MÜƏLLİM, ZOOMÜHƏNDİS, “KOLXOZ” SƏDRİ…- Evində heç vaxt qulluqçu saxlamayan prezident Jeenbekov

20-10-2018, 20:32 337 dəfə baxılıb

MÜƏLLİM, ZOOMÜHƏNDİS, “KOLXOZ” SƏDRİ…- Evində heç vaxt qulluqçu saxlamayan prezident Jeenbekov



Sooronbay Jeenbekov 1958-ci ildə Qırğızıstanın cənubundakı Oş vilayətinin Kara-Kulca kəndində dünyaya gəlib. Atası Şarip Jeenbekov Oşun imkanlı və nüfuzlu adamlarından idi. Kolxoz sədri olan Şaripin özünün şəxsi təsərrüfatı vardı.

Ailədə üçüncü uşaq olan Sooronbayın beş qardaşı, dörd bacısı olub. Gələcəyin liderinə valideynləri ilə yanaşı, nənə-babası da böyük təsir göstərib. Bütün kənd uşaqları kimi Sooronbay da kiçik yaşlarından zəhmətkeş olub – ot biçib, əkib-becərib.

Sooronbayın yetişməsində atasının nəhəng kitabxanasının böyük rolu olub. Boş vaxtlarını buradakı kitabları oxumaqla keçirib.

Özü uşaqlıq illərini belə xatırlayır: “Mənim həyat hekayəm Sovet İttifaqındakı bütün uşaqların hekayəsinə bənzəyir. İnkişaf etmək və arzularımızı reallaşdırmaq imkanı yaradılan böyük ölkədə doğulub boya-başa çatmışıq”.

Təhsilini başa vurandan sonra Jeenbekov bir il kənd məktəbində rus dili və ədəbiyyatdan dərs deyib. Ölkə rəhbəri indiyə qədər də sinif yoldaşları ilə ünsiyyəti kəsməyib və kəndə gedəndə onlarla görüşüb söhbətləşir.

Sinif yoldaşı Sovetbek Junusovun dediyinə görə, Jeenbekovun liderlik xüsusiyyətləri hələ məktəb illərində üzə çıxmışdı.

Ali təhsili K.İ.Skryabin adına Qırğızıstan Kənd Təsərrüfatı İnstitutunda alan Jeenbekov tələbəlik illərini həyatının ən romantik dövrü kimi xatırlayır.

Dediyinə görə, əsl dostlarını təhsil aldığı illərdə tapıb. Tələbə yoldaşlarının sözlərinə görə, Soornbay onlara həm dərslərində, həm də başqa problemlərinin həllində həmişə dəstək olub.

1983-cü ildə zoomühəndis diplomu olan Jeenbekov “Sovet” “sovxoz”unda ixtisası üzrə işə başlayır. Və baş zoomühəndis vəzifəsinə qədər yüksəlir.

1988-ci ildən 1991-ci ilədək Kommunist Partiyasında rayon komitəsinin təlimatçısı vəzifəsini tutur. Sonrakı 5 ildə “kolxoz”a rəhbərlik edir.

Bazar islahatları aparmaq vaxtı gələndə Jeenbekov “kolxoz”un bütün mal varlığını 7 min işçi arasında bərabər qaydada bölüşdürür. Baxmayaraq ki, həmin vaxt bəzi sədrlər xidməti avtomobilləri, hektarlarla torpaq sahəsini və mal-qaranı mənimsəmişdilər.

1995-ci ildə parlamentə seçilən Jeenbekov o vaxtdan siyasətlə məşğul olur. Kənd təsərrüfatı naziri postunu tutanda fermerlərə “kolxoz” tipli kooperativlərdə birləşməyi təklif edir.



2010-c ildə Oş vilayətinin qubernatoru ikən karyerasını riskə ataraq etiraz mitinqlərində iştirak edir. 2017-ci ilin payızında Qırğızıstanın prezidenti seçilir. O, bu postda Almazbek Atambayevi əvəzləyir.

Yerli qanunvericilik Atambayevin yenidən prezident seçilməsinə imkan vermirdi. Ona görə də Atambayev bu postda öz adamını – Jeenbekovu görmək istəyirdi və bunun üçün bütün inzibati resursları işə salmışdı.

Atambayev seçkiöncəsi kampaniyaya birbaşa qoşularaq öz namizədinin təbliğatını aparırdı. Keçmiş prezident hətta Jeenbekova görə Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə də gərginlik yaşamışdı. Atambayevi narazı salan Qazaxıstan rəhbərliyinin Jeenbekova yox, müxalif namizəd Babanova dəstək verməsi idi. Nazarbayevin Almatıda Babanovla görüşməsi bu dəstəyin ifadəsi kimi qəbul olunmuşdu.

Bütün bunlara baxmayaraq, Jeenbekovun qələbəsindən az sonra tərəflər arasındakı münasibətlərdə ciddi soyuqluq yarandı. Atambayev Jeenbekovu naxələf varis gözündə görərək onu açıq şəkildə hədələməyə başladı.

Qırğızıstan hakim Sosial-Demokrat Partiyasının (QSDP) bu il martın 31-də keçirilən qapalı qurultayında Atambayev “səni mən yaratmışam, mən də batıracam” deyərək Jeenbekova ultimatum göndərdi. O, Jeenbekovu hakim partiyanın kursundan çıxıb parlamentarizmdən güclü prezident hakimiyyətinə meyllənməkdə və vicdansız məmurlarla əlaqələrdə ittiham etdi.

Keçmiş prezident düşünürdü ki, varisi onun jestini layiqincə qiymətləndirərək bütün dediklərini qeyd-şərtsiz həyata keçirəcək. Yəni prezident Jeenbekov olsa da, ölkəni faktiki olaraq Atambayev idarə edəcək. Lakin gözləntilər özünü doğrultmadı və Jeenbekov hakimiyyətə gələn kimi, güc strukturlarında və ədliyyə sahəsidə bir sıra dəyişikliklər etməyə başladı. Atambayevin əsas kadrlarından birini – baş prokuror İndira Joldubayevanı vəzifədən azad etdi. Aprelin 11-də ölkə parlamenti baş prokurorun istefa qərarını dəstəklədi.



Yeni prezident ölkədəki total rüşvətxorluqdan, rüşvət və korrupsiyanın məhkəmə və güc strukturlarını korlamasından və buna qarşı heç kimin mübarizə aparmamasından danışmağa başladı. Yerli müxalifətçilər deyir ki, bu cür çıxışlar korrupsiya ilə mübarizə haqda illərdir məruzə oxuyan Atambayevin mənliyinə güclü zərbə idi.

Jeenbekovun yaxın ətrafında olan şəxslərin mətbuata dediyinə görə, Qırğızıstan lideri üçün ailə müqəddəsdir. Ona görə də heç vaxt şəxsi həyatından danışmır, evdə isə işini müzakirə etmir.

Tələbəlik illərində subaylığın daşını atan Jeenbekov Oygül Tokoyeva adlı xanımla ailə qurub.

Birinci xanım həyat yoldaşını rəsmi tədbirlər zamanı nadir hallarda müşayiət edir. Və vaxtının bütün hissəsini ailəsinə, həmçinin kiçik ailə biznesinə (heyvandarlıq və tərəvəz yetişdirilməsi) həsr edir. O da məlumdur ki, prezidentin ailəsində heç vaxt qulluqçu olmayıb və bütün işləri birinci xanım görür.

Cütlüyün iki övladı var. Oğlanları hələ orta məktəbdə oxuyur.



Qızları Baktıgül Slavyan Universitetinin tələbəsidir və 2016-cı ildə deputat Aliyarbek Abjaliyevin oğlu ilə ailə həyatı qurub. Gənc cütlüyün Aliaskar adlı oğlanları var.

Jeenbekov tələbəlik illərində çox yaxşı voleybol oynayıb və komandanın kapitanı olub. İndi də boş vaxtlarında voleybol oynayan prezident bununla yanaşı, kitab oxumağı və piyada gəzməyi sevir. Rəsmi məlumatlara görə, Qırğızıstan liderinin 160 kvadratmetrlik evi, 30 hektara yaxın torpaq sahəsi, bağ evi, ticarət pavilyonu, MTZ-80 traktoru var. Həyat yoldaşının adına isə 64 kvadratmetrlik mənzil, kənd təsərrüfatı üçün nəzərdə tutulmuş 76 hektarlıq sahə var.

Qırğızıstanın əksər yüksək rütbəli məmurlarından fərqli olaraq, Jeenbekovun adı heç vaxt korrupsiya qalmaqallarına qarışmayıb. Tanıyanlar onun sadə insan olduğunu, sosial statusundan, gənc və ya yaşlı olmasından asılı olmayaraq hamı ilə ünsiyyət qurduğunu və həmsöhbətini təmkinlə sonadək dinlədiyini deyirlər…

Strateq.az


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR