Dünya iqtisadiyyatı təhlükə qarşısında: Azərbaycan üçün hansı risklər var? - belə davam edərsə...

7-01-2019, 19:07 459 dəfə baxılıb

Dünya iqtisadiyyatı təhlükə qarşısında: Azərbaycan üçün hansı risklər var? - belə davam edərsə...


2019-cu ildə dünya iqtisadiyyatının vəziyyəti əsasən, ticari müharibələrdən, neftin qiymətindən, Çin sahillərindəki konfliktlərdən və iki Avropa ölkəsinin vəziyyətindən asılı olacaq.Bloomberg Agentliyi 2019-cu ildə dünya iqtisadiyyatının inkişafı haqqında proqnoz hazırlayıb.Proqnozda qlobal inkişaf tempinə təsir edən ayrı-ayrı region və ölkələrin ssenarisi, siyasi risklərə nəzər əks olunub.

Ticari müharibələr

2019-cu ildə ölkələr arasında ticari qarşıdurmalar “qəddarcasına” olacaq.ABŞ prezidenti Donald Trampın gözlənilməz davranışları inkişaf ssenarisinə təsirsiz ötüşməyəcək.Bu özünü əsasən dünyanın iki iqtisadi gücü olan Çin-ABŞ münasibətlərində göstərəcək. Agentliyin ekspertlərinin fikrincə, 3 mövzunu diqqətdə saxlamaq lazımdır: ABŞ və Çin müştərək ticarət haqqında razılığa gələ biləcəklərmi, rəsmi Vaşinqton Avropa, Koreya və Yaponiyadan gətirilən avtomobil və ehtiyat hissələrinə yeni rüsum tətbiq edəcəkmi və ABŞ Konqresi Meksika və Kanada ilə ticari razılaşmaları ratifikasiya edəcəkmi. Bu istiqamətlərin hər birində yarana biləcək problem dünya iqtisadiyyatına birbaşa təsir göstərəcək.

Rusiya: Agentlik Rusiyadakı vəziyyəti dünyanın əsas riskləri siyahısına aid etmir. Lakin Rusiya iqtisadiyyatının inkişafı hesabatda öz əksini tapıb.Rusiya iqtisadiyyatını elə də böyük olmayan eniş gözləyir.Lakin bu eniş stabillik, uzunmüddətlilik naminə verilən düşünülmüş qurbanın göstəricisidir.Rusiyanı gözləyə biləcək əsas risklərdən biri sanksiyalardır.Əgər onlar çox sərt olsalar, rubl gözlənilmədən qiymətini itirəcək, inflyasiya səviyyəsi qalxacaq.

ƏDV-nin qalxması qısamüddətli periodda inflyasiyanın 6 faizə yüksəlməsinə və tələbin enməsinə səbəb olacaq. Buna görə də iqtisadiyyatın inkişafı ilin yekunlarında 1,4 faiz ola bilər. Həmin rəqəm 2018-ci ildə 1,6 faiz təşkil edib.

İtaliya: İtaliyada populist hökumət Avropa komissiyası ilə fiskal siyasətlə bağlı (Avropa İttifaqı xərcləri azaltmağı tələb edir) mübahisə yaşayır. Buna görə də italyan biznesi və əhali öz xərclərini azaltmağa başlayıblar.Bu trend 2019-cu ildə də davam edəcək. Ölkənin iqtisadiyyatı il ərzində 0,5 faiz artacaq. İtaliya iqtisadiyyatına inam azalsa, ölkə davamlı tənəzzül dövrünə keçə, kredit reytinqi düşə bilər.Buna görə də Avropa Mərkəzi Bankı ilə münasibətlərdə problem yaşama ehtimalı var. Ən pis halda rəsmi Roma maliyyə böhranı, Aİ-nin tələblərinə təslim olmaqla valyuta ittifaqından çıxma arasında seçim edə bilər.

Böyük Britaniya: Ölkənin Avropa İttifaqından çıxması mövzusunda qərarsızlıq Baş nazir Tereza Meyin və hökumətin istefası ilə nəticələnə bilər. Bu ehtimalı agentlik çox yüksək qiymətləndirir.Avropa İttifaqından çıxış potensial yüksəlişin 2030-cu ilə qədər 7 faizə qədər itirilməsi ilə nəticələnəcək.

Neft: Neft qiymətlərinə ABŞ və İran arasındakı münasibətlər birbaşa təsir edəcək. Bundan başqa OPEC-in neftin hasilatı ilə bağlı müəyyən etdiyi səviyyə və ABŞ-la Səudiyyə Ərəbistanı arasındakı əlaqə də həlledici faktordur.Prezident Donald Tramp bəyan edib ki, jurnalist Camal Qaşıqçının qətlinin iki ölkə arasındakı münasibətlərə təsir etməsini istəmir.Məlumdur ki, bu iki ölkə arasında istənilən problem neft qiymətlərində özünü göstərə bilər.

Asiyada konfliktlər

Bu bölgədə əsas risklər Çin və onun qonşu ölkələrə münasibətilə bağlıdır.Agentlik istisna etmir ki, ABŞ-ın Tayvana artan dəstəyi və Cənub-Çin dənizində hərbi təlimlər rəsmi Pekinlə qarşıdurmalara gətirib çıxara bilər.

Maraqlıdır, Azərbaycan sadalanan risklərdən sığortalanıbmı?

İqtisadçı-ekspert Vüsalə Əhmədova “Cümhuriyət” qəzetinə bildirib ki, 2019-cu ildə, əsasən, ABŞ və Çin arasında ticarət müharibəsinin dünya iqtisadiyyatı üçün əsas risk daşıyacağı proqnozlaşdırılır:

“Qeyd edilir ki, əgər ABŞ Çindən idxal olunan bütün mallara rüsum tətbiq edərsə, bu zaman Çinin 2019-cu ildə ÜDM-u 1,5 faiz azala bilər. Bu isə dünya iqtisadiyyatındakı artımın 5 faiz azalması deməkdir.Bundan əlavə, İtaliyadakı iqtisadi vəziyyətə toxunulur. Xatırladım ki, İtaliya hökuməti seçkiöncəsi verilən vədləri yerinə yetirmək üçün 2019-cu ilin büdcə kəsirini ÜDM-un 2 faizdən 2,4 faizədək artırdı, hansı ki, AB buna qətiyyətlə qarşı çıxdı. Böyük Britaniyanın heç bir razılaşma olmadan Avropa İttifaqından ayrılacağı da dünya iqtisadiyyatı üçün növbəti təhdid sayılır.Böyük Britaniya iqtisadiyyatının 2030-cu ilədək təqribən 7 faiz azalacağı gözlənilir ki, bu da neft qiymətlərinə təsir edə bilər. Böyük iqtisadiyyatlar arasında ticarət qarşıdurmalarının artma ehtimalı 2019-cu ildə dünya iqtisadiyyatındakı artımın 1,8 faiz olacağını göstərir. Dünya iqtisadiyyatının artım tempindəki azalmaların dolayı yolla iqtisadiyyatımıza da sirayət edəcəyini düşünürəm.Danılmaz faktdır ki, manatın məzənnəsini şərtləndirən əsas amil neftdir.Dünya iqtisadiyyatındakı geriləmə isə birbaşa neftə olan tələbatın azalması deməkdir.Digər tərəfdən, ötən ilin sonundan etibarən ABŞ, Səudiyyə Ərəbistanı və Rusiya neft hasilatını rekord həddədək artırdılar.Bu amillər neftin qiymətinin sürətlə azalmasına gətirib çıxaran əsas faktorlardır”.

Ekspertin sözlərinə görə, 2019-cu il üçün ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı neft təchizatı üzərində hakimiyyətlərini saxlayacaqlar:

“Nəzərinizə çatdırım ki, Brent markalı neftin qiymətinin azalması Rusiya istehsalçılarına yanacaq qiymətlərini saxlamağa kömək edir. Qiymətlərin enməsi bu ölkənin istehlakçıları üçün də faydalı olduğunu düşünürəm.Brent markalı neftin qiymətində azalma təbii ehtiyatların hasilat vergisinin azalmasına gətirib çıxarır hansı ki, bu da istehsal edilən yanacağın dəyərinə təsir göstərir.Bu vəziyyətdə yanacaq doldurma stansiyalarında qiymətlərin saxlanılması daha asan olur.ABŞ-a gəlincə, dekabr ayının ikinci yarısından etibarən ABŞ-ın xam neft ehtiyatlarında əhəmiyyətli dərəcədə artım olduğu göründü. 2019-cu il üçün şist neft istehsalının artım proqnozu da çox güclüdür. Şist neft hasilatının 2019-cu ildə də bazara hakim olacağını və qiymətlərdə azalmanın davam edəcəyini düşünürəm.Qiymətlərin düşməsi Səudiyyə Ərəbistanını bir qədər narahat edir deyə bilərik. Səudiyyə Ərəbistanı 2019-cu il üçün dövlət büdcəsi xərclərini əhəmiyyətli dərəcədə artıracağını bəyan edib. Öz büdcəsini balanslaşdırması üçün neft qiymətlərinin yüksəlməsi Səudiyyə Ərəbistanının maraqlarına xidmət edir. Bu üzdən də Səudiyyə Ərəbistanı OPEC+ üzvlərindən hasilatı sutkalıq 1,0-1,4 milyon barel məhdudlaşdırmağı tələb edir. Ancaq Tramp və Putinin Məhəmməd Bin Salman ilə razılaşacağını düşünmürəm”.

Vüsalə Əhmədova hesab edir ki, neft qiymətləri hələ bir neçə ay 55 dollar səviyyəsində olacaq:

“Qənaətimcə, OPEC və Rusiyanın hasilatı məhdudlaşdırması kifayət qədər deyil. Rusiya və OPEC dekabr ayının əvvəlində neft hasilatının azaldılması ilə bağlı razılığa gəldilər. Yanvar ayında qüvvəyə minəcək hasilat azaldılmasına görə Səudiyyə Ərəbistanı sutkada 400 min barel, Rusiya isə 228 min barel hasilatı azaldacaq. Rəqəmlərə diqqətlə nəzər salsaq, ABŞ-ın ötən ilin iyun-noyabr ayları üzrə hasilatı sutkada 1 milyon barel artırdığı halda, Rusiya və Səudiyyə Ərəbistanının göstərilən miqdarlarda hasilatı azaltması əhəmiyyətli görünmür. Bu bazarda qiymət artımını təmin etmək üçün kifayət deyil. Yalnız ilin ikinci yarısından etibarən İran sanksiyalarından dolayı bazarda xammal çatışmazlığı yaşanacağı halda, neftin bareli 70-85 dollaradək yüksələ bilər. Hökumət tərəfindən ani devalvasiya həyata keçirilməzsə, göstərilən faktorlar manatın məzənnəsinin 2019-cu ildə bir qədər stabil olacağını deməyə əsas verir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR