Özbəkistan liderini öz kürəkəni mühafizə edir

11-09-2018, 16:20 638 dəfə baxılıb

Özbəkistan liderini öz kürəkəni mühafizə edir



Özbəkistan lideri Şavkat Mirziyoyevin şəxsi həyatı və bioqrafiyası, demək olar ki, ictimaiyyətə qapalıdır. Mirziyoyevin ilk fotoları internetdə 2006-cı ildə – baş nazir postunu tutandan 3 il sonra görünməyə başlayıb. Elə indinin özündə də prezidentin rəsmi saytında bioqrafik məlumatlar olduqca məhduddur. Daha çox məlumat öyrənmək üçün isə əsasən mətbuatda dərc olunan, əksəriyyəti də təsdiqlənməyən şayiələrdən ibarət olan xəbərlərə üz tutmaq lazım gəlir.

Mirziyoyev 1957-ci ilin 24 iyulunda dünyaya gəlib. Rəsmi bioqrafiyasında doğulduğu yer qısaca Cizakskaya vilayətinin Zaamin rayonu göstərilir.

Hələ 2010-cu ildə – prezident olmamışdan 6 il əvvəl tacik jurnalistlər yazırdılar ki, Şavkat Mirziyoyev Tacikistanda, özbəkdilli əhalinin yaşadığı Yaxont adlı ərazidə doğulub. Hətta jurnalistlər anonimliyi saxlamaq şərtiylə Mirziyoyevin bəzi qohumları ilə söhbət də aparmışdılar.

Deyilənlərə görə, Mirziyoyevin atası Zaamindəki vərəm dispanserində işləyib. Lakin orada oğlu Şavkatın doğulmasından əvvəl və ya sonra işləməyə başladığı məlum deyil. Bəzi məlumatlara görə, Mirziyoyevin atası tanınmış tacik nəslindən olub.



Yeri gəlmişkən, Şavkat adı əsasən özbək və tatarlar arasında yayılıb. Tatar dilində “hakimiyyət”, özbək dilində isə “yaxşılıq” mənasını verir.

Mirziyoyevin anası elə həmin xəstəxanada tibb bacısı işləyib. Bir müddət sonra isə sümük vərəmindən dünyasını dəyişib. Xəstəlik Mirziyoyevin anasına xəstələrdən birindən keçibmiş.

Ailənin Şavkatla yanaşı, iki qız övladı da olub. Həyat yoldaşının ölümündən sonra Şavkatın atası Miromon adlı tatar xanımla evlənib və bu nikahdan bir qız, bir oğlan dünyaya gəlib.

Qohumların dediyinə görə, ögey ana Şavkata qarşı olduqca sərt olubmuş. Pis davranışa və ya qane etməyən qiymətə görə Şavkatı bir sutka ac saxlayır və döyürmüş.

Bir müddət sonra nənə və babası Şavkatı öz himayələrinə götürürlər. Buna baxmayaraq, Şavkat ögey anasını ziyarət edir və ölən gününə qədər onun qayğısına qalırdı.

Məktəbi başa vurandan sonra Mirziyoyev paytaxta gəlir və Daşkənd İnstitutunda meliorasiya ixtisası üzrə ali təhsil alır. 1981-ci ildə mühəndis-mexanik diplomu alır. Pabıq tarlalarının çox olduğu Özbəkistanda bu peşə nüfuzlu və gəlirli hesab olunurdu.



Sonrakı karyerasını elm sahəsində davam etdirən Mirziyoyev institutda işləməyə qalır. Orada kiçik elmi işçidən prorektora qədər yüksəlir. Elm iş üzərində işləyən Mirziyoyev paralel olaraq komsomolda və partiyada təşkilatçı kimi fəaliyyət göstərir.

1990-cı ildə Özbəkistan SSRİ-nin Ali Sovetinə seçilir. Elə o vaxtdan bütün həyatı siyasətə və dövlət xidmətinə bağlı olur. Bir neçə dəfə müstəqil respublikanın deputatı seçilir.

2003-cü ildə Mirziyoyevə hökumətə rəhbərlik etmək təklif olunur. O, 13 il baş nazir vəzifəsində qalır. Və ağırçəkili siyasətçilərdən olur. Ona görə də İslam Kərimovun vəfatından sonra prezident kürsüsünü tutması heç kim üçün gözlənilməz olmur.

İdeoloji baxışlarına görə Mirziyoyev elm adamı olaraq qalır. Hər zaman vurğulayır ki, ölkənin inkişafının əsas qarantı innovasiyalar, yeni texnologiyalar, müasir menecment və yaxşı təhsildir.

Mirziyoyev həyat yoldaşı Ziroathon Hoşimova ilə institutda tanış olub. Həmin vaxt Mirziyoyev artıq işləyirdi, gələcək xanımı isə tələbə idi. Tələbə yoldaşlarının dediyinə görə, Ziroathon institutun ən gözəl qızı idi. Həm aktiv komsomolçu olan, həm də dərslərini əla oxuyan Ziroathon bir çox gəncin ürəyini fəth etmişdi.



Toydan sonra Mirziyoyevin xanımı kölgədə qalır və nadir hallarda həyat yoldaşı ilə rəsmi tədbirlərdə gözə dəyir. Ziroathon atasına hörmət əlaməti olaraq qızlıq soyadından imtina etmir.

Atası Ziroathonın Şavkatla evlənməsinə qarşı olub. Muxmudcon Hoşimov nufuzlu və imkanlı biri idi və hesab edirdi ki, Şavkat qızı üçün layiqli namizəd deyil. İş adamı olan Hoşimovun sahibi olduğu vaqonlarla Rusiyaya meyvə daşınır, oradan da mebel və başqa mallar gətirilirdi.

Deyilənlərə görə, Mirziyoyevin göndərdiyi elçilər qızın atasını razı salmaq üçün bir xeyli əziyyət çəkiblər. Bəzi məlumatlara görə isə Mirziyoyevin siyasi karyerada irəliləməsinə məhz qayınatası dəstək olub.

Bir çox mənbələrin məlumatına görə, Muxmudcon Hoşimov və xanımı Ranoxon qatı dindar olublar və övladlarını İslam ənənələrinə uyğun böyüdüblər.

Mirziyoyevlə xanımının iki qızı, bir oğlu var. Onlar haqqında da olduqca az məlumat var. İnternetdə oğlu Alişerin cəmi bir neçə fotosu var, o da rəsmi tədbirlərdə çəkilib. Alişer Mirziyoyevin evli olub-olmadığını heç kim bilmir.

Qızları Səidə və Şahnoz barədə, az da olsa, məlumat var. Mətbuatın yazdığına görə, Səidə təmtəraqlı həyatı sevir və gənclik illərində tez-tez diskotekalara gedibmiş. O, Oybek adlı şəxslə ailə qurub və cütlüyün iki oğlu var.

Kiçik qızı Şaxnoz Otabek adlı şəxslə evlidir və bu yaxınlarda Mirziyoyev onu şəxsi mühafizəçisi təyin edib.

Cütlüyün övladlarının olub-olmadığı dəqiq məlum deyil. Bəzi məlumatlara görə, Şaxnoz 2010-cu ildə Təl-Əvivdə qız övladı dünyaya gətirib.





Mətbuatın yazdığına görə, Şavkat Mirziyoyevin yaxın qohumu (qardaşı və ya bacısı qızı-red.) Diora rusiyalı milyarder Alişer Usmanovun qardaşı oğlu ilə ailəli olub.

Ötən il Britaniyanın “Daily Mail” nəşri Diora Usmanovanın hazırda Moskvada uşaqlar üçün paltarlar tikdiyi və bu paltarların 5 min funt sterlinqə satıldığı barədə məqalə dərc etmişdi.

Prezident Mirziyoyev üçün ailə hər şeydən önəmlidir. “Əgər ailəsinə, uşaqlarının tərbiyəsinə diqqət ayırmırsa, həmin adamın kim olduğu, harada işlədiyinin heç bir mənası yoxdur”, – deyə Mirziyoyev ona həsr olunan “Cənab prezident” adlı sənədli filmdə bildirir.

Özbəkistan liderinin sevdiyi məşğuliyyətlər barədə məlumatlar çox deyil. Deyilənlərə görə, Mirziyoyev elmlə maraqlanır və texniki ixtiralar barədə məqalələr oxumağı sevir.

Yeri gəlmişkən, Mirziyoyevin prezident seçiləndən sonra ilk sərəncamlarından biri Uluqbekin adını daşıyan innovasiya mərkəzinin yaradılması barədə olub. Özbək lider hesab edir ki, tezliklə Orta Asiyanın özünün Silikon vadisi olmalıdır.

Yerli KİV-lərin yazdığına görə, Mirziyoyev üzüm tənəklərinə qulluq etməyi, meyvə və tərəvəz yetişdirməyi sevir. Xanımı isə yemək bişirməyi çox sevir. Və deyilənlərə görə, yaxşı yeməklər bişirmək bacarığı ona atası Muxmudcon Hoşimovdan keçib…

Tərcümə Strateq.az-ındır


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR