Müğənnilər toy qiymətlərini qaldırır? - “Başqasının pulunu saymaq etik deyil“

22-06-2021, 14:13 172 dəfə baxılıb

Xalq artisti Brilliant Dadaşovanın Yenisabah.az-a müsahibəsi:

- İyulun 1-dən Azərbaycanda şənlik mərasimlərinin (toy, nişan, ad günləri) keçirilməsinə icazə verildi. Bu qərarı necə qiymətləndirirsiniz?

- Bu qərarı eşitməyimə çox şad oldum. İnşallah, yavaş-yavaş hər şeyə icazə verilər. Tezliklə əvvəlki həyat tərzimizə geri qayıdacağımıza ümid edirəm.

- Amma qərara əsasən şənlik mərasimlərində 50 nəfərdən 150 nəfərə qədər şəxs iştirak edə bilər. Sizcə, bu yaxşıdırmı?

- Bilirsiniz, mən Bakıda böyümüşəm və həmişə belə görmüşəm ki, toy məclislərində maksimum 100-120 nəfər olub. Mənim üçün bu sıradan və öyrəşdiyim bir şeydir. Bu qərar təəccüblü gəlmir. Ta kiçik yaşlarımdan Bakı kəndlərində 80-100 nəfərlik məclislər görmüşəm. Çox nadir hallarda Bakı məclislərində 600-700 adam görmək olardı.

- Pandemiya dövründə bəzi müğənnilər toylara icazə veriləcəyi təqdirdə qiyməti ucuzlaşdıracaqlarını deyirdilər. Siz necə, toy qiymətlərində dəyişiklik etməyi düşünürsünüzmü?

- Çox maraqlıdır ki, bütün sahələrdə müxtəlif insanlar çalışır və sosial həyatını təmin edə bilmək üçün çörəkpulunu qazanır, heç kimin də maaşı, gəliri bu qədər hesablanmır, götür-qoy edilmir. Heç kəsin pulu yazıq, bədbəxt musiqiçilər kimi hesablanmır. Bu sual mənə həmişə çox qəribə gəlir. Kiminsə pulunu müzakirə etmək etik qaydalara da ziddir. Bu həyatın qanunudur, insanlar sosial tələbatlarını təmin etmək üçün çalışır. Eləcə də müğənnilər buna görə işləyirlər.

- Brilliant xanım, iyulun 1-dən 50 nəfərə qədər adamın iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunacaq. Sizcə, bu insanlarda diskomfort yaradacaqmı?

- Bunu dəqiq deyə bilmərəm. Elə insanlar var ki, özlərini maskada daha rahat hiss edirlər. Bu insanların şəxsi istəyinə bağlıdır. Bəzi insanlar var ki, onlardan bu tələb olunmasa belə mütləq maska taxır, özlərini bu yolla virusdan sığortalamaq istəyirlər.

- Məclislərin keçirilməsinə qadağa qoyulan müddətdə bir çox həmkarınız toyların gizli şəkildə keçirildiyini dedi. Siz belə halla rastlaşdınızmı, yaxud belə məclislərə dəvət almışdınız?

- Xeyr, qadağa olan müddətdə belə halla rastlaşmadım. Ətrafımda bu şəkildə toy edənləri də gömədim, nə də bu cür məclislərə dəvət almamışam.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR