"Özümə deyirəm ki, maşında yataram"

19-05-2021, 13:49 142 dəfə baxılıb

"Xarıbülbül” festivalının əks-sədası dünyaya yayıldıqca, mənfur düşmən tarixi məğlubiyyətinin acısını daha da ağır hiss edir. Düşmən başa düşür ki, 28 il əvvəl zorla daxil olduğu Şuşaya bir də heç vaxt sahiblənə bilməyəcək. Çünki Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Azərbaycan səsi dünyada eşidilən, sözü keçən və sözünü keçirə bilən güclü bir dövlətdir. Azərbaycanın şücaətli ordusu, müzəffər Ali Baş Komandanı var. "Xarıbülbül” festivalının təntənəli bağlanışı ümummilli lider Heydər Əliyevin işğal altındakı torpaqlarla bağlı illər öncə, hətta bir qədər də kövrək səslə dediyi sözlər və Prezident İlham Əliyevin qalib ordunun komandanı kimi 8 noyabrdakı Qələbə bəyanatının təkrar səsləndirilməsiylə başa çatdı.

Bu, mənzərə həmin an Şuşada Cıdır düzündə olanlara da, evdə ekran qarşısında festivalı izləyənləri də - hamını, hər kəsi kövrəltməklə yanaşı, həm də tərifi mümkünsüz olan qürur hissi yaşatdı. Cənab Prezident festival iştirakçılarının, demək olar, hamısı ilə əl verib görüşdü. O cümlədən Əməkdar artist, "Planet Parni iz Baku” KVN Teatrının bədii rəhbəri Tahir İmanov və əməkdar artist Cabir İmanovla da. Tahir və Cabir İmanovların Azərbaycan mədəniyyəti və bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, xalq artisti, bəstəkar, əslən şuşalı Süleyman Ələsgərovun nəvələri olduğunu sadəcə, ona görə xatırladırıq ki, Şuşaya növbəti səfərləri, "Xarıbülbül” festivalı barədə danışmağa haqqı olanlar sırasındadırlar. Şuşaya köküylə, mənəviyyatı, ruhu ilə bağlı olanlardan "Şuşa necə idi?” soruşmağın ayrı özəlliyi var.

Həmsöhbətimiz Xalq artisti, görkəmli bəstəkar Süleyman Ələsgərovun nəvəsi Tahir İmanovdur:

- "Xarıbülbül” festivalı fantastik idi!.. Bir azərbaycanlı kimi, lap sadə bir vətəndaş kimi deyə bilərəm ki, tarixdə hələ belə möhtəşəm tədbir olmamışdı. Həm siyasi, həm mədəni baxımdan nəhəng bir tədbir idi. Ən əsası vaxtında keçirilən tədbir idi. Orda keçirdiyim hissləri, yaşadığım təəssüratı, inanın, sözlə ifadə etməkdə çətinlik çəkirəm. Hansı sözləri tapıb deyim ki, orda yaşadığım hissləri ifadə edə bilsin?!. Mümkün deyil...

- Tahir müəllim, festivalın sonunda cənab Prezident, birinci xanım Mehriban Əliyeva səhnəyə qalxdılar, orda "Qarabağ”, "Azərbaycan” nidaları səsləndi. Və cənab Prezident adətinə uyğun yenə də bütün iştirakçılarla səmimi şəkildə əl verib görüşdü. Sizinlə də görüşdü...

- İnanın, bu əvvəlcədən planlaşdırılmamışdı. Mən də, qardaşım da sadəcə, izləyici idik. Hətta bəziləri bizdən soruşur ki, "siz niyə orda deyildiniz?”. Cavab veririk ki, ordaydıq. Amma biz də tamaşaçı idik. Cənab Prezident festival iştirakçıları ilə görüşdü, fotolar çəkildi, bizi də gördü və biz də onunla salamlaşdıq. Orda Prezidentlə qısa söhbətimiz oldu. Dedim ki, cənab Prezident, icazə verin, biz də qardaşımla babamın evinin təmirində, bərpasında iştirak edək. Sement qarışdıraq, daş daşıyaq. Ən çirkli işləri görməyə hazırıq. Zibil də daşıyarıq. Təki biz də bu işdə iştirak edək. Cənab Prezident də xeyir-dua verdi.

- Siz bir neçə ay öncə Şuşaya səfər edib qayıdanda "Şərq”ə verdiyiniz müsahibədə də demişdiniz, Süleyman Ələsgərovun evinin bərpasında iştirak etmək istəyirsiniz...

- Bəli. Mən başa düşürəm və qəbul edirəm ki, bu işlər özfəaliyyət çərçivəsində olmamalıdır. Kim harda istəyir, nəsə tiksin, nəsə bərpa etsin. Şuşada görüləcək işlərin hamısı dəqiq dövlət proqramına uyğun aparılacaq. Amma bizim ən böyük istəyimiz baba ocağının bərpasında iştirak etməkdir. Bununla həm də bir təskinlik tapmaq istəyirik ki, biz də nəsə etdik. İnanın, hazıram, Bakıdakı mənzilimi satım, onun pulunu babamın evinin bərpasına, yenidən qurulmasına sərf edim. Evi alçaq düşmənlərimiz elə vəziyyətə salıb ki, orda xeyli iş görülməlidir. Məlumdur ki, o evə mərmi düşməyib, top dağıtmayıb. O "insanlar” evi elə bərbad vəziyyətə salıb. Gözlərinə görünəni söküb aparıblar. Daşını, döşəməsini... Mən də, qardaşım da qollarımızı çırmalayıb işləmək istəyirik o evdə, o həyətdə.

- Necə bilirsiz, bu işlərə nə zaman başlanacaq?

- Bununla bağlı heç bir fikrim yoxdur. Yəqin ki, dövlət proqramı əsasında bütün işlər görüləcək. Ümidimiz cənab Prezidentədir. Çünki indiyədək cənab Prezident həmişə bizi dəstəkləyib, ən çətin anlarda bizə dayaq olub. Yaxşı olar ki, məmurlar özləri hərəkətə gəlsin. Prezidentin onlara irad bildirməsinə ehtiyac qalmasın. Süleyman Ələsgərovun evi mənim üçün hər şeydi. Uşaqlığımız, yeniyetməlik çağımız orda keçib, O evdə tərbiyə görmüşük, həyat qanunlarını öyrənmişik. Əsas odur ki, babamın evi əvvəlki görkəminə qayıtsın.

- İnşəllah olar. Tahir müəllim, əslən şuşalı olan birinin Şuşaya qayıtması sözsüz ki, tamam fərqli duyğularla müşayiət olunur. Siz Şuşaya gedəndə doğma evinizə gedirsiz. Baxmayaraq ki, Şuşada ana babanızın evi olub...

- Yox, təkcə ana babamın evi deyil, biz ata tərəfdən də şuşalıyıq.

- Bunu bilmirdim...

- Bəli. Bizim Şuşada 4 ocağımız var. Ata babam da şuşalıdır. Ata tərəfdən də babamın evi Şuşada olub, indi də durur o ev. Nənəmin evi yerli-dibli dağılıb. Amma ata babamın evi qalır. Süleyman Ələsgərovun həyat yoldaşı - nənəm Şuşanın məşhur Qaraşarlı nəslindəndi. Onların evi Mamayi məhəlləsindəydi. Bəlkə də videolarda görmüsünüz, bir-iki yöndəmsiz yeni evlər tikilib e, Şuşada, sırayla...

- Hə, xatırlayıram, bir-birinə oxşayan evlər...

- Bax, ora dediyim Mamayi məhəlləsidir. Qədim evlərin hamısını söküb ermənilər, yerində o yöndəmsiz evləri tikmişdilər. Sizə bir şey deyim. Ata babamın da, nənəmin də evlərini, hamısını halal edirəm. Təkcə Süleyman babamın evinin təmir olunmasını istəyirəm. Bu bizə yetər.

- Müsahibələrinizdə həmişə xatırlayırsınız ki, Şuşaya kim gəlirdisə, Süleyman Ələsgərovun evində qonaq olurdu. Yəqin siz də o ev bərpa edildikdən sonra bu ənənəni davam etdirərsiniz.

- Əlbəttə. Mən elə indi də hamını, dostlarımızı evimizə dəvət edirəm. Şuşaya ayaq basan kimi, mən də, qardaşım da deyirik, gedək bizə. Özü də biz maşınla getmirik, piyada hərəkət edirik. Hər küçəni, hər döngəni tanıyırıq. Babamla o qədər gəzmişik ki, o küçələri, o yerləri, haranı desələr, gözü yumulu da taparam. Şuşaya gedəndə yol boyu nə tikili gözə dəyirsə, hamısını izah edirik; ora Şuşa türməsidir, bu Seyidlər məzarlığıdı, bu yol Cıdır düzünə aparır... Evlər, tikililər haqqında məlumat verirəm. Təəccüblə soruşurlar ki, hardan bilirsən? Necə bilməyim?! Birincisi, bu, genetik yaddaşdı. Bir də ki, babam bizi gəzdirib o yerlərdə, onlar haqqında bizə danışıb.

- Tahir müəllim, deyirsiz ki, Şuşaya kim gəlirdisə, Süleyman Ələsgərovun evində qonaq olurdu. Maraqlıdır, məsələn, mayestro Niyazinin Şuşada evi yox idi, yəni Hacıbəyli nəslindəndi, ya da digər görkəmli sənətkarların, karifeylərimizin...

- Bəlkə də olub. Bilmirəm. Amma babam Şuşada yaşayırdı. İlin çox hissəsini, istər qış olsun, istər yay, Şuşadakı evində qalırdı. Ola bilsin bizim digər karifeylərimiz Şuşada yaşamayıblar. Paytaxtda işləyiblər, evləri də paytaxtda olub. Daimi yaşayış məskəni olmayıb Şuşa onlar üçün. Amma babam Şuşadan aralı düşmürdü. Bakıda bir işi olanda gələrdi, işlərini bitirən kimi yenə qayıdardı Şuşaya. Ona görə bizim ev – babamın evi daim içində yaşayış olan ev idi. Qonaqlar da gələndə rahat şəkildə qalırdılar, babam onları qonaq saxlayırdı. Bilirsiz, "Xarıbülbül” festivalında mən Süleyman Ələsgərovun nəvəsi olduğuma görə, bir daha qürur hissi keçirdim. Siz də təbii ki, izləmisiniz, orda Azərbaycanın böyük sənətkarlarının demək olar hamısı iştirak edirdi. Neçə nəfər orda bizə yaxınlaşaraq Süleyman Ələsgərovu xoş xatirələrlə andılar. Xalq artisti Alim Qasımov mənə dedi ki, onu ilk dəfə Şuşaya Süleyman Ələsgərov gətirib. Elə bir mədəniyyət xadimimiz tapılmaz ki, Süleyman Ələsgərovun onun həyatında rolu olmasın. Hamıya hansısa şəkildə yardımı, köməyi toxunub babamın. Sağ olsunlar ki, bunu deyirlər, etiraf edirlər, rəhmət oxuyurlar. Bunları eşidən biri kimi mən yenə deyirəm, qürur duyurdum ki, Süleyman Ələsgərovun nəvəsiyəm... Bunları sakit danışa bilmirəm... Çox təsirlənirəm... Amma deyəcəm; 21 ildir babam rəhmətə gedib, mən bu 21 ildə onun kimi insanı çox axtardım, tapmadım...

- Tahir müəllim, Allah rəhmət eləsin Süleyman Ələsgərova. Şübhəsiz, ruhu şaddır. Sizdən soruşmaq istədiyim bir də budur ki, "Şuşaya səfər var”, "Şuşaya gedəcəksiz” xəbərini alanda hansı hissləri keçirirsiniz?

- Gecələr yatmıram. Gözümə yuxu getmir. Özümə deyirəm ki, maşında yataram. Amma maşında da gözümü yuma bilmirəm. Sanki Şuşa yolunu bir də, bir də, təkrar-təkrar gözlərimə köçürmək istəyirəm. Deyirəm, bəlkə bir də görmədim, doyunca baxım. Ağlamaq tutur məni, bir tərəfdən sevinirəm. Babalarımın, nənələrimin, dayımın əvəzinə kədərlənirəm, sonra onların əvəzinə sevinirəm. Nəsildə görün neçə nəfərin əvəzinə yaşayıram bu hissləri. Bütün bu hisslər bizim üzərimizdədi indi. Ona görə də Şuşanın adı gələndə emosiyalarıma hakim ola bilmirəm...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR