtməsini açan tibb bacısı “pulu bura at” dedi. 10 manatımızın olmadığını bilincə tibb bacısı “daş atıb başını tutdu”:

– Mənlik deyil, pulu verin.

– Rayondan gəlmişik, olan pulumuz da budur, götürün.

– 10 manat verməsəniz, mümkün deyil.

Məcburiyyət qarşısında qalıb 10 manatı tibb bacısına verdik. Bu yerdə reportyor qrupunun üzvü Nailə Rövşənqızı tibb bacısına “rentgendən sonra da kiməsə pul ödəməliyik”, – sualını verir. Tibb bacısı da sanki bu sualı gözləyirmiş kimi: “bəs necə, rentgendən sonra ”snimka”ya baxacaq həkimə də pul verməlisiniz. Hələ başqa analizlər də var”, – cavabını verdi. “Axı bizim daha pulumuz yoxdur” sözlərini eşidəndə ürəyi bir qədər yumşaldı: “Dayan, gözlə 1 dəqiqə”, deyən tibb bacısı “tumboçka”nın yanına getdi və əlində 5 manatla geri qayıdaraq “tut görüm”, deyib bizi bayaqdan müşahidəçi mövqeyində dayanan Cümşüd həkimin yanına apardı.

Rentgenoloq-həkim reportyorumuz Elmin Bədəlovu aparat qarşısına çağırdı və onun ağ ciyərlərinin çəkilişini apardı.

Dəhlizdə rentgen cavabını gözlədiyimiz müddətdə xəstələrlə söhbətləşdik. Tovuzdan müayinəyə gələn xanım dedi ki, ikinci dəfədir bura üz tutur: “Birinci dəfə gələndə rentgendən pul istəyənlərlə dalaşdım. Lakin heç bir xeyri olmadı. Əziz həkim mənim müalicəmi yazdı. Ağciyərlərimə soyuq olmuşdu. Amma həkimə bir qəpik də pul vermədim. Rentgenə verdiyim bu 10 manatı da nəzir sayıram”.

Başqa bir xanım isə bildirdi ki, müayinələrdən və rentgendən pulsuz keçmək mümkünsüzdür. Bu arada dəhlizin digər tərəfində bir həkimlə xəstənin mübahisəsinin şahidi olduq:

– Vallah yoxumdur, olsaydı verərdim.

– Məndə də yoxdur, mən dərmanı sənə haradan verim?

– Həkim, məni balalarının başına dolandır dərman ver, ölürəm axı.

– Ay kişi, məndə dərman yoxdur.

– Mən YAP üzvüyəm, bax bu da mənim vəsiqəm. Mənə dərman verməyib kimə verəcəksiniz?

– Məndə o vəsiqədən beşi var. Əl çək.

– Axı o biri həkimlərdən vəsiqəmi göstərib keçdim.

– Mənə dəxli yoxdur, dedim axı əl çək.

Nəhayət, tibb bacısı “snimkanı” gətirib bizi şöbə müdiri Qiymət Mürsəlovanın otağına göndərdi. Həkim “snimka”ları nəzərdən keçirib reportyorumuza vərəmin ilk stadiyası diaqnozunu qoydu! Bundan sonra isə bizi pulmonoloq İlqar Mustafayevin yanına göndərdi.

Pulmonologiya (ağciyər xəstəlikləri) şöbəsində qarşılaşdığımız mənzərə də acınacaqlı idi. Ağciyərlərinin rentgen müayinəsini əlində saxlayan yaşlı qadına heç bir tibb bacısı, həkim yaxınlaşmırdı. Qoca qadın dəhşətli ağrılar içində dəhlizdə zarıldayırdı. Ürəkağrıdan bu mənzərəni düz 20 dəqiqə müşahidə etdik.

Bundan sonra bir həkimlə tibb bacısı gəlib əlil arabasında olan qoca qadını özləri ilə otaqlardan birinə apardılar.

Nəhayət, İlqar Mustafayevin otağının qarşısında növbədə dayanan kişi oğlunu müayinə etdirmək üçün içəri keçdi. Həkim ona vitaminlər yazdıqdan sonra onun masasının üstünə 10 manat qoyaraq otaqdan çıxdı.

Növbə bizə çatanda həkim reportyorumuzun ağciyərlərinə qulaq asdıqdan sonra böyük ehtimalla vərəm xəstəsi olduğunu dedi: “Amma xəstəliyin hansı mərhələdə olduğunu öyrənmək üçün 1-ci mərtəbədə baş tibb bacısı Şəkər xanım sizə mantı (yoxlama iynə) qoymalıdır. Bundan sonra isə qan və bəlğəmdən analiz verməlisiniz. Bundan sonra mənim yanıma gələrsiniz. Oğlana özüm müalicə yazacağam”.

1-ci mərtəbədə Şəkər xanımın yardımçısı mantını 5 manata qoyduqlarını dedi və ödənişi öncədən istədi. Reportyorumuzun adını dəftərə yazdıqdan sonra imkansız ailədən olduğumuzu deyərək pulu ödəyə bilməyəcəyimizi söylədik. Amma tibb bacısı qiyməti aşağı salmaq istədiyini desə də, pulsuz mantı qoymaq fikrində deyildi. Qəbul şöbəsini tərk edib qan və bəlğəm analizi üçün şöbəni axtardıq. Lakin artıq nahar vaxtı olduğundan müayinələrdən keçə bilmədik.

Redaksiyaya qayıtdıqdan sonra əməkdaşımıza qoyulan dioqnozun doğruluğunu yoxlamaq üçün özəl tibb müəssisəsi olan “Ankara”ya yollandıq. Orada da Elminin ağ ciyərlərini yoxlatdırdıq. Amma əvvəlki diaqnoz təsdiqlənmədi, reportyorumuzun ciyərlərində hər hansı bir xəstəliyin olmadığı üzə çıxdı. Bundan sonra 4 saylı xəstəxananın reportyorumuza qoyduğu diaqnozu həkimə təqdim etdik. Sənədi diqqətlə nəzərdən keçirən həkimin reaksiyası belə oldu: “Allahsız bunlar ya, heç bir şey yox, ciyərləri sağlam”.

Əlavə şərhi Səhiyyə Nazirliyindən və dispanserdən gözləyirik./musavat/


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR