QARA DƏNİZ UĞRUNDA MÜBARİZƏ - Türkiyə-Ukrayna əməkdaşlığı nəyə hesablanıb?

22-02-2021, 11:10 105 dəfə baxılıb

Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi Qara dəniz sahillərində yerləşən Türkiyə və Ukraynanı strateji əməkdaşlara çevirdi. Hazırda onlar silahlanma və aviasiya sahələri üzrə birlikdə 30-dan çox layihə həyata keçirirlər.

İkitərəfli əlaqələrin dinamikası göstərir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələni şəxsi nəzarətinə götürüb. O, 2018-ci ilin oktyabrından indiyədək Ukrayna prezidentləriylə on dəfə görüşüb (Vladimir Zelenski ilə 2019-cu ilin mayından).

Keçən illər ərzində Türkiyə Hərbi Sənaye Kompleksi (HSK) böyük nailiyyətlər qazanıb. Ancaq onun zəif yeri mühərriklərin istehsal edilməsi sahəsidir. Bu işdə Ukrayna Türkiyənin köməyinə gəlməlidir. Çünki sovet dövründə bütün tip mühərriklər istehsal edən əsas müəssisələrin demək olar ki, əksəriyyəti Ukrayna ərazisində yerləşirdi.

Ankara Krımın işğalını qınayır və Ukraynanın ərazi bütövlüyünün bərpasını tələb edir. Belə ki, Krımın işğalından sonra Qara dənizdəki hərbi qüvvələr nisbəti Rusiyanın xeyrinə dəyişib və Türkiyə bunu özünə təhlükə sayır. Rusiyanın Krımda yerləşdirdiyi hərbi sistemlər bütün Qara dəniz regionunu əhatə edə bilər. Ona görə də, Ankara Qara dənizin "rus dənizinə” çevrilməsindən ehtiyatlanır. Ukrayna ilə sıx əlaqələr quran Türkiyə buna qarşı çıxmaq istəyir. Ukrayna isə Türkiyə kimi dövlətlə əməkdaşlıq etməklə özünün kövrək mövqeyini möhkəmləndirməyə çalışır.

Türkiyənin SETA (Siyaset, Ekonomi ve Toplum Araşdırmaları) analitik mərkəzinin siyasi icmalçısı Zafer Meşe deyib: ”Əgər Qara dəniz ətrafı dövlətlər Rusiyanı özünə təhlükə sayırsa, onda bu, ABŞ-a da sərf edir. Əksinə, əgər Amerika Qara dənizdəki iştirakını azaldarsa, onda bu, Rusiya üçün xeyli üstünlük gətirər”.

Strateji aspektdən başqa, Ankara həmçinin türk azlığının himayədarıdır və ona görə də, Rusiyaya qarşı mənfi münasibət bəsləyən Krım tatarlarının müdafiəsinə qalxmaq vacib məsələdir. Ümumi sayları 3 milyon olan Krım tatarlarının yalnız 10%-i Krımda yaşayır. Onların əksəriyyəti Türkiyədə məskunlaşıb.

2014-cü ildən sonra Türkiyə və Ukrayna arasındakı əməkdaşlıq xüsusilə intensivləşib. 2020-ci ilin oktyabrında hər iki ölkənin müdafiə və xarici işlər nazirləri Ukraynaya dörd korvet verilməsini və həmçinin də "Baykar” və "Ukrspeçeksport” şirkətləri arasında konsorsium yaradılmasını razılaşdırıblar. Bu konsorsium Ukraynada Türkiyənin "Bayraktar TB2” dronlarını istehsal edəcək. Bu dronların Ukraynanın şərqindəki rusiyapərəst separatçılara qarşı istifadə olunması nəzərdə tutulur.

2018-ci ildə Türkiyə Ukraynaya altı ədəd "BayraktarTB2” dronu satıb. Keçən il bu PUA-lar Qafqazdakı və Liviyadakı hərbi münaqişələrin gedişinə həlledici təsir göstərib. İndi "Baykar” Ukrayna istehsallı mühərriklərlə təchiz olunmuş yeni "Akıncı” döyüş dronlarını hazırlayır.

Ukrayna Türkiyədən "MİGEM” (Milli Gemi) tipindən olan və radarlara yaxalanmayan korvetlər sifariş verib. Onların istehsalı tədricən Ukraynaya köçürülməlidir. Ukrayna Türkiyə ilə birlikdə öz Hərbi Sənaye Kompleksindəki böyük çatışmazılıqları aradan qaldırmaq və müştərək PUA-lar, gəmilər, raketlər, təyyarələr və tanklar üçün müxtəlif mühərriklər istehsal edilməsi istiqamətində işlərə başlayır. Türkiyə mətbuatının məlumatına görə, "Aselsan” konserni tərəfindən işlənib hazırlanmış "Gezgin” raketi üçün Ukraynaın "İvçenko-Proqress” müəssisəsindən mühərriklər alınıb. İki ölkə Türkiyənin "Altay” tankı üçün mühərrik hazırlanmsı istiqamətində də əməkdaşlıq edirlər. ”Altay” tanknın ilk modifikasiyası 2012-ci ildə nümayiş olunmuşdu. Lakin onun hazırlanması ləngidi. Çünki Almaniyanın dizel və qaz-porşen mühərriklər istehsal edən "MTU Friedrichshafen” şirkəti Almaniyanın Türkiyəyə ixracata məhdudiyyətlər qoyması üzündən, onlara istədikləri məhsulu göndərə bilmir. Elə həmin səbəbdən də Almaniyanın "Rheinmetall” şirkəti "Leopard 2” tankındakı analoji silahı "Altay” tankı üçün göndərməyəcək.

Ukraynanın ixtiyarında olan mühərriklərin gücü zifdir və bu, Türkiyə tankına yaramır. Türkiyə, həmçinin Ukraynadan "S-125” zenit-raket sistemləri alınmasıyla bağlı müqavilə imzalayıb. Amma bu sistemlər orta radiuslu raketlərdir və Rusiyanın "S-400” sistemlərini əvəzləyə bilməz.

Gələcəkdə Türkiyənin "Antonov” yük təyyarələrinin istehsalında iştirakı planlaşdırılır. Türkiyənin müdafiə sənayesi məsələləri üzrə ixtisaslaşmış "TurDef” internet-jurnalının baş redaktoru Özgür Eksi deyib: ”Hər iki ölkənin güclü tərəfləri bir-birini dişli çarxın hərəkəti kimi tamamalayır. Hər iki ölkə silah istehsalı üzrə ən inkişaf etmiş ölkələr sırasında deyil, onlar yalnız ikinci qrupdadırlar. Ona görə də burada heç bir ölkə digəri üzərində hökmranlıq etmir, hər ikisi öz faydalı töhfəsini verir. Türkiyənin ehtiyac duyduğu şeylər Ukraynada var və əməkdaşlıq hər iki tərəfə sərfəlidir. Türkiyə 1952-ci ildən NATO-nun üzvüdür, Ukrayna isə 2018-ci ildən NATO-ya namizəddir. Türkiyə NATO standartlarına və normalarına görə işləyir və Ukraynanın tədricən bu alyansa qəbul olunmasına kömək edir. Bundan başqa, Türkiyə istehsal etdiyi hərbi məmulatları NATO-nun digər tədarükçülərinə nisbətən ucuz təklif edir”.

("Frankfurter Allgemeine Zeitung" - Almaniya)

Tərcümə "AzPolitika"nındır


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR