“Qarabağda da vəziyyət tam dəyişə bilər”

13-05-2020, 21:58 275 dəfə baxılıb

“Qarabağda da vəziyyət tam dəyişə bilər”


Koronavirus pandemiyası başa çatdıqdan sonra beynəlxalq siyasi və iqtisadi münasibətlər sisteminin dəyişəcəyinə dair proqnozlar səslənir. Bəzi ekspertlər bununla bağlı konspiroloji yanaşma nümayiş etdirirsə, başqa analitiklər çox da uzağa getmədən real nəticələrdən danışırlar.

Yeni dünya düzəninin mənzərəsinə aydınlıq gətirmək üçün Cebhe.info-nun suallarını sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov cavablandırıb.

“Yeni mərhələdə Rusiya Ermənistan adlı bir ölkəni yada salmayacaq”

-Tofiq müəllim, 1918-1920-ci illərdə baş vermiş və 50 milyonun ölümünə səbəb olmuş “İspan qripi”ndən sonra beynəlxalq siyasi və iqtisadi münasibətlər sistemində ciddi dəyişikliklər baş verdi. Post-koronavirus dövründə də yeni dünya düzəninin yaranacağına dair proqnozlar səslənir. Siz koronavirusun başa çatmasından sonrakı dünyanı necə görürsünüz?

-Proses hələ davam edir. Bəzi ölkələrdə pandemiyanın azaldığı, şərtlərin yumşaldığı və əhalinin daha sərbəst şəkildə yaşamağa başlaması haqqında xəbərlər gəlir. Amma təcrübədə bunun nəticəsinin necə olacağı hələ məlum deyil. Yəni koronavirus pandemiyası davam etməkdədir. Bizə çatan məlumatlar ikinci dalğanın da baş verəcəyini istisna etmir. Deyilənə görə, virus yenidən mutasiya olunmuş formada geri qayıda bilər. Əlbəttə, mən mütəxəssis olmadığıma görə konkret fikir söyləyə bilmərəm. Lakin belə fikirlər səslənirsə, deməli təhlükə hələ qalır. Bunun beynəlxalq əlaqələrə təsirinə gəlincə, mən “İspan qripi”nin nəticələri ilə koronavirusun yaratdığı şəraiti 100 ildən sonra müqayisə etməyin tərəfdarı deyiləm. Çünki o vaxt dünyadakı vəziyyət başqa cür idi. O dövr həm informasiya, həm beynəlxalq əlaqələr, kommunikasiyalar, texniki inkişaf səviyyəsi baxımından fərqli idi. Ümumiyyətlə, qloballaşma prosesi indiki səviyyədə deyildi. Yəni 1918-20-ci illərdə dünyanın bir sıra bölgələrinin virusun mövcud olduğu ölkələrlə heç əlaqələri də yox idi və s. İndi isə vəziyyət çox fərqlidir. Koronavirus aşkar olunduqdan sonra bir ay ərzində demək olar ki, bütün dünyaya yayıldı. Bu baxımdan, koronavirusun yayılması və doğurduğu iqtisadi, siyasi nəticələri mən “İspan qripi” ilə müqayisə etməzdim. O ki qaldı beynəlxalq siyasətə, hesab edirəm ki, bu dəyişikliklər mütləq olacaq. Məsələn, biz artıq beynəlxalq sammitlərin, tədbirlərin birbaşa deyil, onlayn və telefon rabitəsi vasitəsilə keçirilməsinin şahidi oluruq. Yəni biz bu dəyişiklikləri artıq görürük. Ona görə də düşünürəm ki, koronavirusla mübarizənin əsas yükü dövlətlərin üzərinə düşür. Bu isə beynəlxalq təşkilatların ya imkanlarının, ya da istəklərinin olmadığını nümayiş etdirir. Qeyd etdiyim vəziyyəti biz istər Avropa İttifaqında, istər BMT-nin fəaliyyətində görmək olar. Beynəlxalq təşkilatlar bəyanatlar verməkdən başqa heç bir iş görmədi. Hətta Ümumdünya Səhiyyə Təşkilatı kimi ixtisaslaşmış qurumun da hansısa real fəaliyyəti olmadı. Yəni dünyada çoxtərəfli diplomatiya və münasibətlər zəifləyəcək. Bundan əvvəlki səviyyəyə nə vaxt dönə biləcəyimiz dəqiq məlum deyil. Hesab edirəm ki, ikitərəfli əlaqələr üstünlük təşkil edəcək. Əgər bizim regionu götürsək, bölgədəki dövlətlərin siyasəti əsas əhəmiyyət kəsb edəcək. Xaricdən hər hansı müdaxilələr effektiv olmur. Məsələn, ATƏT-in Minsk Qrupunun bu yaxınlarda təşkil etdiyi danışıqları götürək. Vasitəçilərin əvvəllər də ciddi bir fəallığı ilə yadda qalmayıb. İndi də “Skype” diplomatiyasına keçiblər ki, bunun da yalnız gülünc doğurmaqdan başqa heç bir təsiri yoxdur. Ermənistan-Azərbaycan münaqişəsinə aid vəziyyətin də tam dəyişəcəyini istisna etmirəm. Çünki Azərbaycanın və Ermənistanın potensial imkanları onların siyasətinə təsir edəcək. Əvvəllər Ermənistanın potensialının böyük hissəsi Rusiyanın dəstəyi hesabına formalaşırdı. Yeni mərhələdə inanmıram ki, Rusiya Ermənistan adlı bir ölkənin olduğunu yada sala.

“Rusiyanın Abxaziyanı və Cənubi Osetiyanı saxlamağa gücü çatmayacaq”

- Əgər Rusiyanın təsirlərinin zəifləyəcəyi gözlənilirsə, gəlin məsələyə daha geniş əhatəli yanaşaq. Post-koronavirus dövründə yalnız Dağlıq Qarabağ deyil, ümumiyyətlə, keçmiş SSRİ məkanındakı dondurulmuş münaqişələrin həllində dəyişiklik baş verə bilərmi? Söhbət Abxaziya, Cənubi Osetiya, Dnestryanı, Donbas, Krım münaqişələrindən gedir.

- Regionda hansı qüvvə dominantdırsa, onun təsiri artacaq. Rusiya da istər-istəməz öz qonşuluğunda olan ölkələrə nəzər salıb görəcək ki, hansı dövlətlə iqtisadi əlaqələr qurmaq daha sərfəlidir. Ona görə də belə layihələrə baxış dəyişəcək. O cümlədən, Gürcüstandakı münaqişə zonalarında Rusiyanın Abxaziyanı və Cənubi Osetiyanı saxlamağa nə hərbi, nə də iqtisadi imkanları çatacaq.

“Böhranın dərinləşməsi hansısa mərhələdə ərzaq qıtlığına da gətirib çıxara bilər”

- Koronavirus ticarət müharibələrinə necə təsir göstərdi? Bu savaşlar gücləndi, yoxsa zəiflədi?

- Birincisi, mən hesab edirəm ki, enerji böhranı müvəqqətidir. Doğrudur, tələbat azalacaq və bu, təbii haldır. Amma əhalinin enerjiyə tələbatı da ödənilməlidir. İqtisadiyyatda da elə sahələr var ki, zəifləyəcək və ya ona tələbat çox azalacaq. Məsələn, moda sahəsi. Vaxtilə buna böyük maraq və tələbat var idi. Ancaq indi vəziyyət dəyişib və insanlarda praktik baxışlar önə keçəcək. Fikrimcə, ictimai əhəmiyyət kəsb edən sahələrə tələbat azalacaq. Hətta böhranın dərinləşməsi hansısa mərhələdə ərzaq qıtlığına da gətirib çıxara bilər. Azərbaycana gəlincə, ölkəmiz enerji baxımından özünü təmin edib. Eləcə də Azərbaycan özünü 70-80 faiz ərzaqla təmin edə bilir. Hər halda bu iki amil çox vacibdir. Əsas nailiyyətlərdən biri Azərbaycanın peşəkar ordusunun yaradılması oldu. Beynəlxalq mütəxəssislərin rəyinə görə, Azərbaycan ordusu zəif deyil və dünya üzrə orta səviyyəlidir. Ölkədə sosial sabitlik də var. Hiss olunur ki, hakimiyyət bu məsələlərə daha diqqətlə yanaşır. Yəni sosial sabitliyin vacibliyini başa düşür. Bununla yanaşı, siyasi sabitliyin olması da mühüm şərtdir. Bu məsələdə mənzərə tam aydın deyil. Hakimiyyət mövcud balansı saxlaya bilsə, ciddi siyasi dəyişikliklər baş verməyəcək.

“”Skype”diplomatiyası ciddi qəbul olunmadı”

-Siz bu yaxınlarda bildirmişdiniz ki, koronavirusun yayılması ilə müasir beynəlxalq münasibətlər sistemi çökdü. Bəlkə nəyin çökdüyünü və yeni yarana biləcək sistemin nədən ibarət olduğunu dəqiq ifadə edəsiniz?

- Mən beynəlxalq sistem dedikdə, çoxtərəfli diplomatiyanı və çoxtərəfli fəallığı nəzərdə tutmuşam. Bu baxımdan, çoxtərəfli diplomatiyada böhran görürük. Məsələn, İtaliya çox ciddi problemlərlə üzləşdi və digər ölkələrin ona lazım olan köməyi göstərməməsi narazılıq yaratdı. Yəni beynəlxalq əlaqələr zəifləyib. Bu baxımdan, vasitəçilik institutu da çoxtərəfli diplomatiyanın bir hissəsidir. Hər bir ölkə böhran dövründə əhmiyyət kəsb edən məsələləri təftiş edəcək. Yəni ən aktual olan məsələlər diqqətə alınacaq. Ona görə də mən belə nəticəyə gəldim ki, Cənubi Qafqazda fəal olan Rusiya üçün Ermənistan-Azərbaycan münaqişəsi artıq ön planda deyil. Rusiyanın fəallığı Belarus, Ukrayna istiqamətlərində daha çox müşahidə olunur. Regionumuzda olan qüvvələrin potensial imkanları- maliyyə, iqtisadi, hərbi potensialı onların xarici siyasətini müəyyənləşdirən amilə çevrilir. Bunları nəzərə alaraq demişəm ki, koronavirus dövründə Azərbaycan və Ermənistan təkbətək qalıb. Mövcud vəziyyətdən narahat olan ermənilər “Skype”diplomatiyasını təşkil etdilər. Həmin danışıqlar da ictimaiyyət tərəfindən ciddi qəbul olunmadı. Hətta Rusiya da buna reaksiya vermədi.

“Pandemiyanın ABŞ-da keçiriləcək prezident seçkilərinə təsiri gözləniləndir”

- Post-koronavirus dövründə dünyanın aparıcı ölkələrində hakimiyyət dəyişikliklərinin olacağı proqnozlaşdırılır. Hesab edilir ki, bu poses ABŞ-dakı prezident seçkilərinə təsirsiz ötüşməyək. ABŞ-da Donald Trampın, Fransada Emmanuel Makronun öz vəzifələri ilə vidalaşacağı bildirilir. Rusiyada isə reytinqi aşağı düşən Putindən narazılıq artıb və istefa tələbləri gündəmə gəlib. Siz bu deyilənləri nə qədər real hesab edirsiniz?

- Pandemiya başladıqdan sonra dünyada siyasi fəallıq çox aşağı düşüb. Bunu Azərbaycanda da görmək olar. İqtidar-müxalifət münasibətləri daha çox sosial şəbəkələrdə, mediadakı rəylərdən ibarətdir. Hər kəs öz mövqeyini daha çox internetdə nə isə paylaşmaqla bildirir. Dünya ölkələrində də belədir. Amma pandemiyanın ABŞ-da keçiriləcək prezident seçkilərinə təsiri gözləniləndir. Belə ki, təbliğat küçələrdən internetə keçib. Rusiyada da əsas tənqidlər, fikirlər internet üzərindən çatdırılır. Bu isə göstərir ki, siyasi fəaliyyət meydanı artıq küçə və meydanlar deyil, internetdir.

“Pandemiyadan sonra Ermənistandan köç sürətlənəcək”

- Sizcə, koronavirusun Ermənistanda sürətlə yayılması, hətta pandemiyanın Dağlıq Qarabağa keçməsi nə üçün işğalçı tərəfin mövqeyində dəyişikliyə səbəb olmur?

- Onların bəyanatları reallıqla ziddiyyət təşkil edir. Ermənistan sərt bəyanatlar verir ki, biz müharibəyə hazırıq. Onların ümidi Rusiyayadır. Əgər Rusiya erməniləri yada salmasa, radikal bəynatlarının da heç bir əsası qalmır. Onlar bir yerə yığışanda sanki praktik bəyanatlar vermək uğrunda yarışa girirlər. Ancaq dağılışanda daha real addımlar atırlar. Bu addımlar da əşyalarını götürüb başqa ölkələrə köçməkdən ibarətdir. Pandemiyadan sonra bu proses daha da sürətlənəcək. Onların iqtisadiyyatı demək olar ki, sıfır səviyyəsindədir. Ona görə ki, Ermənistanın daxili bazarı çox azalıb. Bazar azaldıqca insanlar biznes, yaşayış üçün normal şəraitin olmadığını görüb başqa yerlərə köçürlər.

- 2021-ci ildə Gürcüstanın NATO üzvlüyünə qəbul olunacağı gözlənilir. Bu halda Ermənistanın Rusiya üçün geosiyasi əhəmiyyəti arta bilərmi?

- Xeyr. Əksinə, azalacaq...

- Niyə? Axı Rusiyanın Ermənistanda hərbi bazaları var .

- Rusiyanın hərbi bazaları yalnız Ermənistan-Azərbaycan münaqişəsinin saxlanılmasına xidmət edən sistemdir. Rusiyanın hərbi texnikasının və əsgərlərinin sayı o bölgədə yerləşən xarici qüvvələrin təhlükəsinin qarşısını almaq üçün yetərli deyil. Rusiyanın Ermənistanda cəmi 12-18 ədəd hərbi təyyarəsi var. Rusiya həmin bazaları saxlamaq üçün silahları İran vasitəsilə göndərə bilir. Əsgərləri sərnişin təyyarəsində gəlib sonra hərbi paltar geyinib xidmət edirlər. Rusiya hərbi bazalarındakı hərbçilərin sayı cəmi 4000 nəfərə yaxındır ki, onların da əksəriyyəti müqavilə əsasında qulluq edən yerli əhalidən ibarətdir. Yəni həmin bazaların imkanlarını şişirtmək lazım deyil. Rusiya Xəzər dənizindən raket buraxıb Suriyadakı hədəfi vura bilirsə, deməli, onu Ermənistana daşımağa ehtiyac yoxdur. Ona görə də məsələlərə yeni baxış nümayiş etdirmək lazımdır. Rusiyanı indi təhlükəsizlik baxımından, Çin problemi daha çox düşündürür. Çünki Ural dağlarından şərqdə Rusiyanın cəmi 5 milyon, sərhəd qonşusu Çinin isə 1,5 milyard əhalisi var. Bu isə real təhlükə deməkdir. Ona görə də Rusiya nə üçün öz pulunu Ermənistana xərcləməlidir? Reallıqlar artıq diktə edəcək ki, Rusiya siyasiləşmiş layihələrdən məcburən imtina etsin.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR