“Telekanallarımızın Qarabağ məsələsinə mövcud münasibəti çox acınacaqlıdır...”

28-08-2018, 11:56 605 dəfə baxılıb

“Telekanallarımızın Qarabağ məsələsinə mövcud münasibəti çox acınacaqlıdır...”



Qarabağ Azadlıq Təşkilatının 25 yaşı tamam olur. 1993-cü ildə təməli qoyulan bu təşkilatın torpaqlarımızın müdafiəsi və işğaldan azad olunması istiqamətində bu illər ərzində apardığı fəaliyyət diqqətəlayiqdir. Hər şeydən önəmlisi odur ki, Şimaldan da, Qərbdən də daxildən də Azərbaycanı Ermənistanla Qarabağsız sülh sazişinə, barışığa sürükləməyə cəhd edən kifayət qədər güclü qüvvələrin olduğu bir vaxtda QAT sinəsini qabağa verərək öz sözünü bacardığı qədər deməyə, torpaqlarımızı işğal altında saxlayan düşmənə qarşı nifrət hissinin ölməməsinə çalışıb...

“Bu gün Qarabağ Azadlıq Təşkilatının yaranmasından 25 il keçir. Bu illər ərzində Qarabağın azadlığı üçün əlimizdən gələni etmişik. Hələ torpaqlarımız işğal altındadı , ona görə də hansısa yubiley tədbirindən danışmağa, hansısa təbrikə heç yer də yoxdu. Amma bu yolda çalışan insanları yad etməyi özümə borc bildim.

Dünyasını dəyişənlərə Allah rəhmət eləsin. Yola davam edənlərə Allah kömək olsun. Bu illər ərzində əziyyət çəkənlərin hamısına təşəkkür edirik. Son qələbəyə qədər yolumuzu davam etdirəcəyik, inşallah!..”

Bu cümlələri özünün “Facebook” səhifəsində Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı yazıb.
“Fəaliyyət göstərdiyiniz 25 il ərzində Qarabağ məsələsinin gündəmdə saxlanması baxımından Azərbaycan mətbuatından raz qalmısınız, yoxsa?..” sualına QAT sədri milli telekanalları Qarabağ məsələsinə laqeyd münasibətlərinə görə tənqid edib:

“Qarabağ məsələsinə münasibət baxımından ümumilikdə mətbuatımızdan narazı deyiləm. Bu mövzunu işıqlandırırlar. Sadəcə, az-çox məsələsi var. Təəssüf ki, telekanallarımız Qarabağa münasibətdə çox laqeyd mövqe tuturlar. Etiraf etmək lazımdır ki, vaxtilə “ANS” telekanalının işıqlandırdığı qədər işğal altındakı torpaqlar mövzusuna diqqət ayıran ikinci telekanalımız yoxdur. Və bu mənada həmin telekanalın yoxluğu hiss olunur. Telekanallarımızın Qarabağ probleminə mövcud münasibəti çox acınacaqldır. Televiziyada elə bir təbliğat aparılır ki, sanki ölkədə hər şey normaldır, bu xalqın heç bir problemi, o cümlədən torpaqlarını erməni işğalından azad etmək problemi yoxdur... Elə bayağı, yalançı optimist ruhda danışılır ki, sanki 26-27 ildir torpaqlarımızın 20 faizi işğal altında deyil. Onu deyim ki, hətta sovet dövrünün sonlarında Qarabağ probleminin yenicə alovlandığı vaxtlarda Azərbaycan televiziyasının Moskvanın təsiri altında fəaliyyət göstərdiyi illərdə belə, məsələyə bu dərəcədə mürtəce münasibət olmayıb...

Amma çox şükür ki, bu gün Qarabağın azad edilməsinin vacibliyi məsələsini gündəmdə saxlayan bir sıra qəzetlər, elektron informasiya vasitələri, saytlar və sosial şəbəkələrdir. Qarabağ Azadlıq Təşkilatı olaraq bizim gündəlik izlədiyimiz elektron kütləvi informasiya vasitələri Moderator.az və Müsavat.com-dur. Bağlanmamışdan əvvəl APA-nı da izləyirdik. Digərlərini də izləyirik. O biri sayt rəhbərlərinin xətrinə dəyməsin. Amma bizim qənatəmizcə, reallıq ondan ibarətdir ki, Moderator.az qədər Azərbaycanda Qarabağ məsələləsini gündəmdə saxlayan ikinci bir informasiya portalı bəlkə də yoxdur... Yenə şükür ki, Qarabağdan az-çox yazan digər saytlarımız da var. Televiziyaların qeyd etdiyimiz anlaşılmaz mövqeyi müqabilində saytların, qəzetlərin işğal altındakı torpaqlarımızın azadlığı problemini gündəmdə saxlaması təqdirəlayiqdir. Bu gün meydana Karabakh.TV və Karabakh-tv.com saytları da çıxıb. Böyük çətinliklə də olsa da, görüntülü informasiya məkanında Qarabağla bağlı boşluğu doldurmağa çalışırlar. Telekanallarımız əgər düzgün mövqe tutsaydı, heç bunlara ehtiyac olmazdı. Amma yenə də hər iki sayta uğurlar arzulayırıq. Şükürlər olsun ki, Qarabağı düşünən insanlar var və heç nədən nəsə bir iş quraraq Qarabağ haqqında informasiyaları paylaşmağa çalışırlar...”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR