İsrail və Türkiyə arasında gərginlik yeni mərhələyə keçir.
İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı Beynəlxalq Cinayət Məhkəməsinə təqdim edilə biləcək hüquqi dosyenin hazırlanması barədə göstəriş verib.
Bu barədə İsrailin i24NEWS telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Netanyahu nazirliklərarası qrupa Ərdoğana qarşı irəli sürülə biləcək ittihamları və hüquqi materialları toplamaq barədə göstəriş verib.
Məlumata əsasən, bu addım Ərdoğanın Netanyahu barəsində İnterpol vasitəsilə həbs orderinin çıxarılmasına nail olmaq niyyətini açıqlamasından sonra atılıb.
i24NEWS bildirir ki, hazırlanacaq dosyedə Ərdoğanın Türkiyədə kürdlərlə bağlı siyasətinə dair ittihamların, eləcə də Türkiyənin Fələstinin HƏMAS hərəkatını maliyyələşdirməsi ilə bağlı İsrail tərəfinin iddialarının yer alması nəzərdə tutulur. Bunlar İsrail tərəfinin irəli sürdüyü ittihamlardır.
Məlumata görə, İsrail məsələ ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə birbaşa müraciət edə və ya bunun üçün üçüncü ölkədən istifadə edə bilər.
Qeyd edək ki, nə İsrail, nə də Türkiyə Beynəlxalq Cinayət Məhkəməsinin təsis sənədi olan Roma Statutunun iştirakçısıdır. Bununla belə, bu fakt özlüyündə BCM-in bütün mümkün yurisdiksiya əsaslarını avtomatik istisna etmir.
loading...